Qazax yazıçısı Rollan Seysenbayevin kitabı Nursultan Nazarbayev və Cavanşir Feyziyevin təqdimatında


Qazax ədəbiyyatının, mədəniyyətinin görkəmli nümayəndəsi, ictimai xadim, dünya şöhrətli yazıçı Rollan Seysenbayevin "Qaçış" romanı TÜRKSOY-un və Mahmud Kaşğari adına Beynəlxalq Fondun ortaq layihəsi əsasında işıq üzü görüb. Ankarada "Bengü" yayınlarında nəşr olunan kitabın rəyçiləri Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti professor Aktotı Raimkulovadır.

Qeyd edək ki, kitab Layihənin rəhbərlərindən olan - Mahmud Kaşğari Fondunun Prezidenti, Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyevin Ön sözü və müstəqil Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin təqdim yazısıyla yayınlanıb.

Cavanşir Feyziyevin kitaba yazdığı Ön sözü oxuculara təqdim edirik:

Cavanşir Feyziyev: Türk milli məfkurəsi, qədim türk mifik dünyagörüşü Rolan Seysenbayevin əsərləri ilə təkcə Türk dünyasına deyil, bütün Avropaya inteqrasiya olunur.

Çağdaş Qazax nəsri zəngin ənənələrə söykənən klassik qazax ədəbiyyatı və dünya ədəbiyyatının ən mütərəqqi keyfiyyətlərini özündə ehtiva edərək inkişaf etmiş, geniş sosial-mənəvi məzmun və mündəricə qazanmışdır.

Dünya ədəbi fikrinə Abay Kunanbayev, Oljas Süleymenov, Şakərim Kudayberdiyev, İlyas Cansuqurov, Beimbet Maylin, Muxtar Auezov, Sabit Mukanov, Qabit Musrepov, Qabiden Mustafin, Taken Alimkulov, Safuan Saymerdenov, Kemel Tokayev, Abdicəmil Nurpeisov, Saken Yunusov kimi şəxsiyyətlər bəxş edən qazax ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan Rollan Seysenbayevin imzası - əsərləri təkcə ana vətənində deyil, Qazaxıstanın hüdudlarından kənarda da böyük rəğbətlə oxunur.

Əsərlərində bədii təxəyyüllə qlobal təfəkkürün monolit vəhdətini yarada bilən Rollan Seysenbayev dünya mədəniyyətinə "Ata həsrəti yaxud Dünyanın çökdüyü gün", "Qaçış", "Gecə səsləri", "Əgər yaşamaq istəyirsənsə", "Heçliyə pilləkən", "Şeytan taxtı", "Şərəf", "Ağ arvana", "Səhranın sərgərdan ölüləri" kimi orijinal məzmunlu, qiymətli töhfələr ərməğan etmişdir.

Yazıçının həyatını dolğunluğu ilə özündə əks etdirən "Rollan Seysenbayev kodu" monoqrafiyasının müəllifi Rüstəm Janqujinin obrazlı şəkildə ifadə elədiyi kimi: "R.Seysenbayev meqa-şüurunda Abay Kunanbayev və Şakərim Kudayberdiyevin genlərini qayğıyla qoruyub-saxlayır, öz fəlsəfi və poetik görümündə qazax milli düşüncəsinin çoxölçülü və geniş miqyaslı konstruksiyasını yaşadır". Qeyd etmək yerinə düşər ki, monoqrafiya müəllifinin vurğuladığı bu çalarlar özünü onun həm nəsr əsərlərində, həm də uğurlu səhnə həyatı yaşayan pyeslərində - dramaturgiyasında büruzə verir.

