ABŞ Prezidenti Donald Tramp yanvarın 13-də İranın ali rəhbərliyinin addımlarına necə cavab verilməsi məsələsini müzakirə etmək üçün ən yaxın müşavirləri ilə iclas keçirib.
Turkustan.az xəbər verir ki, "The New York Times"ın mənbələrinə görə, iclasda Pentaqon Trampa mümkün cavab variantlarının olduqca geniş spektrini təqdim edib.
Təkliflər arasında 2025-ci ilin 13–25 iyun tarixlərində baş vermiş və 12 gün davam etmiş müharibə zamanı ABŞ zərbələrinə məruz qalmayan İranın nüvə obyektlərinin bombalanması, həmçinin ballistik raketlərin istehsal mərkəzlərinin məhv edilməsi də yer alıb.
Bununla yanaşı, “daha yumşaq” ssenarilər - kiberhücumlar və küçələrdə güc tətbiqinə cavabdeh olan İran təhlükəsizlik aparatının mövqelərinə dəqiq zərbələr də müzakirə olunub. Mənbələr hərbi əməliyyatların ən tez halda bir neçə gündən sonra başlaya biləcəyini bildiriblər.
Məlumata görə, ABŞ administrasiyası daxilində bu məsələyə yanaşmalar fərqlidir. Belə ki, bəzi rəsmilər hərbi müdaxilənin İranda davam edən etirazlara zərər verə biləcəyini düşünür.
Digər qrup isə əməliyyatın gecikdirilməməsinin vacib olduğunu hesab edir və Tehranın Vaşinqtonla danışıqlara hazır olduğunu bildirməsini sadəcə hərbi qarşıdurmanı təxirə salmaq cəhdi kimi qiymətləndirir.
Qeyd edək ki, Tramp bu gün sosial media hesabında İran xalqını qurumları ələ keçirməyə çağırıb. O, köməyin yolda olduğunu bildirib. /modern.az/