"Mən də düşünürəm ki, Qurban Qurbanov Nəriman Axundzadəni oyuna daxil etməli deyildi. Amma mən futbol eksperti deyiləm. Görünür, Qurban müəllimin Nərimandan gözləntisi varmış, o da özünü doğrultmayıb".
Turkustan.az xəbər verir ki, bu sözləri yazıçı Kəramət Böyükçöl sosial media hesabında yazıb.
O bildirib ki, Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırıb:
"Baxıram ki, Qurban Qurbanov haqqında çox pis şeylər yazan adamlar var. Futbol oyun da olsa, bu qədər azarkeş etibarsızlığı kənardan heç yaxşı görsənmir. Dünən göylərə qaldırdığımız adamı sən demə, ona görə göyə qaldırırdıq ki, yerə bərk vuraq. Qurban Qurbanov Azərbaycan futbolunu yerdən qaldırmış, onu Avropa klubları səviyyəsinə çatdırmış bir insandır. Yəni o, artıq öz işini görüb. Bunu unutmayaq. Bundan sonra ola da bilər, olmaya da bilər. Hər zaman qəlbimizdəsən, Qurban!".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turunun oyununda məğlub olub. Komanda Bakıda Niderlandın "Ayaks" klubu ilə qarşılaşıb. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun qonaqların qələbəsi ilə bitib - 4:2. "Ayaks" Liqa mərhələsində ilk qələbəsini qazanıb. "Qarabağ"ın isə turnirdə 7 xalı var. /yenisabah.az/