“Biz Azərbaycanla heç vaxt və heç zaman konstitusiyamızın məsələsini müzakirə etməmişik və müzakirə etmirik, çünki bunu bizim daxili məsələmiz hesab edirik”.
Ordu.az xəbər verir ki, bunu Hamburqda jurnalistlərlə söhbətində Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin konstitusiyasının dəyişdirilməsi ilə bağlı Azərbaycanın tələbini şərh edərkən bildirib.
Paşinyanın sözlərinə görə, Ermənistanın sülh sazişini imzalamaqla bağlı heç bir şərti yoxdur.
“Sadə sual verirəm. Deyirəm ki, başa düşmək istəyirəm: Azərbaycan istəyir ki, bizim konstitusiyamızda territorial iddialar olsun, yoxsa doğrudanmı düşünür ki, konstitusiyamızda belə iddialar var? Əgər səmimi şəkildə hesab edirsə ki, burada problem var, bu problemi həll etməyin ən qısa yolu sülh sazişini imzalamaqdır. Niyə? Çünki sülh sazişi imzalanan kimi biz öz qanunvericiliyimizə uyğun olaraq məcburuq, borcluyuq və bu sənədi Konstitusiya Məhkəməsinə göndərməyə bilmərik ki, həmin sazişin Ermənistan konstitusiyasına uyğunluğunu yoxlasın”, - deyə Ermənistan Baş naziri bildirib.
Paşinyanın sözlərinə görə, iki variant mövcuddur.
“Ya Konstitusiya Məhkəməsi qərar verir ki, saziş Ermənistan konstitusiyasına uyğundur. Bu halda sənədi parlamentə göndərib ratifikasiya etməyə heç bir maneə qalmır. Saziş parlamentdə ratifikasiya olunandan sonra konstitusiyanın beşinci maddəsinin, səhv etmirəmsə, üçüncü hissəsinə əsasən ratifikasiya olunmuş beynəlxalq müqavilələr daxili qanunvericiliklə ziddiyyət təşkil edərsə, beynəlxalq müqavilə daha yüksək hüquqi qüvvəyə malik olur. Saziş daha yüksək hüquqi qüvvə aldığı andan Ermənistan istəsə də artıq Azərbaycana qarşı territorial iddialar irəli sürə bilməz.
Niyə? Çünki artıq açıq sənəd olan həmin sazişin birinci maddəsində yazılıb ki, SSRİ respublikalarının inzibati sərhədlərinin dövlət sərhədlərinə çevrilməsi faktından çıxış edərək tərəflər bir-birinin ərazi bütövlüyünü, suverenliyini və siyasi müstəqilliyini tanıyır. İkinci maddədə deyilir ki, bu əsasla tərəflər bir-birinə qarşı territorial iddialar irəli sürmür və gələcəkdə də irəli sürməməyi öhdələrinə götürürlər. Bir başqa maddədə isə qeyd edilir ki, tərəflər öz daxili qanunvericiliklərinə istinad edib bu sazişin icrasının pozulmasını əsaslandıra bilməzlər”, - deyə o qeyd edib.
Paşinyan deyib ki, beləliklə, bu saziş ratifikasiya ediləndən sonra Ermənistan istəsə də Azərbaycana qarşı territorial iddialar qoya bilməz, bu, birinci variantdır.
“İkinci variant belədir: Konstitusiya Məhkəməsi qərara alır ki, saziş konstitusiyaya uyğun gəlmir. Mən əvvəllər də demişəm ki, belə olarsa, konstitusiya dəyişiklikləri təşəbbüsünü özüm qaldıracağam, çünki hesab edirəm ki, əldə olunmuş sülh o qədər dəyərli bir şeydir ki, onu qorumaq üçün bu addıma getməyə dəyər. Amma mənim bu gün Ermənistan cəmiyyətinə “Bilirsiniz nə var, gəlin konstitusiyanı dəyişək” deməyə legitimliyim yoxdur.
Niyə? Çünki Ermənistan xalqı mənə deyəcək ki, 2024-cü ilin sentyabrında Konstitusiya Məhkəməsi qərar çıxarıb ki, sülh sazişinin də giriş hissəsində qeyd olunan Alma-Ata Bəyannaməsi bizim konstitusiyaya uyğundur. O zaman nə üçün konstitusiyanı dəyişək? Elə çıxar ki, biz sadəcə kaprizə görə konstitusiyanı dəyişirik. Bəs ikinci kapriz ortaya çıxsa? Sonra üçüncü? Dördüncü? Biz nə edəcəyik?”, - deyə Paşinyan bildirib.
Eyni zamanda o iddia edib ki, Ermənistan tərəfi Azərbaycanla heç vaxt ölkənin konstitusiyasının məsələsini müzakirə etməyib, çünki bu, daxili məsələdir.
“Amma əlbəttə, biz Azərbaycanla heç vaxt konstitusiyamızın məsələsini müzakirə etməmişik və etmirik, çünki bunu bizim daxili işimiz hesab edirik. Və daxili yanaşmamız çərçivəsində “Vətəndaş Müqaviləsi” partiyası son qurultayın yekun sənədində yeni konstitusiyanın qəbulu gündəminə toxunub. Bu gündəmi biz hələ 2018-ci ildən qəbul etmişik və demişik ki, gəlin bu konstitusiyanı bir kənara qoyaq və başa düşək, parlament idarəetmə modeli yaxşıdır, yoxsa pisdir? Çünki mən 2018-ci ildə Baş nazir olanda konstitusiya cəmi iki ay idi qüvvəyə minmişdi, bəzi maddələr isə hələ qüvvəyə minməli idi”, - deyə Paşinyan qeyd edib.