Bu maddə xərçənglə mübarizədə insanlara kömək edə bilər


ABŞ-də fəaliyyət göstərən Çikako Universitetinin alimləri maraqlı bir kəşf ediblər.

Turkustan.az xəbər verir ki, nəticələr “Cell Reports Medicine” jurnalında dərc olunub.

Araşdırmaya görə, bitkilərdə olan zeaksantin adlı maddə immun sistemini gücləndirərək xərçənglə mübarizəni dəstəkləyə bilər.

Qeyd edək ki, zeaksantin bitkilərdə təbii şəkildə olan bir piqmentdir və karotenoidlər qrupuna daxildir. Bu maddə meyvə və tərəvəzlərə sarı və narıncı rəng verir. Ən çox ispanaq, kələm, qarğıdalı, narıncı bibər və yumurta sarısında olur.

Mütəxəssislərin sözlərinə görə, zeaksantin güclü antioksidantdır. O, hüceyrələri zərərli təsirlərdən qoruyur, göz sağlamlığını dəstəkləyir və immun sisteminə müsbət təsir göstərir.

Tədqiqatın rəhbəri Jing Chen bildirib ki, sadə bir qida maddəsinin belə güclü təsiri onları təəccübləndirib. Onun sözlərinə görə, bu maddə müasir immunoterapiya müalicələrini daha təsirli edə bilər.

Araşdırma zamanı məlum olub ki, zeaksantin “CD8+ T” hüceyrələri adlanan immun hüceyrələrinin fəaliyyətini artırır. Bu hüceyrələr xərçənglə mübarizədə əsas rol oynayır. Maddə həmin hüceyrələrin xərçəng hüceyrələrini daha yaxşı tanımasına və onlara qarşı daha güclü reaksiya verməsinə kömək edir.

Siçanlar üzərində aparılan təcrübələrdə zeaksantin qəbulunun şişlərin böyüməsini yavaşlatdığı müşahidə olunub. Bu təsir immunoterapiya ilə birlikdə istifadə ediləndə daha güclü olub.

Laboratoriya şəraitində insan hüceyrələri üzərində aparılan testlər də oxşar nəticələr verib. Zeaksantin melanoma və digər bəzi xərçəng növlərinə qarşı mübarizəni gücləndirib.

Mütəxəssislər qeyd edir ki, zeaksantin artıq geniş istifadə olunan və təhlükəsiz hesab edilən bir maddədir. O, həm qidalarda mövcuddur, həm də əlavə kimi asanlıqla əldə oluna bilir.

Bununla belə, alimlər xəbərdarlıq edir ki, nəticələr hələ ilkin mərhələdədir. İnsanlar üzərində klinik sınaqlar aparılmadan bu maddənin müalicədə tam təsiri barədə qəti fikir söyləmək mümkün deyil.

Araşdırma göstərir ki, düzgün qidalanma immun sisteminə ciddi təsir edə bilər və gələcəkdə xərçəng müalicəsində əlavə rol oynaya bilər. /yeniavaz.com/


MANŞET XƏBƏRLƏRİ