Avropa Parlamentinin üzvü Çarli Vaymers sosial mediada Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasa müraciət edib. Vaymers İran müxalifətinin lideri kimi şahzadə Rza Pəhləvi ilə görüşməyin vaxtının çatdığını bildirib.
Hazırda ABŞ-da yaşayan İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Tehran hakimiyyətinə iddialıdır. Hətta bir müddətdir İranda davam edən etirazlarda onun ölkəyə qayıtması və hakimiyyəti ələ alması üçün çağırışlar edilir.
Globalinfo.az-a danışan siyasi şərhçi Kazım Kazımov deyib ki, 1979-cu il inqilabı nəticəsində İrandan qovulmuş şahın oğlu Rza Pəhləvi yenidən aktivləşib və xalqa “küçələrə çıxın” çağırışı edib:
“Rza Pəhləvi bundan əvvəl İran üçün əlində keçid planının olduğunu və bunu Trampla müzakirə etmək istədiyini açıqlamışdı. Lakin tacsız şəhzadəyə Ağ Evdən hər hansı bir pozitiv cavab verilmədi. Bütün bunların fonunda Pəhləvi həm ABŞ-a, həm də İsrailə İran daxilindəki siyasi çəkisini göstərmək üçün mitinq çağırışı etdi.
İranda bu gün etirazları əsasən gənclər, ticarətçilər və kasıb əhali təşkil edir. Kəskin devalvasiya və onun inflyasiyaya katalizator təsiri ölkənin mərkəzi şəhər və rayonlarına yayılıb.
Bu da o deməkdir ki, etiraz edən əsas kütlə fars mənşəli vətəndaşlardır. Əlbəttə, bu kütlə arasında şah rejiminə və onun 54 illik şovinist siyasətinə rəğbət göstərənlər də var. Etirazçıların bir hissəsi də “hakimiyyətə kim gəlirsə gəlsin” düşüncəsiylə ən populyar sima olan Rza Pəhləvini dəstəkləyir. Lakin hər fars etirazçı şah tərəfdarı deyil, hətta Pəhləvilərin zülmünü xatırlayanlar az deyil.
Etirazçılar arasında 1979-cu il inqilabında iştirak edən, lakin sonra sistemdən atılmış Tudəçi solçular, Milli Cəbhəçi millətçilər və liberallar, mühafizəkarlar var. Eyni zamanda həm Pəhləvilərlə, həm də bu günkü hakimiyyətlə eyni dərəcədə düşmən olan Xalq Mücahidləri mövcuddur. Bütün məhrumiyyətlərə rəğmən, 1979–1983-cü illərdə sistemdən atılmış bu qruplar varlığını qoruyub. İnqilab sonrasında İranda bircə “şahçılıq” inkişaf etməyib. Bu da Pəhləvi ailəsinin İranda sosial dəstəyinin olmamasının ən bariz nümunəsidir”.

Kazım Kazımov
Siyasi şərhçi bildirib ki, Pəhləvi ailəsi başda azərbaycanlılar olmaqla qeyri-fars etnik qruplar tərəfindən nifrətlə xatırlanır:
“Çünki Rza Pəhləvinin atası və babası on minlərlə soydaşımızı, həmçinin digər xalqların nümayəndələrini qətlə yetirib.
Digər tərəfdən, Rza Pəhləvi 16 yaşında İrandan çıxıb və 1977-ci ildən bəri ölkəsinə ayaq basmayıb. Bioloji baxımdan fars olsa da, əslində sosial baxımdan çoxdan amerikalı olub, çünki 48 ildir ABŞ-da yaşayır. Xalqından düşüncə olaraq çoxdan qopub.
Sadəcə iddialı anası Fərəh Pəhləvi başda olmaqla (o, xatirələrində oğlunu əsl şah kimi yetişdirdiyini deyir) keçmiş əyanlar tərəfindən edilən təlqinlər nəticəsində özünü şah kimi görür. Ümumiyyətlə, Qərb dairələrinin Rza Pəhləvi üzərində konsensusa gələcəyini düşünmürəm. İran şahının oğlundan inqilabçı olmaz”.