QHT vərəm xəstəliyinin profilaktikasına həsr olunmuş maarifləndirici tədbir keçirib - FOTOLAR


Suraxanı rayonunda 87 nömrəli tam orta məktəbdə vərəm xəstəliyinin profilaktikasına həsr olunmuş maarifləndirici tədbir keçirilib.

QHT.az xəbər verir ki, 24 oktyabr 2025-ci il tarixində Bakı şəhəri Suraxanı rayonu 87 nömrəli tam orta məktəbdə “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən növbəti maarifləndirici tədbir həyata keçirilib. Tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra edilən “Şagirdlər və Pedaqoji Kollektiv arasında Vərəm ilə bağlı Maarifləndirmə İşi” adlı layihə çərçivəsində baş tutub.

Tədbirin əsas məqsədi məktəblilərin, müəllimlərin və valideynlərin vərəm xəstəliyi haqqında düzgün məlumatlanmasına və bu xəstəliyə qarşı mübarizə vərdişlərinin formalaşdırılmasına nail olmaq idi. İctimai Birliyin mütəxəssisləri vərəmin yaranma səbəbləri, yayılma yolları və profilaktik tədbirlər barədə ətraflı məlumat veriblər.

Çıxış edən mütəxəssislər vurğulayıblar ki, vərəm vaxtında aşkarlanarsa tam müalicə olunur, lakin bunun üçün hər bir vətəndaş sağlamlıq vəziyyətinə diqqətli yanaşmalı, profilaktik müayinələrdən yayınmamalıdır.

Məktəbin pedaqoji kollektivi tədbirin məqsədini yüksək qiymətləndirib və bu kimi təşəbbüslərin şagirdlərdə sağlamlıq mədəniyyətinin formalaşmasında mühüm rol oynadığını bildirib.

İctimai Birliyin nümayəndələri qeyd ediblər ki, vərəm yalnız tibbi məsələ deyil, həm də sosial məsələdir və bu sahədə maarifləndirmə cəmiyyətin hər bir üzvünün məsuliyyət hissini artırır.

Tədbirdə interaktiv müzakirələr təşkil olunub, şagirdlərə sual-cavab şəklində biliklərini yoxlamaq imkanı verilib. Onlar vərəm xəstəliyinin qarşısının alınması üçün hansı davranışların vacib olduğunu öyrəniblər.

Valideynlərin iştirakı tədbirə əlavə dəyər qatıb. Onlar övladlarının sağlam həyat tərzi barədə biliklər qazanmasından məmnunluq ifadə ediblər və gələcəkdə bu kimi maarifləndirici fəaliyyətlərin davamlı olmasını arzulayıblar.

Tədbirin sonunda şagirdlər arasında keçirilən viktorinada qaliblər seçilərək “Vərəmsiz Gələcəyə Doğru” İctimai Birliyi tərəfindən xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bu təşəbbüs, həm məktəblilər, həm də müəllimlər arasında sağlam düşüncənin, ictimai məsuliyyətin və xəstəliklərə qarşı profilaktik davranışın təşviqinə xidmət edib.


MANŞET XƏBƏRLƏRİ