Son illərdə dünyada gedən geosiyasi gərginliklərin və davam edən qlobal müharibələrin iqtisadiyyata təsiri açıq şəkildə hiss olunur.
Məhz beynəlxalq bazarlarda yaranan qeyri-sabitlik bir çox ölkələrdə iqtisadi çətinliklərə səbəb olub. Belə bir şəraitdə Azərbaycanda milli valyuta olan manatın mövcud təzyiqlərə nə dərəcədə davam gətirəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.
Bəs hazırki iqtisadi sıxıntılar fonunda manat bu təzyiqə davam gətirəcəkmi?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı Akif Nəsirli bildirib ki, qlobal gərginliklər və müharibələr həqiqətən də dünya iqtisadiyyatında qeyri-müəyyənliyi artırır və bu proseslərdən Azərbaycan da tam kənarda qala bilməz.
Onun sözlərinə görə, manatın dayanıqlılığı əsasən ölkənin maliyyə ehtiyatları, neft-qaz gəlirləri, tədiyyə balansı və Mərkəzi Bankın apardığı pul-kredit siyasəti ilə bağlıdır:
“Hazırda Azərbaycanın strateji valyuta ehtiyatları kifayət qədər yüksəkdir və bu, manat üçün əsas qoruyucu amillərdən biridir. Dövlət büdcəsinin və ixracın böyük hissəsinin enerji sektoruna söykənməsi qısa və orta müddətdə manatın sabitliyini dəstəkləyir”.
O qeyd edib ki, manatın uzunmüddətli sabitliyinin təmin olunması isə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun dayanıqlı inkişafından birbaşa asılıdır:
“Eyni zamanda, xarici risklər, dünya bazarlarında enerji qiymətlərinin dəyişməsi və qlobal iqtisadi tənəzzül ehtimalları müəyyən təzyiqlər yarada bilər. Bu səbəbdən manatın tam risksiz olduğunu demək olmaz.
Lakin mövcud şəraitdə ehtiyatların olması və tənzimləyici qurumların sərt nəzarəti manatın yaxın dövrdə kəskin dəyər itirməsi ehtimalını azaldır. Uzunmüddətli sabitlik isə iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafından birbaşa asılıdır”.