Medianın İnkişafı Agentliyinin (MEDİA) yaranmasının 5 ili tamam oldu.
Bu o dövrə təsadüf etdi ki, artıq Azərbaycanda çap mediası öz yerini onlayn mediaya verirdi.
Belə bir keçid məqamında MEDİA-nın tamamilə fərqli bir formada ortaya çıxması labüd idi. Artıq ölkənin milli media quruluşları müasir tendensiyalarla ayaqlaşmalı, yeni çağırışlara uyğun formata keçməsi zərurətə çevrilmişdi. Bu mənada, MEDİA ötən beş il ərzində bir sıra uğurlara imza ata bildi.
MEDİA-nın 5 illik fəaliyyətində təqdir olunmalı ən ciddi məqam cəmiyyətin mediaya etimadının artması oldu.
“Media haqqında” yeni qanununun qəbulu prosesi ilə bu sahədə fərqli və ciddi düzən yaranmış oldu. İnformasiya sahəsində bir durulma, aydınlaşma başladı. Bir çox məsələlərə aydınlıq gətirildi.
Artıq “reket mətbuatı” anlayışı tədricən gündəmdən çıxmağa başladı. Açığı, əvvəllər bu qanunun parlamentdə müzakirəsi zamanı həm cəmiyyətdə, həm də beynəlxalq qurumlarda narahatlıq var idi ki, Azərbaycanda media mühiti daraldılır, jurnalistlərin fəaliyyətinə maneələr artır. Xüsusən, yeni qanunun tələblərinə görə media subyektlərinin qeydiyyata alınmasından, reyestrdən ciddi narahatlıqlar var idi.
O zaman belə bir qorxu var idi ki, hökumət müstəqil və tənqidi medianı reyestrə daxil etməyəcək, onlara problem yaradılacaq, amma prosesin ilk mərhələsində hökumətin əsas tənqidçisi kimi tanınan “Turan” informasiya agentliyi reyestrə daxil edildi.

Azərbaycanda insan haqları mövzularını prioritet hesab edən elə Gununsesi.info ilə də bağlı problem olacağını düşünürdük.
Yaxşı ki, sonrakı proseslərdə konkert olaraq, MEDİA tərəfindən fəaliyyətimizə qarşı hər hansı təzyiq görmədik. Düzdür, belə təzyiqlərdən yaxa qurtara bilmədik, amma bu təzyiqlər MEDİA-dan deyil, ayrı-ayrı dövlət qurumlarından gəlir.
Hətta maliyyələşmə ilə bağlı qrant müsabiqələrində müsbət cavablar almağımız bir sıra beynəlxalq qurumlarda, Bakıdakı Avropa səfirliklərində də təəccüblə qarşılanmışdı. Avropalı diplomatlarla hər görüşümüzdə “nə əcəb, sizə də qrant verildi“, yaxud, “bundan sonra sizin insan haqları ilə bağlı yazılarınıza qadağa qoyulmur ki?” kimi sualları çox eşitdik.
Təbii ki, Azərbaycanda birmənalı şəkildə iddia etmək olmaz ki, tam azad media var. Belə olsaydı, mediamız özünü çox xoşbəxt hiss edərdi. Belə olsaydı, biz həbsdəki çoxsaylı jurnalistlər sarıdan narahatlıq keçirməzdik. Bu məsələ bütün vicdanlı insanları narahat edir və biz belə hesab edirik ki, ölkədə jurnalist həbslərində problemin bir ucu da məhkəmə-hüquq sistemi ilə bağlıdır və bu sahədə islahatlara çox ciddi ehtiyac vardır.