İyulun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında növbəti yüksək səviyyəli görüş baş tutdu. Görüş Birləşmiş Ərəb Əmirliklərinin vasitəçiliyi və beynəlxalq tərəfdaşların iştirakı ilə keçirildi.
Bu, son illər ərzində tərəflərin ən geniş formatda toplaşdığı danışıqlardan biri kimi qiymətləndirilir. Görüşdə yalnız liderlər deyil, eyni zamanda hər iki ölkənin hökumət nümayəndələri də iştirak edirdi ki, bu da prosesin daha strukturlaşdırılmış və nəticəyönümlü məcraya keçdiyini göstərir.
Danışıqlar zamanı sülh sazişinin bağlanması perspektivləri, sərhədlərin delimitasiyası, regional kommunikasiyaların açılması və bölgədə sabitliyin təmin olunması məsələləri ətrafında geniş müzakirələr aparılıb. Görüşün nəticələri, iştirakçı ölkələrin mövqeləri və beynəlxalq tərəflərin reaksiyaları Cənubi Qafqazda yeni geosiyasi mərhələnin başlandığını göstərir.
Maraqlıdır görəsən, bu görüşdən sonra sülh istiqamətində hansı addımlar atılacaq? Rusiyanın bu görüşə münasibəti necə olacaq? Turkustan.az olaraq bu suallarımızı politoloq Turab Rzayevə ünvanladıq.
Turab Rzayev
Düşünürəm ki, bu görüş ən azından sülhü yaxınlaşdıracaq, çünki bu qədər geniş tərkibdə belə bir toplantı ilk dəfədir keçirilir. Görüşdə liderlərlə yanaşı hökumət nümayəndələri də iştirak edir. Burada geniş və əhatəli müzakirələr aparıldı.
Digər tərəfdən, ev sahibliyi edən Birləşmiş Ərəb Əmirlikləri bu prosesdə maraqlıdır və hər hansı bir nəticənin əldə olunmasını istəyir. Çünki daha əvvəl Taliban və HƏMAS-la danışıqlar Qətərdə, İran-ABŞ danışıqları isə Omanda aparılmışdı. BƏƏ də bu geosiyasi platformalarda geridə qalmamaq üçün danışıqlara ev sahibliyi etmək niyyətindədir.
Eyni zamanda, ABŞ-ın da bu görüşə böyük ümidlə yanaşdığını görürük. Senator Rubionun açıqlamaları göstərir ki, ABŞ bu danışıqlardan sülh gözləyir.
Azərbaycan da sülh sazişinin imzalanmasının tərəfdarıdır. Türkiyə isə həm sülhün bərqərar olmasını, həm də Azərbaycan-Ermənistan arasında sərhədlərin açılmasını dəstəkləyir. Belə bir vəziyyətdə tərəflərin irəliləyişə nail olmaq istəyi təbiidir.
Təəssüf ki, bölgədə sülhün olmasını istəməyən yeganə ölkə Rusiyadır. Təsadüfi deyil ki, həm Azərbaycana, həm də Ermənistana təzyiqlərin artması məhz bu məsələ ilə bağlıdır. Azərbaycan-Rusiya münasibətlərinin qəfil gərginləşməsi, Rusiyada azərbaycanlılara qarşı edilən hücumlar və Azərbaycan rəhbərliyinə ünvanlanan təhqiramiz ifadələr sülh prosesinə qarşı göstərilən təzyiqlərin tərkib hissəsidir.
Rusiya istəmir ki, onun iştirakı olmadan hər hansı bir sülh prosesi baş versin. O, bu məsələni Ukrayna müharibəsindən sonrakı dövrə saxlamağa çalışır. Ermənistan daxilində gedən proseslər də göstərir ki, Rusiya baş nazir Paşinyana təzyiq göstərir və onu geri addım atmağa məcbur edir.
Aytən Yaşar/ Turkustan.az