Məleykə Abbaszadə qadınları buna görə inəyə bənzədibmiş – Sabiq deputat gerçəkləri açdı


Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadənin ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələri ilə bağlı tədbirdə söylədiyi fikirlər birmənalı qarşılanmayıb. Sədrin qadınları inəklə müqayisə etməsi təəccüb və tənqidə olub.

M.Abbaszadə zalda əyləşənlərdən birinin “O balla inəyi öldürəcəklər” replikasına belə cavab verib:

“Adamı öldürməsin, heç olmasa. İnəyin taleyi elədir ki, gec-tez onu öldürəcəklər. Bəlkə də, sağılan inəyin taleyi öldürüləndən daha ağırdır. Gündə sağılmaq ondan ağırdır. Qadınlar məni başa düşdü…”.

Bu sözlərə əsasən daha çox kişilər tənqidlərini bildirirlər.

Globalinfo.az-a danışan sabiq deputat və təhsil eksperti Etibar Əliyev bildirib ki, bu mövzuda ciddi təhriflər mövcuddur.

O qeyd edib ki, həmin tədbirdə özü də iştirak edib və Məleykə Abbaszadənin cavabı düzgün anlaşılmayıb:

“Orada baytarlıq ixtisasına qəbul üçün tələb olunan 150 balla bağlı mən bir replika atdım ki, bu balla inək belə öldürmək olmaz, yəni 150 balla mütəxəssis olmaq çətindir. Bu, yumor xarakteri daşıyırdı. Məleykə xanım isə cavabında metafora işlətdi. O, orada qadının çəkdiyi əziyyəti vurğuladı. Onun demək istədiyi, qadınların daha çox yük daşıdığı idi. Lakin bu ifadə şişirdildi, başqa məna qazandı”.

etibar eliyev

Etibar Əliyev

Etibar Əliyev əlavə edib ki, tədbir üç saatdan çox davam edib, çoxsaylı maraqlı təqdimatlar, sual-cavablar və dialoqlar olub:

“Orada gənclərin taleyüklü məsələləri – məktəbin durumu, repetitorluğun artması, funksional savadsızlıq kimi mövzular müzakirə olunub. Amma medianın diqqəti yalnız həmin yumoristik ifadəyə yönəldilib. Bu isə, Azərbaycan jurnalistikasının tragediyasıdır. Ümid edirəm ki, gələcəkdə bu cür mövzular daha obyektiv və tam işıqlandırılacaq”.

Təhsil eksperti Sona Əliyeva isə Azərbaycan qadınının üzərinə düşən çoxşaxəli, görünməyən yükdən danışıb:

“Məleykə Abbaszadənin çıxışı cəmiyyətin müxtəlif hissələrində fərqli reaksiyalar doğurdu. Kişilərin bəziləri sərt tənqid etsə də, qadınların çoxu bu fikirləri dəstəklədi və “sözümüzü dedi” kimi qarşıladı. Əslində bu, uzun illər səssiz-sədasız davam edən həqiqətin səthə çıxmasıdır. Qadın yalnız evdə deyil, cəmiyyətdə də böyük yük daşıyır – o, ana, həyat yoldaşı, işçi, bacı, övlad, dost və evin idarəedicisidir. Bu rolların heç biri rəsmi “peşə” sayılmasa da, qadınlarımız ölkənin sosial dayaqlarındandır”.

Sona Əliyeva vurğulayıb ki, qadınların çəkdiyi yük təkcə fiziki yorğunluq deyil, həm də emosional və sosial təzyiqlər, görünməyən zəhmət və təqdir olunmayan fədakarlıqdır:

sona eliyeva

Sona Əliyeva

“Qadınlardan həm işdə, həm evdə, həm də ailədə hər şeyi ən yüksək səviyyədə yerinə yetirmələri gözlənilir. Bəzən “evdar qadın nə iş görür ki?” deyirlər, bəzən işləyən qadına “uşağa vaxt ayırmır” deyirlər. Amma heç kim qadının hər səhər yorğunluğunu içində saxlayaraq ev işlərini görməsini, gecə fikirlərlə yuxuya gedə bilməməsini, sabah işdə uğurlu, evdə sakit və uşağa mehriban olmağa çalışmasını görmək istəmir”.

Müsahibimiz əlavə edib ki, kişilərin qadınların zəhmətini dərk etməməsi tənqidlərin əsas səbəblərindən biridir:

“Qadının zəhmətini görmək onu zəif göstərmək deyil, əksinə, layiq olduğu hörməti verməkdir. Həll yolu qadının təkbaşına dözümlü olması deyil, yükün bərabər bölüşdürülməsidir. Bu, ailə münasibətlərində, dövlət siyasətində və ictimai şüurda dönüş tələb edir. Uşaq bağçalarının sayının artırılması, iş yerlərində çevik rejimlərin yaradılması, kişilərin ailə işlərinə cəlb olunması texniki addımlardır. Əsas dəyişiklik qadına münasibətdə olmalıdır. Qadın güclüdür, amma bu güc onun hər şeyi təkbaşına çəkməsi üçün yox, dəyər görməsi üçündür. Qadını yalnız fədakar deyil, həm də dəstək və qayğı görməyə haqqı olan insan kimi qəbul etməyin vaxtıdır”.


MANŞET XƏBƏRLƏRİ