Kömək üçün ABŞ-ın qapısını döydülər, İran sərt tənqid etdi


İsrailin 12-ci Kanal televiziyasının Livanlı mənbəyə istinadən yaydığı məlumata görə, Beyrut hökuməti ilkin mərhələdə atəşkəs tələb etməyi planlaşdırır.

Turkustan.az xəbər verir ki, mənbənin sözlərinə əsasən, rəsmi Beyrut Hizbullahın tərksilahından əvvəl dərhal atəşkəsin əldə olunmasını istəyir. Bununla yanaşı, təşkilatın tərksilahı üçün ABŞ-dan hərbi dəstək istənilməsi də gündəmdədir.

Məlumatda qeyd olunur ki, Livan 2023-cü ilin oktyabrından bəri İsrail hücumları nəticəsində ciddi zərər görmüş infrastrukturun bərpası üçün ABŞ-dan genişmiqyaslı iqtisadi yardım paketi tələb etməyə hazırlaşır.

Digər tərəfdən, İran liderinin beynəlxalq münasibətlər üzrə müşaviri Əli Əkbər Vilayəti Livandakı vəziyyətlə bağlı mövqeyini açıqlayıb. O, Baş nazir Nəvaf Salama ünvanladığı mesajda Hizbullahın rolunun nəzərə alınmasının vacibliyini vurğulayıb.

Vilayəti qeyd edib ki, Hizbullahın və ümumilikdə “müqavimət” qüvvələrinin rolunu görməməzlikdən gəlmək Livanı ciddi təhlükəsizlik riskləri ilə üz-üzə qoya bilər. Onun sözlərinə görə, ölkədə sabitlik yalnız dövlət strukturları ilə bu qüvvələr arasında balans və əməkdaşlıq sayəsində təmin oluna bilər.

Bununla yanaşı, Livanın Hizbullahı tərksilah etmək üçün ABŞ-dan hərbi yardım istəyəcəyi iddiaları ölkədə geniş rezonans doğurub. Vilayəti bu məsələyə münasibət bildirərək xəbərdarlıq edib: “Hizbullahın unikal rolunu görməməzlikdən gəlmək Livanı düzəlməz təhlükəsizlik riskləri ilə üzləşdirəcək”.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