ABŞ və İran arasında gərginliyin azaldılması məqsədilə Pakistanda keçiriləcək mühüm danışıqlar ərəfəsində tərəflərin nümayəndə heyətləri artıq İslamabada yola düşüb.
Müvəqqəti atəşkəs fonunda baş tutacaq görüşün əsas məqsədi qarşıdurmanı dayandırmaq və mümkün razılaşmaya zəmin yaratmaqdır.
ABŞ nümayəndə heyətinə vitse-prezident JD Vance rəhbərlik edir, onu xüsusi nümayəndə Steve Witkoff və müşavir Jared Kushner müşayiət edir. İran tərəfdən isə danışıqlarda xarici işlər naziri Abbas Əraqçi və parlament sədri Məhəmməd Baqir Qalibaf iştirak edir.
Görüşdə atəşkəsin davamlılığı, İranın nüvə proqramı, sanksiyalar və Hörmüz boğazında təhlükəsizlik kimi əsas məsələlər müzakirə olunacaq. Tehran 10 maddəlik plan irəli sürsə də, ekspertlər ABŞ-ın bütün şərtləri qəbul etməsinin real olmadığını bildirir.
İslamabad görüşü regionda gərginliyin gələcək istiqamətini müəyyən edə biləcək kritik diplomatik addım kimi qiymətləndirilir.
Maraq doğuran əsas sual isə budur: bu görüş ABŞ və İran arasında sülhə yol aça biləcəkmi? Tramp İranın irəli sürdüyü 10 maddəni qəbul edəcəkmi? Turkustan.az bu suallarla politoloq Zaur İbrahimliyə müraciət edib.

Zaur İbrahimli
Pakistanın vasitəçiliyi ilə aparılan ABŞ–İran danışıqlarının əsas hədəfi məhz atəşkəsin dayanıqlı və uzunmüddətli olmasına nail olmaqdır. Hesab edirəm ki, ən azı bu istiqamətdə müəyyən nəticə əldə edilə bilər. Növbəti mərhələdə isə tərəflər arasında danışıqların predmetinə dair razılaşma mümkün ola bilər. Çünki hazırda tərəflər bir-birinə fərqli planlar və müxtəlif şərtlər irəli sürürlər. Həm vasitəçilərin, həm də Vaşinqton və Tehran diplomatlarının əsas vəzifəsi danışıqların gündəliyi üzrə ilkin razılıq əldə etməkdir.
Düşünürəm ki, hər iki tərəf hazırda danışıqlara real yanaşır. Söhbət hələlik ABŞ və İran arasında konkret sənədin imzalanmasından getmir. Hətta belə bir sənədin əldə olunmaması da mümkündür. Lakin hərbi əməliyyatların başlanmasının qarşısını alacaq razılaşmaların əldə olunması ehtimalı yüksəkdir və bunun üçün real zəmin mövcuddur. Əsas sual ondan ibarətdir ki, mövcud imkanlardan istifadə olunacaqmı? Proseslərin mürəkkəb xarakterini nəzərə alsaq, konkret proqnoz vermək çətindir. Bununla belə, tərəflərin danışıqlarda maraqlı olduğu açıq şəkildə görünür. Nə Vaşinqton, nə də Tehran bu prosesi vaxt uzatmaq vasitəsi kimi görmür.
Qeyd etmək lazımdır ki, tərəflərin əvvəllər də uğursuz danışıqlar təcrübəsi olub. Oman vasitəsilə aparılan müzakirələr nəticə verməmiş və tərəflər hərbi qarşıdurmaya yaxınlaşmışdılar. Bu təcrübə isə indi onlara müəyyən üstünlük verir, çünki proses sıfırdan başlamır və bəzi məsələlər artıq müzakirə olunub. Hazırkı şəraitdə tərəflərin ən azı hərbi əməliyyatların başlamaması üçün qarşılıqlı qəbul edilə bilən şərtləri müəyyən etmək imkanı qalır. Çünki yeni qarşıdurma hər iki ölkənin strateji məqsədlərinə uyğun deyil.
ABŞ üçün genişmiqyaslı hərbi əməliyyatlar əlavə quru əməliyyatları tələb edər ki, bu da riskləri artırır. İran üçün isə müharibənin davamı onsuz da məhdud olan resursların tükənməsi və mülki infrastrukturun daha da dağılması deməkdir. Bundan əlavə, tərəflər regionda sabitliyi qorumağa və xüsusilə Hörmüz boğazında ticarətin təhlükəsizliyini təmin etməyə maraqlıdırlar. Hər iki tərəf başa düşür ki, hərbi əməliyyatlar gec-tez atəşkəslə nəticələnəcək, lakin onun regiona təsiri uzunmüddətli olacaq və yeni reallıqlar yaradacaq.
Hazırda Körfəz ölkələri İrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara qoşulmayıblar. Lakin münaqişə dərinləşərsə və tərəflər kompromisə getməzsə, bu mövqe dəyişə bilər. Eyni zamanda, əgər ABŞ İran üçün qəbuledilməz şərtlər irəli sürərsə və münaqişə yenidən alovlanarsa, Körfəz ölkələrinin ABŞ-a münasibəti də dəyişə bilər. Digər mühüm amil ABŞ daxilindəki siyasi vəziyyətdir.
Qarşıdan gələn seçkilər fonunda aparılan sorğular göstərir ki, İranla mümkün müharibə daxili siyasi balansı poza və xüsusilə Donald Trampın mövqelərinə mənfi təsir göstərə bilər. Bu isə onun elektoratında parçalanma yaradır. İran üçün də vəziyyət sadə deyil. Müharibənin uzanması iqtisadiyyatın və infrastrukturun daha da zəifləməsinə səbəb olacaq, bu isə post-münaqişə dövründə ciddi sosial və siyasi problemlər yarada bilər.
Beləliklə, həm ABŞ administrasiyası, həm də İran rəhbərliyi danışıqlar masasında qalmağa məcbur edən çoxsaylı obyektiv faktorlarla üz-üzədir. Yekun olaraq demək olar ki, atəşkəsin davamlı olması üçün kifayət qədər zəmin mövcuddur.
Tərəflər danışıqlara vaxt uzatmaq vasitəsi kimi yanaşmır. Əgər rasional yanaşma qorunarsa, mövcud atəşkəsin daha uzun müddətə uzadılması mümkündür.
Aytən Yaşar/ Turkustan.az