Rollan Seysenbayevin keşməkeşli taleyi - həyat yolu - bioqrafiyası sanki bütün yaradıcılığına səpələnib. Böyük Abay və Şakərim əfəndinin mənsub olduğu arqın tayfasının tobıtkı nəslindən olan sənətkar hər iki böyük ustada həm qanı, həm də ruhu ilə bağlı olmuşdur. Qələmə aldığı xatirələrində babası və atasının ötən əsrin 30-cu illərinin aclıq, sonra da müharibə fəlakətindən keçdiyini təsvir edən Rollan Şakenulı yeddi yaşında özünün daha böyük fəlaklətlə - atom fəlakətilə üzü-üzə qaldığını yazır: "...Çingiz dağlarında yaşayan adamları bədbəxtlik əlli üçüncü ilin yayında yaxaladı..."

"Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün" əsərində ədib yazır ki: " Qəfil bəla bircə saatda hər yanı bürüdü... Aulun yaxınlığında qoyun-keçi otaran uşaqlar qəfildən qorxunc səslər – qışqırıq, bağırtı, qadın fəryadı - eşitdilər. Qoyun-keçini çöldə qoyub ayaqyalın, bir-birinin bəhsinə aula doğru götürüldülər. Orda isə ağlagəlməz hadisə baş verirdi: adamlar qucaqlaşır, vidalaşır, halallaşır, and içir, and içdirir, qışqırır, hönkürüb ağlayırdılar. Hər şey, hamı bir-birinə qarışmışdı, biz, uşaqlar da ağzımızı açıb dayanmışdıq, nə olub-keçdiyini, sakit, rahat aulumuzun camaatını hansı bədbəxtliyin bu qədər kədərləndirdiyini dərk eləmirdik..."

Tanrının xoş qismətiylə 7 yaşlı balaca Rollan milyonların taleyini şikəst eləyən həmin atom fəlakətindən sağ-salamat qurtula bilib, elmə-biliyə böyük dəyər verən babası və ata-anası sayəsində meylini kitablara bağlayıb və oxuduğu kitablar da onun həyatın yönünü, istiqamətini dəyişə bilib:"...Əlimin altında yalnız nazik bir kitab qalmışdı. Üz qabığında yazılanlar cismimi lərzəyə salırdı: Oljas Süleymenov. Arqamaklar. Kitabdakı şeirləri birnəfəsə oxumuşdum. Dönüb bir də oxumuşdum. Bir daha oxumuşdum. Şeirin misraları ruhumu qidalandırmışdı. Ehtiraslı, ağıllı, orijinal fikirlər düşüncələrimi tüğyana gətirmişdi..."Bəlkə də elə həmin nazik kitab Rollanın bütün həyatını dəyişdirib, aldığı politexnik və texnoloji təhsillər belə onun Sözə doğru gedən yolunu kəsə bilməyib. Beləcə texniki təhsilli gənc Rollan mehr-məhəbbətini ədəbiyyata, sənətə, kitaba bağlayıb.

Moskvada - Ali Ədəbiyyat kurslarında oxuyanda otuz yaşlarında, artıq düşüncəsi formalaşmış yazıçı kimi Rollan Seysenbayevin ilk hekayə və povestləri ədəbi aləmin diqqətini çəkmiş, dramaturgiyada qüvvəsini sınamış, ümumittifaq ədəbi müsabiqələrinin qalibi olmuş və o, azad düşüncəli bir qələm sahibi kimi imzasını təsdiqləmişdi.
Moskva ədəbi mühitində yaşamasının da, görünür, gənc yazıçının ədəbi-estetik düşüncəsinin formalaşmasında müəyyən payı var. 1967-ci ildən yaradıcılığa başlayan R.Seysenbayevin povest və hekayələrdən ibarət ilk kitabı olan “Yanğı” 1975-ci ildə Almatıda nəşr olunub. Bir neçə il sonra isə “Molodaya qvardiya” nəşriyyatı rus dilində Danil Qraninin ön sözü ilə ədibin “Birinci qar” kitabını nəşr edib (1978). Kitabda onun müxtəlif mövzularda qələmə aldığı “Şənbənin sonu”, “Parik”, “Otello” və s. əsərləri toplanıb. Həmin hekayələr özünün həyatiliyi, realizmi, komik situasiyası, tragik momentləri, şəhər həyatının son dərəcə orijinal təsvirləri ilə yadda qalır. Danil Qranin ön sözdə onu belə xarakterizə edir : “R.Seysenbayev nəsrində son dərəcə dərin millilik vardır, onun əsərlərində qazax qəhrəmanları bütün özünəməxsusluqları, milli xarakteri, ənənəsi ilə yaşayır və fəaliyyət göstərir”.

