Sabahdan etibarən Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə sayca 8-ci “Kənddən Şəhərə” Yeni il yarmarkası fəaliyyətə başlayır. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təşkil olunan yarmarka 30 dekabr tarixinədək 10 gün müddətində davam edəcək.
Turkustan.az xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.
Bildirilir ki, yarmarkanın əsas məqsədi kiçik və orta fermer təsərrüfatlarında istehsal olunan məhsulların bazara çıxışını dəstəkləmək, fermerlərə alternativ satış kanalları təqdim etmək və bayram ərəfəsində şəhər sakinlərini yerli, keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir.
Yarmarkada ölkənin 35 regionundan gələn 80-ə yaxın fermer, təsərrüfatlarında yetişdirdikləri 140-dan artıq məhsul çeşidini satışa çıxaracaq. Yarmarkada satışa çıxarılan məhsulların keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Məhsulların keyfiyyəti ilə bağlı sualı yaranan vətəndaşlar yarmarkada fəaliyyət göstərən Səyyar Qida Laboratoriyasına müraciət edərək məhsuldan analiz verə bilərlər.
Qeyd edək ki, fermerlər yarmarkada satış üçün yer, piştaxta, tərəzi və digər lazım olan avadanlıqlarla ödənişsiz təmin olunurlar. Yarmarka Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı, Atatürk parkının qarşısı) ünvanında fəaliyyət göstərir. /axar.az/