Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi işğaldan azad edilmiş ərazilərdə maarifləndirici tədbirlər keçirib.
Soyqırım Həqiqətlərinin Tanıdılması İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “İşğaldan azad olunmuş bölgəyə qayıtmış qadınlar və uşaqlarla iş” layihəsi çərçivəsində Xocalı rayonunda silsilə tədbirlər həyata keçirib.
Belə ki, layihənin icra planına əsasən “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Xocalı rayonu və rayonun Ballıca kəndində silsilə tədbirlər keçirib.
3 günlük həyata keçirilən tədbirdə “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin sədri və sözügedən layihənin rəhbəri Ayşən Fəxrəddinqızı, ailələrin üzvləri, şəhid ailələri, şəhid anaları, qazilər, rayon ziyalıları iştirak edib.
Layihə rəhbəri Ayşən Fəxrəddinqızı layihə haqqında məlumat verərək bildirib ki, layihənin icrasının əsas məqsədi 44 günlük müharibədən əziyyət çəkən qadınlara psixoloji dəstəyin göstərilməsidir.
Tədbirlərdə Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq həyata keçirilən işlər, işğaldan azad olunan ərazilərdə vətəndaşların və xüsusən də qadın və uşaqların sosial durumları ilə bağlı atılan addımlardan danışılıb.