Azərbaycan Respublikası Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirməyə görə təqsirləndirilərək 20 il müddətinə azadlıqdan məhrum edilən erməni oliqarx Ruben Vardanyan ailəsilə danışıb.
Turkustan.az modern.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistan KİV-nin məlumatında bildirilib.
Məlumata görə, onun ailəsilə baş tutan telefon danışığı hökm oxunduqdan sonra gerçəkləşib.
Telefon danışığı zamanı Ruben Vardanyan onu dəstəkləyən hər kəsə təşəkkür edib.
Vardanyan ailə üzvlərilə danışarkən 14-cü əsrin sonu, 15-ci əsrin əvvəllərində yaşamış dahi Azərbaycan şairi İmadəddin Nəsiminin qəzəlini də səsləndirib.
Məlumata görə, Vardanyan Nəsiminin qəzəlini Konstantin Simonovun tərcüməsində oxuyub.
Həmin qəzəlin “Məndə sığar iki cahan, mən bu cahanə sığmazam” olduğu bildirilib.
Vardanyan qəzəlin onda ciddi rezonans doğurduğunu qeyd edib. O, qəzəli səsləndirərkən bəzi sözləri dəyişib və buna görə Nəsimi poezayasını sevənlərdən üzr istəyib.
Xatırladaq ki, Bakı Hərbi Məhkəməsində hökm oxunmazdan əvvəl çıxış edən Ruben Vardanyan həbsxanada qaldığı iki il müddətində Azərbaycan poeziyası ilə tanış olduğunu söyləmişdi.
Fevralın 10-da baş tutan məhkəmə prosesində Vardanyan Azərbaycanın dahi şairləri Məhəmməd Füzulinin şeirini və Hüseyn Cavidin poemasından bir hissəni rus dilində oxuduğunu demişdi. Məhkəmədə Vardanyan Füzulinin “Padişahi-mülk” qitəsini səsləndirmişdi.
Bakı Hərbi Məhkəməsi Ruben Vardanyana 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası kəsib. O, cəzasının ilk 10 ilini həbsxanada, qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəsisəsində çəkəcək.