Prezidentin açılışını etdiyi hərbi zavod nə istehsal edəcək?


Prezident İlham Əliyev yanvarın 13-də Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib.

Turkustan.az xəbər verir ki, dövlət başçısı müəssisədə yaradılmış şərait və yeni istehsal xətləri ilə tanış olub.

Müdafiə sənayesi naziri Vüqar Mustafayev məlumatına görə əsası 1978-ci ildə Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş zavod artıq "Azərsilah" Müdafiə Sənayesi Holdinqi” QSC-nin yerli mütəxəssisləri tərəfindən ən müasir texnoloji standartlara uyğunlaşdırılıb.

Müəssisədə yüksək dəqiqlikli avadanlıqları quraşdırılıb və beynəlxalq keyfiyyət standartlarına nəzarət üçün xüsusi laboratoriya, eləcə də ballistik sınaq poliqonları yaradılıb.

Azərbaycanın müdafiə sənayesi sürətlə inkişaf edir. Ötən ilin yekunlarına əsasən, ölkəmizdə 1,4 milyard manat dəyərində hərbi təyinatlı məhsul istehsal olunub. Hazırda yerli istehsal olan hərbi məhsullar dünyanın 20-yə yaxın ölkəsinə ixrac edilir.

Tərtər elektromexanika zavodu da bu zəncirin mühüm halqası kimi həm Silahlı Qüvvələrin arsenalının zənginləşməsinə, həm də ixrac potensialının artırılmasına xidmət edəcək.

Hərbi ekspert Ramil Məmmədli Modern.az – a açıqlamasında bildirib ki, Azərbaycan müdafiə sənayesi sektorunun inkişafı istiqamətində atdığı addımlardan biri yeni müdafiə sənayesi müəssisələrinin tikilməsidir:

“Tələbat artdıqca istehsal sahəsinin genişləndirilməsi zərurəti yaranır, lakin mövcud zavod və fabriklərdə həcmi artırmaq mümkün deyil. Bu baxımdan yeni müəssisələrin tikilməsi və yeni məhsulların hazırlanması doğru və strateji addımdır. Tərtər və digər bölgələrdə hərbi təyinatlı zavod və fabriklərin, konstruktor bürolarının yaradılması yalnız Azərbaycanın müdafiə sənayesi sektorundakı mövqeyini gücləndirmir, həm də regionlarda iqtisadi və sosial inkişafı stimullaşdırır.

Mütəxəssislərin formalaşması üçün regionlarda belə müəssisələrin açılması olduqca vacibdir. Sovet dövründə də bölgələrdə hərtərəfli müəssisələr fəaliyyət göstərirdi, lakin müəyyən səbəblərdən dayandırılmışdı. Yeni açılan müəssisələrdə Azərbaycan üçün zəruri silah və texnikaların, eləcə də onların ehtiyat hissələrinin istehsalı həyata keçiriləcək. Bu isə ümumi olaraq müdafiə sənayesi kompleksinin inkişafına töhfə verəcək. Prezidentin bu məsələlərə diqqəti və birbaşa iştirakı sahənin güclənməsinə böyük təsir göstərəcək”.

Ekspert qeyd edib ki, ikinci Qarabağ müharibəsindəki zəfərimizdən sonra Azərbaycan hərbi sənaye istehsalı məhsullarında mübadilə coğrafiyasını genişləndirib. Son dövrlər Asiyanın inkişaf etmiş ölkələri (Çin, Pakistan) ilə idxal aparılır:

“Ordumuz hazırda “Kobra2” zirehinə, “Vikinq” zenit-raket sistemi, “HQ-9” hava hücumundan müdafiə sistemi, Hərbi Hava Qüvvələri sahəsində “JF – 17C” döyüş təyyarəsi (Çin və Pakistan), “Skystriker” pilotsuz uçuş aparatına sahibdir", - ekspert deyib.


MANŞET XƏBƏRLƏRİ