Dünya dollardan imtina edir - Azərbaycan nə etməlidir?


ABŞ dollarının qlobal valyuta ehtiyatlarında payı 20 ilin ən aşağı səviyyəsinə, 40%-ə düşüb. Ekspertlər 2020-ci ildən 2026-cı ilə qədər altı il ərzində qlobal ehtiyatlardan təxminən 3,2 trilyon dollar azaldığını təxmin edirlər.

Hazırda dollar əsas ehtiyat valyutası olaraq qalır, lakin qlobal bazar alternativ axtarır.

Sözügedən mövzu ilə bağlı Axar.az-a açıqlamasında iqtisadçı Xalid Kərimli bildirib ki, valyuta ehtiyatlarımızda dolların payının azalma səbəbi qızılın payının artmasıdır:

“Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin idarə olunması üzrə konkret və yazılı strategiyası mövcuddur. Bu strategiyada ehtiyatların hansı hissəsinin qızılda, hansı hissəsinin dollar, avro və digər aktivlərdə saxlanılacağı dəqiq müəyyən edilib. Sözügedən strategiya hər il yenidən nəzərdən keçirilir və revizə olunur”.

Onun fikrincə, müəyyən risklər daşısa da, son üç il ərzində dövlət riskləri düzgün proqnozlaşdıraraq, Neft Fondunun ehtiyatlarının əhəmiyyətli hissəsini qızıla yönəldib:

“Bu artım həm yeni qızıl alışları, həm də mövcud qızıl ehtiyatlarının dəyərinin bahalaşması hesabına baş verib. Qeyd edək ki, qızıl ötən il təxminən 72-73 faiz bahalaşıb. Bu isə o deməkdir ki, fond indiyə qədər nə qədər qızıl alıbsa, onun dəyəri də eyni həcmdə artıb”.

İqtisadçı bu prosesin dolların azaldılıb avro və ya funtla əvəzlənməsi mənasına gəlmədiyini vurğulayıb:

“Məsələ ondadır ki, qızılın qiyməti artdığı üçün Neft Fondunun aktiv strukturunda qızılın payı yüksəlib. Fond ehtiyatlarının hamısını deyil, təxminən 25-26 faizini qızıla yönəldib. Qızıl bahalaşdıqca, təbii olaraq fondun aktivlərində qızılın payı artır, dollarla ifadə olunan aktivlərin nisbi çəkisi isə azalır.

Ümumilikdə Neft Fondunun aktiv strukturu dörd əsas kateqoriyadan ibarətdir: qızıl, dollarla ifadə olunan aktivlər, daşınmaz əmlak və digər valyutalarda saxlanılan aktivlər”.

Kərimli hesab edir ki, investisiya alətləri arasında ən riskli vasitə kriptovalyutalar hesab olunur:

“Onlar qısa müddətdə kəskin bahalaşa və eyni sürətlə dəyər itirə bilir. Bu səbəbdən dövlətin xalqın sərvətini belə riskli maliyyə alətlərinə yerləşdirməsi düzgün hesab edilmir. Hazırda da dövlət bu istiqamətdə addım atmır və kriptovalyutalara investisiya qoyulması gündəmdə deyil”.


MANŞET XƏBƏRLƏRİ