R.Seysenbayevin ikicildlik “Əgər yaşamaq istəyirsənsə” və “Heçliyə pilləkən” əsərləri ilə onun imzasını daha geniş oxucu kütləsi tanıyıb. Yazıçıya dünya şöhrəti qazandıran əsərlərindən biri isə “Şeytan taxtı”dır. Həmin illərin gəncliyinin mənəvi təbəddülatlarından bəhs edən bu roman yalnız onun deyil, bütövlükdə dövrün ədəbi arealının hadisəsi idi. Yazıçı əsərin yazılmasına təxminən beş il vaxt sərf edib. Lakin roman yazıldıqdan sonra yeddi il işıq üzü görməyib və 80-ci illərin sonlarında 400 min tirajla çap olunub. Moskvada isə roman eyni zamanda iki nəşriyyat tərəfindən böyük tirajla nəşr edilib və dünyanın bir çox dillərinə tərcümə olunub. “Şeytan taxtı” çox qısa müddətdə ölkə xaricində - Almaniya Federativ, Almaniya Demokratik Respublikaları, Finlandiya, Bolqarıstanda və b. ölkələrdə nəşr edilib. Romanla bağlı yazıçıya yüzlərlə məktublar gəlib. Sonralar yazıçı müsahibələrinin birində romanı xatırlayaraq deyir: “Şeytan taxtı” romanını yazanda başa düşdüm ki, Sovet İttifaqında həqiqət yoxdur, bu acı həqiqəti dərk edəndə ya özünü asmalı, intihar etməli; ya da ölməlisən. Bax, romanı yazanda mən bu vəziyyətdə idim. Yazdıqdan sonra sanki azadlığa çıxdım... İndi heç kəsdən asılı deyiləm, qoy hamı yaşasın, qoy yazsınlar, qoy sevinsinlər, qoy yesinlər, qoy içsinlər. Mən daxili yükümdən azad oldum...

Yazıçının “Səhranın sərgərdan ölüləri”, “Ata həsrəti, yaxud Dünyanın çökdüyü gün” romanlarında çağdaş dünyanın mənəvi-etik və sosial -psixoloji problemləri və atom fəlakəti ilə üz-üzə qalan insanların taleyi özünəməxsus şəkildə təsvir edilir.

Yeddi il İngiltərədə yaşayan yazıçı şəxsi vəsaiti hesabına Londonda “Abay evi” açımış və burada yaşadığı illərdə eyni zamanda “Səhrada dolaşan ölülər” romanını ingilis dilində nəşr etdirmişdir. Roman İngiltərədə müsabiqədə “ən yaxşı roman” adına layiq görülmüşdür. Böyük rus yazıçısı Anatoli Kim onun haqqında yazır ki: “Rollan Seysenbayev Prometey kimi ağıl közünü qoruyub saxlayır. O, fədakardır, özünü qorumur, ancaq bu mərdliyi ilə öz xalqının mədəniyyətini, ədəbiyyatını qoruyur. Belə yaradıcılıq dünyada azdır. Qazaxıstanda isə yeganədir. O, təkrarolunmazdır. Belə şəxsiyyətlər nadir rast gəlinən insan mənzərəsidir.”

