İslamı dünyaya sevdirən film - “The Message”


Səhrada doğulan ilahi səs

XX əsrin ortalarında, Suriyanın Hələb şəhərində bir ata oğlunu yola salır. Oğlunun cibinə 200 dollar qoyur, əlinə isə bir Qurani-Kərim verir. Bu, sadəcə bir vida səhnəsi deyildi. Bu, gələcəkdə tarixə çevriləcək bir həyat yolunun başlanğıcı idi. Bu yolun sahibi Mustafa Akkadı bir müddət sonra bütün dünya tanıyacaq.

Bir insanın daxilində doğulan sual

Mustafa Akkad Amerikaya gedir, Kaliforniyada təhsil alır, UCLA və USC kimi universitetlərdə kino öyrənir. Hollivud mühitinə daxil olur. Məşhur rejissor Sam Pekinpah onun mentoruna çevrilir. Akkad CBS-də işləyir, kino sənayesinin içini öyrənir. Amma o, bir şeyi dərk edirdi: Qərb dünyası İslamı tanımır. Onun 4 uşağı vardı. O, islamı öz övladlarına da sevdirmək istəyirdi.

Bu, onun daxilində bir məsuliyyət hissinə çevrildi. Onun öz sözlərinə diqqət edək: “I felt that it was my obligation… to tell the truth about Islam.” (“İslam haqqında həqiqəti anlatmağı öz borcum hesab edirdim”).

Bu fikir bir ideyaya çevrildi. O ideya isə sonradan tarixə düşəcək bir film oldu: The Message.

Bir filmdən daha böyük ideya

Akkadın qarşısında duran sual sadə deyildi. O, Peyğəmbəri göstərmədən İslamın hekayəsini necə anlatmaq olar sualına cavab axtarırdı. Bu, həm dini, həm də kino baxımından görünməmiş bir problemdir.

Akkad bu problemi həll etdi. Kamera Peyğəmbərin baxışına çevrildi. O görünmədi, amma hər şey onun varlığı ilə hiss olundu. Bu, sadəcə texniki tapıntı deyildi. Bu, hörmət idi. Bu, yanaşma idi. Bu, anlayış idi.

Qapılar bağlanır

Akkad bu filmi çəkmək üçün müsəlman dünyasına müraciət edir. Dini qurumlarla görüşür. Əl-Əzhər Universitetindən müəyyən dəstək alır. Amma digər tərəfdə qapılar bağlanır. Səudiyyə Ərəbistanı və Məkkədəki dini strukturlar bu layihəyə qarşı çıxır. Halbuki o, fanatic xristanlar tərəfindən ciddi müqavimət gözləyirdi. Səbəb sadəcə “film” deyil. Sual budur: İslamı kim izah edəcək? Bu sualın cavabı siyasi və dini məsuliyyətə çevrilir.

Akkadın ilkin sponsorlarından biri kimi milyarder Adnan Qaşıqçı (qətlə yetirilmiş məşhur jurnalistin əqrəbası) kimi fiqurların adı hallansa da, təzyiqlər artır və dəstək geri çəkilir. Çünki Adnan Qaşıqçı Səudiyyə vətəndaşı idi. Yaxşı başa düşrdü ki, dövlətin qarşı çıxdığı bir layihəyə spronsorluq etmək son dərəcə təhlükəlidir. Bu təzyiqlər nəticəsində ilkin sponsorlar da geri çəkildi. Film yarımçıq qalmaq üzrə idi.

Səhrada yenidən doğulan film

Məhz bu anda layihə gözlənilməz dəstək aldı. Liviya lideri Muammar Qəddafi filmi maliyyələşdirdi. Nəql edirlər ki, Mustafa Akkad filmin çəkilmiş hissələrini Liviya rəhbərinə nümayiş etdirir. Gördüklərindən sarsılan Muammar Qəddafi ağlaya-ağlaya filmin çəkilişinin davamına göstəriş verir.

Çəkilişlər əvvəl Mərakeşdə başladı, sonra dayandırıldı, daha sonra Liviyada davam etdi.

Səhranın özü filmə çevrildi. Qum, külək, boşluq — bunlar dekorasiya deyildi. Bunlar hekayənin bir hissəsi idi.

Hollivuddan kənar bir yol

Bu film Hollivudda çəkilmədi. Çünki o dövrün Hollivudu dini mövzuları riskli hesab edir, İslam haqqında müsbət filmə kommersiya baxımından şübhə ilə yanaşırdı. Bəzi iddialara görə isə Hollivuda nəzarət edən yəhudi lobbisi islam haqqında belə bir filmin çəkilişinə heç cür imkan verməzdi. Bunun fərqində olan rejissor başqa bir yol seçdi.

Bəlkə də bu, qadağa deyildi. Bu, sistemin seçim idi.

Musiqi: hiss olunan tarix

Filmin musiqisi onun ruhuna çevrildi. Fransız bəstəkar Maurice Jarre bu layihəyə yalnız texniki yanaşmadı. O, Şərq musiqisini, ərəb ritmlərini və İslam tarixinin emosional yükünü anlamağa çalışdı. Bəzii iddialara görə o, islamı daha dərindən anlamaq üçün 2 ay ərzində ərəb səhrasında yaşadı, hər gün islamla bağlı kitablar oxudu. Nəticədə yaranan musiqi filmdən ayrılaraq müstəqil həyat qazandı.

