Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyəti (1918-20) dövründə Şuşa qəzasının Quzanlı və ətraf kəndlərdə səlahiyyətli nümayəndə vəzifəsində çalışmış, yüzbaşı Sarı Həsənoğlunun baxımsız qalmış məzarı bərpa edilib.
Bu barədə Turkustan.az-a Quzanlı Ziyalıları Birliyinin sözçüsü, jurnalist Elman Cəfərli məlumat verib. Onun sözlərinə görə, Quzanlı qəsəbəsi ərazisində, Xaçın çayına gedən yolun üzərində, bir zamanlar mövcud olmuş Sofulu kəndinin girəcəyində baxımsız vəziyyətdə olan məzar Quzanlı Ziyalıları Birliyinin təşəbbüsü və əslən Quzanlıdan olan politoloq Emin Həsənlinin şəxsi vəsaiti hesabına abadlaşdırılıb.
Qeyd edək ki, AXC dövründə yüzbaşılar bölgələrdə indiki anlayışla ərazi üzrə sahə müvəkkili, eyni zamanda koxa vəzifəsini icra edirdi. Onlar qubernator, qəza rəisləri yanında fəaliyyət göstərir, rayon və qəsəbələrdə asayişi təmin edir, inzibati-polisi funksiyaları yerinə yetirir, hökumətin qərarlarını icra edirdilər.
Yüzbaşılar cümhuriyyət ordusunun mükəlləfiyyətlisi olaraq həm də hərbi rütbə daşımaqla müharibə olacağı təqdirdə təhkim olunduğu bölgə üzrə yüz nəfərlik bölüklərə rəhbərliyi həyata keçirirdilər.
Quzanlı-Sofulu kəndlərində böyük nüfuza malik olan Sarı Həsənoğlu Qarabağ bölgəsindən Gəncəyə, Qafqaz İslam Ordusuna sursat və qida yardımı kampaniyasının əsas təşkilatçılarından biri idi.
AXC hökumətinin sadiq məmuru olan Sarı Həsənoğlu 1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyəti Rusiya tərəfindən işğal edildikdən sonra “sinfi düşmən” elan edilərək güllələnib.