Artıq 4 ildir ki, Rusiya-Ukrayna müharibəsi davam edir və bu, qlobal təhlükəsizlik balansına ciddi təsir göstərir. Eyni zamanda ABŞ, İsrail və İran arasında artan gərginlik yeni müharibə risklərini artırır. Rəsmi atəşkəs elan olunsa da, bir çox ekspertlər bunun müvəqqəti olduğunu və qarşıdurmaların daha da genişlənə biləcəyini düşünür. Mövcud vəziyyət dünyanı daha ciddi təhlükələrlə üz-üzə qoya bilər.
Bəs bu münaqişələrin qlobal miqyasda genişlənmə ehtimalı nə qədər realdır? Dünya hansı risklə qarşılaşa bilər?
Globalinfo.az-a danışan politoloq Aydın Tağıyev hesab edir ki, hazırda geosiyasi gərginliklərin qlobal miqyasda genişlənmə ehtimalı realdır.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsi Avropanı sarsıdır, ABŞ-İran və İsrail-İran qarşıdurmaları isə Yaxın Şərqdə regional müharibə riskini artırır:
“Paralel böhranların həm enerji, həm iqtisadi, həm də hərbi təhlükələr doğura biləcəyi qaçılmaz faktdır. Mövcud münaqişələrlə xarakterizə olunan dünya mənzərəsinə və gərginlik ocaqlarına nəzər saldıqda, Rusiya-Ukrayna müharibəsinin intensivləşdiyini görürük. Bu, Avropanın təhlükəsizlik balansını pozur və enerji bazarlarını təzyiq altında saxlayır. Digər tərəfdən, İsrail/ABŞ-İran qarşıdurması fonunda 2026-cı ilin aprelində iki həftəlik atəşkəs elan olunsa da, İsrailin hücumları və Livanda mülki itkilərin artması gərginliyin davam etdiyini göstərir”.
Politoloqun fikrincə, İsrail-İran münasibətləri regional koalisiyaların formalaşmasına və daha geniş müharibə riskinə səbəb ola bilər:

Aydın Tağıyev
“Bu münaqişələr fonunda Asiya-Sakit okean regionunda Çin və Yaponiya arasında müdafiə sənayesi sahəsində məhdudiyyətlər ticarət gərginliyini artırır. Bu da gələcək riskləri qaçılmaz edir. Münaqişələrin nəticəsində Avropada enerji böhranı və iqtisadi tənəzzül ehtimalı yüksəkdir”.
Aydın Tağıyev əlavə edib ki, bu müharibələr iqtisadi böhrana gedən yolu sürətləndirir:
“Enerji qiymətlərinin artması və tədarük zəncirlərinin pozulması qlobal tənəzzülə yol aça bilər. Nəticədə enerji çatışmazlığı səbəbindən Avropa və Asiya bazarlarında qaz və neft təchizatında ciddi problemlərin yaranması mümkündür. Bu isə gələcəkdə regional müharibələrin genişlənməsinə səbəb ola bilər”.
A.Tağıyev bildirib ki, ABŞ-İran və İsrail-İran qarşıdurmaları Yaxın Şərqdə genişmiqyaslı müharibəyə çevrilə bilər:
“Qlobal təhlükəsizlik böhranı paralel münaqişələrin birləşməsinə, NATO, Çin və digər güclərin daha geniş qarşıdurmasına səbəb ola bilər.
Rusiya qazının Avropaya axınının azalması və İranla qarşıdurmanın neft bazarına ciddi təsiri mümkündür. Bu, gələcəkdə tədarük zəncirlərinin pozulması, inflyasiya və maliyyə bazarlarında qeyri-sabitlik riskini artıra bilər. Hazırda dünya üç əsas risklə üz-üzədir: iqtisadi böhran, enerji çatışmazlığı və regional müharibələrin qlobal miqyasda genişlənməsi. Hesab edirəm ki, bu risklər bir-birini gücləndirərək yeni qlobal böhran dalğasının yaranmasını qaçılmaz edə bilər”.