Kreml üzr istəməyə cəsarət etmədi – Bakı beynəlxalq məhkəməyə gedir!


"Prezident İlham Əliyevin Şuşa Qlobal Media Forumundakı çıxışından aydın oldu ki, rəsmi Bakı vurulan AZAL təyyarəsinə görə beynəlxalq ədliyyə sisteminə müraciət hazırlayır. Moskva Bakıya başqa seçim qoymadı. Kreml İlham Əliyevin səsləndirdiyi tələblərin heç birini yerinə yetirmədi, qəzadan ötən 7 ayda günahını etiraf etmədi, təyyarəni vuranları cəzalandırmadı, qurbanların və yaralıların ailələrinə təzminat ödəmədi".

Turkustan.az bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edir ki, açıqlaması ilə Prezident İlham Əliyev bu olayın üstündən sükutla keçməyəcəyini bir daha bəyan etdi:

“"7 aydır ki, biz cavab ala bilmirik” deyən dövlət başçısı Rusiya tərəfinin hər dəfə təkrarladığı “təhqiqat davam edir” cavabının məntiqsizliyinə işarə etdi.

Kremlin 7 ay sonra fikrini dəyişəcəyini, yəni İlham Əliyevin haqlı tələblərini yerinə yetirəcəyini zənn etmirəm. Rusiyanı idarə edənlərin üzr istəmək ənənəsi yoxdur. Halbuki, Kreml vurulan təyyarə ilə bağlı üzərinə düşənləri etsəydi, iki ölkə arasındakı münasibətlər bugünkü gərgin vəziyyətə sürüklənməzdi. İlham Əliyevin “10 il lazım oldu ki, Malayziya Hava Yollarına məxsus "Boeing"lə bağlı təhqiqat başa çatsın” sözləri də Kremlə xatırlatmaydı. Həmin təhqiqat məhz Rusiyanın Malayziya təyyarəsini raketlə vurduğunu faktlarla sübut etdi. Kreml o zaman da üzr istəmək əvəzinə mülki təyyarənin guya Ukraynanın vurduğu haqqında yalan məlumatlar yaydı. Kreml eyni “ssenaridən” Azərbaycana qarşı da istifadə etməyə çalışdı. Guya AZAL təyyarəsi Çeçenistan səmasında Ukrayna dronu ilə toqquşub. AZAL-ın təyyarəsi Malayziya təyyarəsindən fərqli olaraq enə bildi və yalan keçmədi, təyyarədə dron deyil, raket izləri var idi.

Kreml bilərəkdən Azərbaycanla münasibətlərdə gərginlik xəttini seçib, adını da qoyublar guya “Türkiyə və Böyük Britaniya kəşfiyyatı Rusiyanı Cənubi Qafqazdan sıxışdırmağa çalışır”.

Halbuki, Vladimir Putinin yumşaq desək yanlış davranışı azərbaycanlı həmkarıyla 2022-ci ilin fevralında imzaladığı strateji tərəfdaşlıq sazişinin üstündən xətt çəkdi. İlham Əliyev Şuşa forumunda ukraynalı jurnalistin “Ukraynaya nə məsləhət görürsünüz” sualına konkret cavab verdi: “İşğalla barışmayın!”. Dövlət başçısı bir neçə il əvvəl ona verilən oxşar suala eyni cavabı vermişdi. Təyyarə faciəsi yaşanmasaydı belə rəsmi Bakının mövqeyi eyni olacaqdı. Azərbaycan üçün ərazi bütövlüyü həssas məsələdir". /Musavat.com/


MANŞET XƏBƏRLƏRİ