Tramp yeni qlobal tarif dərəcəsini elan etdi


ABŞ Prezidenti Donald Tramp digər ölkələrdən ABŞ-a idxal edilən məhsullara tətbiq olunan qlobal tarif dərəcəsinin 10%-dən 15%-ə qaldırılacağını açıqladı.

Turkustan.az xəbər verir ki, Donald Tramp məsələ ilə bağlı özünün American Truth Social hesabında şərh verib.

Ali Məhkəmənin dünən açıqladığı tariflərlə bağlı qərarına cavab olaraq, Tramp aylarla davam edən müzakirələrdən sonra elan edilən qərarı "gülünc, pis yazılmış və son dərəcə anti-Amerika" adlandırıb.

Tramp bildirib ki, "hərtərəfli, ətraflı və tam" araşdırmaya əsasən, dünya ölkələrinə tətbiq olunan 10% tarif dərəcəsini dərhal 15%-ə qaldıracaq.

Tramp administrasiyasının qarşıdakı aylarda qanuni olaraq icazə verilən yeni tarifləri müəyyən edib elan edəcəyini qeyd etdi və bildirdi ki, onlar "Amerikanı yenidən böyük etmək" prosesini davam etdirəcəklər və bunu "qeyri-adi dərəcədə uğurlu" adlandırdı.

Dünən ABŞ prezidenti Tramp 1974-cü il Ticarət Qanununun 122-ci maddəsinə əsasən bütün ölkələrə 10 faiz qlobal tarif tətbiq edən qərar imzalayıb.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