Bu, həm İranın sabitliyi, həm də bütün regionun təhlükəsizliyi üçün ən doğru yoldur


Prof. Dr. Burhan Sayılır: İndiki məqamda əsas təmənnamız odur ki, İranda baş verən proseslər normal məcraya yönəlsin, hakimiyyət xalqın sosial tələblərinə qulaq assın, etirazçılar isə sülh və dialoq yolunu seçsinlər

“Bu gün ətrafımızda arzulamadığımız, istəmədiyimiz proseslər baş verir. Bəzən sanki bir böhran dairəsinin içinə alınmışıq kimi bir vəziyyət yaranır. Xüsusilə İranla bağlı məsələyə gəldikdə isə, bəli, orada baş verənlər istər-istəməz həm Azərbaycana, həm də Türkiyəyə və deməli Türk dünyasına təsir göstərəcək. Bu qaçılmazdır”.

Bunu İrandakı son olayları dəyərləndirən Anadolu Universiteti Heydər Əliyev Tətbiq və Tədqiqat Mərkəzinin müdiri Prof. Dr. Burhan Sayılır deyib.

Hazırda həm də Anadolu Universiteti Ədəbiyyat Fakültəsi Tarix Bölümünün başqanı olan Prof.Dr. Burhan Sayılır məsələyə siyasi baxımdan deyil, bir qədər daha geniş, tarixi kontekstdən yanaşmaq istədiyini bildirib: “Öncə onu xüsusi olaraq vurğulayım ki, tarix boyu Azərbaycan türkləri və ümumilikdə türklər İran coğrafiyasında dövlətçiliyin formalaşmasında və inkişafında mühüm rol oynayıblar. Bu, danılmaz bir həqiqətdir. Bu gün də Güney Azərbaycan başda olmaqla milyonlarla Azərbaycan türkü İranın sosial və siyasi həyatının mühüm tərkib hissəsidir. Hətta İranın mövcud prezidenti də etnik mənsubiyyətinə görə Azərbaycan türkdür. Müxtəlif idarəetmə strukturlarında da Azərbaycan türklərinin bu və ya digər formada təmsil olunması mövcuddur. İranda gedən son proseslərə münasibətdə isə ən böyük istəyimiz gərginliyin tez bir zamanda səngiməsi, heç bir şəxsin, həmçinin türk övladının qanının axmamasıdır. Hesab edirəm ki, mövcud vəziyyətdən çıxış yolu yalnız dialoq və sülh vasitələrindən keçməlidir”.

Professor ümid etdiyini bildirib ki, həm İran hakimiyyəti, həm də etiraz edən kütlələr problemlərin məhz dialoq və danışıqlar yolu ilə həllinə üstünlük verəcəklər: “Küçələrdə səsləndirilən sosial tələblər dialoq kanalları ilə hakimiyyətə çatdırılmalı, hakim dairələr isə bu tələbləri nəzərə alaraq müsbət addımlar atmalıdır. Belə bir yanaşma həm İranı daxili qarşıdurmadan qoruyar, həm də region üçün yarana biləcək təhlükələrin qarşısını alar. Əks halda, yəni ölkədə vətəndaş qarşıdurması baş verərsə, bu, çox ciddi nəticələr doğura bilər. Belə bir ssenari ilk növbədə İran vətəndaşları üçün faciə olar – milyonlarla insan doğma yurdundan didərgin düşər, bu isə həm demoqrafik, həm də tarixi baxımdan ağır zərbə deməkdir. Digər tərəfdən isə kütləvi qaçqın axını baş verər ki, bu da istər Azərbaycan, istərsə də Türkiyə üçün əlavə sosial, iqtisadi və təhlükəsizlik problemləri yarada bilər. Nə qədər qardaşlıq, dostluq münasibətlərindən danışsaq da, kütləvi miqrasiya və qaçqın axını hər bir ölkədə narahatlıq və gərginlik doğurur. Ona görə də indiki məqamda əsas təmənnamız odur ki, İranda baş verən proseslər normal məcraya yönəlsin, hakimiyyət xalqın sosial tələblərinə qulaq assın, etirazçılar isə sülh və dialoq yolunu seçsinlər. Bu, həm İranın sabitliyi, həm də bütün regionun təhlükəsizliyi üçün ən doğru yoldur”.


MANŞET XƏBƏRLƏRİ