Trükiyə Xarici İşlər Nazirliyi İsrailin Baş naziri Binyamin Netanyahunun Prezident Ərdoğanı hədəf alan açıqlamalarına reaksiya verib.
Turkustan.az xəbər verir ki, Nazirliyin bəyanatında qeyd olunur:
“Törətdiyi cinayətlərə görə dövrümüzün Hitleri kimi təsvir edilən Netanyahu həm şəxsiyyəti, həm də fəaliyyəti ilə hamıya məlumdur.”
Nazirliyin açıqlamasında bildirilir ki, Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən sözügedən şəxsə qarşı müharibə cinayətləri və insanlığa qarşı cinayətlər törətmək ittihamı ilə həbs qərarı çıxarılıb. Həmçinin, Netanyahu administrasiyası dövründə İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırımı iddiaları ilə bağlı mühakimə olunur.
Açıqlamada vurğulanır ki, Netanyahunun əsas məqsədi davam edən sülh danışıqlarını pozmaq və bölgədə ekspansionist siyasətini davam etdirməkdir. Əks halda, onun öz ölkəsində mühakimə olunmaqla yanaşı, həbs cəzası ilə üzləşməsi ehtimalı yüksəkdir.
İsrail rəsmilərinin Prezidentimizi əsassız, təkəbbürlü və həqiqətə uyğun olmayan iddialarla hədəfə alması, Türkiyənin beynəlxalq platformalarda səsləndirdiyi həqiqətlərin yaratdığı narahatlığın göstəricisidir.
Türkiyə günahsız mülki şəxslərin yanında olmağa və Netanyahunun törətdiyi iddia edilən cinayətlərə görə məsuliyyətə cəlb olunması istiqamətində səylərini davam etdirəcək.