Musiqi və tanınma

Filmin musiqisini bəstələyən Maurice Jarre dünya kinosunun ən nüfuzlu bəstəkarlarından biri idi. O, “Lawrence of Arabia”, “Doctor Zhivago” və “A Passage to India” kimi filmlərə görə üç dəfə “Oscar” mükafatına layiq görülmüşdü.

Maraqlıdır ki, “The Message” filminin musiqisi rəsmi böyük beynəlxalq mükafat qazanmasa da, onun təsiri “Oscar” alan əsərlərdən qat-qat böyük oldu. Bu musiqi xüsusilə İslam dünyasında geniş yayılaraq mədəni yaddaşın bir hissəsinə çevrildi.

Bu isə bir daha göstərir ki, bəzən sənət əsərinin dəyəri mükafatlarla deyil, onun insanlara təsiri ilə ölçülür.

Bir musiqinin xalqa çevrilməsi

Bu musiqi Liviyada milli mars kimi sevildi, İranda fenomenə çevrildi.

O, matəm mərasimlərində səsləndirildi, dövlətin yas mərasimlərində istifadə olundu, hətta toy və bayramlarda, el şənliklərində səsləndirildi. Bu, nadir hadisədir.

Bir xristianın bəstələdiyi müsiqi müsəlman dünyasında bu qədər sevilir. Bir film musiqisi mədəniyyətə çevrilir.

Qadağa və qəribə qəbul

Film əvvəlcə Məhəmməd Rza Pəhləvi dövründə İranda qadağan edilir. Sonra Ruhullah Xomeyni hakimiyyətə gəlir. Ancaq qərar yenə də dəyişmir.

Daha sonra isə filmin nümayişinə icazə verildi. İranda baş verən bu dəyişiklik xüsusilə diqqətəlayiq idi. Çünki filmdə azanda Həzrət Əlinin adı çəkilmirdi. Bu isə şiə ənənəsinə uyğun deyildi. Buna baxmayaraq, Xomeyni Mustafa Akkadla görüşdən sonra filmin qarşısındakı əngəl aradan götürüldü. Ali dini liderin yanaşması sadə idi: film İslamın ilk dövrünü əks etdirir, o dövrdə isə azan bu formada idi. Bu qərar dini interpretasiyada nadir elastiklik nümunələrdən biri sayılır.

İki dünya arasında bir insan

Mustafa Akkad yalnız bu filmi çəkmədi. O, eyni zamanda “Halloween” kimi kommersiya baxımından uğurlu filmlərin prodüseri idi. Bir tərəfdə sənaye, digər tərəfdə isə missiya vardı. Bu, nadir balans idi. Yəni o, həm tamaşaçı marağında olan filmləri ortaya qoydu, həm də öz arzusunu yerinə yetirdi.

Bir film, amma adi layihə deyil

“The Message” yalnız ideya baxımından deyil, maliyyə baxımından da riskli layihə idi. Filmin büdcəsi təxminən 10–17 milyon dollar arasında qiymətləndirilir ki, bu da 1970-ci illər üçün, xüsusilə Hollivuddan kənarda çəkilən bir film üçün olduqca böyük rəqəm idi.

Bu, sadəcə kino layihəsi deyildi — bu, maliyyə baxımından da cəsarətli qərar idi. Film dünya üzrə təxminən 20–30 milyon dollar gəlir əldə etsə də, bu rəqəm onun real təsirini əks etdirmir. Çünki film klassik Hollivud distribusiyasına çıxmadı, bəzi ölkələrdə qadağan edildi, bir çox regionda gec yayımlandı.

Bu səbəbdən onun kommersiya göstəriciləri məhdud qaldı.

Amma bu film başqa bir şey qazandı. Qərbdə İslam haqqında ilk geniş vizual təsəvvürlərdən birini yaratdı, onilliklər boyu televiziya və video yayımı ilə yaşadı və ən əsası, mədəni təsir qazandı. Başqa sözlə, “The Message” puldan çox, sevgi qazandı.

Faciəli son

2005-ci ildə Akkad İordaniyanın paytaxtı Ammanda idi. O, qızı ilə birlikdə oteldə qalırdı. Həmin gün terror hücumları baş verdi. Partlayış zamanı qızı həyatını itirdi. Akkad isə ağır yaralandı və bir neçə gün sonra dünyasını dəyişdi. Bu, sadəcə ölüm deyildi. Bu, bir paradoks idi. Çünki İslamı dünyaya izah etməyə çalışan bir insan, həyatının sonunda İslamı yanlış təfsir edən terrorçuların törətdiyi zorakılığın qurbanına çevrildi.

Bir filmdən daha artıq

“The Message” (Çağrı) bu gün də sadəcə film deyil.

Bu, bir hekayə, bir körpü, bir izahdır. Mustafa Akkad isə sübut etdi ki, bəzən bir insanın niyyəti və inancı, çəkdiyi filmdən daha uzun yaşayır.

Elbəyi Həsənli. Sürix


MANŞET XƏBƏRLƏRİ