Elm və Təhsil nazirinin müsahibəsinə sözardı


Bu gün gündəmdə olan Elm və Təhsil Nazirimizin çıxışını izləyir və bir pedaqoq, eyni zamanda İctimai Birlik rəhbəri kimi öz fikirlərimi bildirmək istəyirəm. Qeyd edim ki, bütün çıxışı təhlil etmək niyyətində deyiləm. bəzi məqamlarda Nazir haqlıdır, biz görmədiyimizi o görür, qərar verən tərəf də odur.

Lakin qəbul edə bilmədiyim və ciddi narahatlıq doğuran məsələlər var. Onlardan biri Azərbaycan dövlətində rus dilində tədris aparılan siniflərin mövcudluğudur. Mənim fikrimcə, bu məsələ mütləq şəkildə qayda və qanunlarla tənzimlənməlidir. Rusdilli siniflər yalnız o halda mövcud ola bilər ki, həmin ərazidə rus millətindən olan vətəndaşlar say baxımından üstünlük təşkil etsin. Bu yanaşma da rayon-rayon, ərazi-ərazi araşdırılaraq tətbiq edilməlidir.

Axı niyə nazirin də etiraf etdiyi kimi, azərbaycanlı bir valideyn özü rus dilini bilmədiyi halda övladını rusdilli məktəbə vermək istəyir? Bu hal bizim milli birliyimiz və milli kimliyimiz üçün ciddi təhlükə deyilmi? Bu, mənim şəxsi mövqeyimdir. Əlbəttə, bu mövzu emosiyalarla deyil, mövcud qanunvericilik dərindən araşdırılmaqla, geniş müzakirə edilərək və sağlam həll yolları tapılmaqla çözülməlidir. Məqsəd bir sinifdə 46 şagird oxudaraq, rusdilli, öz dilinə və milli kimliyinə biganə nəsil yetişdirmək olmamalıdır.

Toxunmaq istədiyim ikinci və ən vacib məsələ isə kənd məktəblərinin ləğv edilərək onlayn təhsil sisteminə keçirilməsi ideyasıdır. Kəndlərdə internet probleminin mövcud olduğunu nəzərə alaraq, illər öncə bir ictimai birlik sədri kimi bu məsələ ilə bağlı araşdırma apardım və problemin həlli üçün öz imkanlarım və savadım çərçivəsində addımlar atmağa çalışdım. Bu məqsədlə telekommunikasiya şirkətlərinə müraciət etdim və onlardan belə bir cavab aldım:
“Əgər bir kəndə internet çəkiləcəksə, bunun aylıq xərci yaranır və bu xərci kənd əhalisi qarşılamaq istəmir. Ən yaxşı halda 1-5 ailə razılaşır ki, bu da şirkət üçün iqtisadi baxımdan sərfəli deyil. Dövlətin isə bu xərci qarşılamağa maraqlı olmadığı bildirildi.”

Bu cavabdan sonra bu mövzuda əlavə söz deməyə əsas qalmadı və məsələni bir kənara qoydum. İndi isə Nazirimiz kəndlərdə onlayn təhsildən danışır. Bu isə o deməkdir ki, kəndin hər bir evinə stabil internet şəbəkəsi çəkilməlidir. Bunun nə qədər böyük və real olmayan problem olduğunu artıq qeyd etdim.

Gələk kənd məktəblərinin ləğv edilməsi məsələsinə. Bu, faktiki olaraq belə bir mesaj verir: “kənddə qalan bir neçə ailə də yığılsın, şəhərə köçsün, kəndlər isə birdəfəlik ləğv edilsin.” Halbuki mən hər zaman əksini vurğulamışam, regionlar inkişaf etdirilməlidir. Əgər paytaxtı köçürmək mümkün deyilsə belə, Nabran kimi ərazilərdə yeni, müasir şəhərlər salınmalı, turizm potensialı olan böyük şəhərlər yaradılmalıdır. Onlara bağlı kəndlər qəsəbə statusu qazanmalı və sistemli şəkildə inkişaf etməlidir.

Sovet dövründə bir kəndin mədəniyyət evi, kitabxanası, məktəbi və bağçası var idi və oxuyan şagirdlərin sayı qənaətbəxş səviyyədə idi. Bəli, anlayıram müstəqilliyi əldə etmək, onu qorumaq, xarici düşmənlərə qarşı mübarizə aparmaq və ölkəni bərpa etmək həm maddi, həm də mənəvi baxımdan çox ağır və geniş prosesdir. Ancaq bu gün üçün olanı da dağıtmayaq. Unutmayaq ki, klassiklərimizin dahi şəxsiyyətlərimizin çoxu məhz o kəndlərdən çıxıb.

“Göyərçin” Təhsilin İnkişafına Dəstək İctimai Birliyinin təsisçisi Gülnarə Vəlixanlı


MANŞET XƏBƏRLƏRİ