Rusiya Prezidenti Vladimir Putinin ən yaxın ətrafında yer alan azsaylı fiqurlardan biri kimi tanınan Dmitri Kozak uzun illər Kremlin “səssiz, amma təsirli” bürokratı hesab olunub.
Turkustan.az Musavat.com-a istinadla xəbər verir ki, “The New York Times” nəşrinin yazdığına görə, xüsusilə Ukrayna ilə aparılan danışıqlar zamanı Kozak Putinin mövqeyini tez-tez dəyişdirdiyini açıq şəkildə görür və bu yanaşma ilə razılaşmırdı.
Bununla belə, Kozak heç vaxt Putinə açıq etiraz etməyib. Müşahidəçilərin fikrincə, o, prezidentlə uzun illərə söykənən şəxsi münasibətlərinə güvənirdi. Bu amil onun davranışlarında və son aylardakı addımlarında aydın hiss olunurdu.
Təsadüfi deyil ki, müharibə fonunda Kozak sərbəst şəkildə BƏƏ və Türkiyəyə səfərlər edib, Qərb diplomatları ilə görüşlər keçirib, həmçinin İsraildə müalicə alıb. Analitiklər bu faktları Putinin bu proseslərdən xəbərdar olması və Kozakın mövqeyinə baxmayaraq, ona qarşı fiziki təhlükəsizlik zəmanəti verməsi ilə izah edirlər. Başqa sözlə, Kreml rəhbəri üçün Kozak hələ də “toxunulmaz” fiqur sayılıb.
Məlumata görə, bu il Dmitri Kozak Ukrayna ilə danışıqlarda Rusiyanın maksimalist mövqeyi ilə razılaşmadığı üçün vəzifəsindən istefa verib. Onun gedişi Moskvanın siyasi elitasında ciddi müzakirələrə səbəb olub.
Bir sıra mənbələr hesab edir ki, Kozak tək deyil. O, Kreml daxilində müharibəyə qarşı olan və proseslərin bu istiqamətdə davam etməsindən narazı qalan daha geniş bir qrupun səsi və siması kimi çıxış edib.
Qeyd olunur ki, Kozak Putinin ətrafında açıq şəkildə fərqli mövqe nümayiş etdirən yeganə nüfuzlu bürokratlardan biri idi. Onun istefası isə Rusiya elitasında səssiz narazılığın mövcudluğunu və bu narazılığın artıq gizlədilməsinin çətinləşdiyini göstərən mühüm siqnal kimi dəyərləndirilir.