R.Seysenbayev görkəmli yazıçı olmaqla yanaşı, həm də geniş erudisiyalı, milli düşüncəyə sahib ictimai xadimdir. Müstəqil Qazaxıstan Respublikasının ilk prezidenti Nursultan Nazarbayevin müşaviri olduğu zamanlarda R.Seysenbayevin dövlətçilik istiqamətində gördüyü işlər Qazaxıstanın mədəni tərəqqisinə böyük töhfələr vermişdir. Çağdaş dünyada baş verən hərbi prosesləri vicdanın aşınması ilə əlaqələndirən yazıçı bu faciələri lokal miqyasda yalnız milli coğrafiya ilə məhdudlaşdırmır, bütün dünyaya aid edərək ümumbəşəri planda təqdim edir.

Bir neçə il əvvəl R.Seysenbayev Abayın şeirlərini ingilis dilində nəşr etdirərək bir nüsxəsini Roma papası II İohan Pavelə göndərir. Bir həftə sonra gözlənilmədən II İohan Paveldən cavab gəlib. Məktubda Abayın ağlı və istedadı haqqında xoş sözlərlə yanaşı, yazıçı İtaliyaya dəvət edilir. O, üç gün Vatikanda qalır, dördüncü gün gecə saat 2-yə II İohan Pavel ona görüş təyin edir. Bu vaxt Papanın sonuncu duası başa çatırmış. R.Seysenbayev yazır ki: “Yalnız ən böyük insanlar Allahla birbaşa danışmaq gücünə malikdir. Bu son dərəcə gərgin an idi. Belə düşünürəm ki, II İohan Pavel Allahı eşitdi. Onun baxışları və fikirləri məndə bu fikri yaratdı”.

Görüş təyin ediləndə əvvəlcə Rollan Seysenbayevə iyirmi dəqiqə vaxt verilibmiş, onlar saat yarım söhbət ediblər. Köməkçisi Papanın yorulması səbəbindən söhbətin yekunlaşdırılmasını istəyir, ancaq II İohan Pavel köməkçiyə deyir ki: “Yox, mən yorulmamışam, daha 30 dəqiqə vaxt verin söhbət edək”. Bu görüş və söhbətlər Rollan Seysenbayevin qəlbində və düşüncələrində xoş xatirələrlə dərin iz qoyur.

Görkəmli yazıçı, ictimai xadim, dörd universitetin fəxri professoru olan Rollan Seysenbayev Santa-Marina(ABŞ)şəhərinin fəxri vətəndaşı, Ümumdünya Mədəniyyət və İncəsənət Akademiyasının akademiki, Polşanın “Qızıl zabit xaçı”, Macarıstanın “ Böyük qızıl cəngavər xaçı”,

Kubanın “Dostluq” ordenlərinə, İspaniyanın “Migel de Servantes”, ABŞ-ın Mark Tven” ədəbi mükafatlarına layiq görülüb. Əsərləri bir çox dünya dillərində, o cümlədən “Ata həsrəti yaxud Dünyanın çökdüyü gün” əsəri Azərbaycan türkcəsində, “Səhranın sərgərdan ölüləri” və “Şeytan taxtı” romanları Türkiyə türkcəsində işıq üzü görüb.

Ümidvarıq ki, taleyindən qaçan və taleyinə doğru qaçan insanların daxili təlatümlərini özündə ehtiva edən “Qaçış” əsəri ilə oxucular Rollan Seysenbayevi şəxsiyyət və yazıçı kimi yenidən kəşf edəcək və bir daha sevəcək... Və oxucu bu kitabları hər vərəqlədikcə Rollan Seysenbayevin “arxasında dayanan qadını”- sevgisi və nəvazişiylə onu həyata bağlayan, ona bu əsərləri yazdıran mənəvi güc qaynağını, yazıçının ən sədaqətli həmsöhbəti, vəfalı ömür sirdaşı, Quranı ingiliscəyə çevirən, 17 dildə mükəmməl tərcümələr edən, dünya şöhrətli şərqşünas alim, Azərbaycan sevdalısı, Türkiyə sevdalısı – Turan sevdalısı Klara xanım Serikbayevanı rəhmətlə yad edəcək...


MANŞET XƏBƏRLƏRİ