Kitablar dünyasının YEGANƏSİ və ya gecikmiş təbrik


Sumqayıt mənim uşaqlıq illərimin, gəncliyimin xatirələrlə dolu şəhəridir. Bu şəhərdə mamam ( atanın bacısına bizlərdə mama deyirlər ) yaşayıb. Vaxtaşırı bu şəhərlə əlaqəmiz olub. Anamın maması oğlu da bu şəhərin köklü sakinlərindən idi. Körpə vaxtından sevdim bu şəhəri də, adamlarını da. Beləcə bu şəhərin adamları ilə dostluğum başladı və bura mənə doğma bir diyara çevrildi. Sonralar qədim nəsil dostlarımın ocağından pərvazlanan Gülnarə xanımın da bu şəhərdə yaşadığını bildim və qədim dostluğu ailəcə qardaş-bacı səviyyəsinədək gətirə bildik. Gülnarə Gəmaləddin şairdir. AYB Sumqayıt bölməsinin sədridir. Olduqca istedadlı, Azərbaycan xanımlığına xas bütün dəyərləri özündə cəmləşdirən bir söz adamıdır.

“Dedim bəlkə sözüm qala” kitabım yenicə çapdan çıxmışdı. Az öncə istedadından söz dediyim AYB Sumqayıt bölməsinin sədri olan bacımın təşəbbüsü ilə kitabın televiziya təqdimatını “Dünya TV” ilə keçirməyə qərar verdik. Gülnarə xanımın, böyük şair Rafayıl İncəyurdun iştirakı ilə olduqca maraqlı bir müzakirə, təqdimat oldu. Sağ olsun verilişin aparıcısı Könül xanımı, məntiqli sualları ilə xüsusi canlanma yaratdı.

Verlişin vaxtınadək Yardımlının ən saf, istedadlı oğullarından biri Hafiz Ataxanlının təşəbbüsü ilə Mərkəzi kitabxanaya və kitabxananın uşaq şöbəsinə kitab bağışladıq, çox şirin və mənalı söhbət etdik. İstər Natavan xanımla, istərsə də uşaq şöbəsinin müdiri Yeganə xanımla da tanışlığımız belə oldu. Hər iki xanımın kitablara sevdası, onları həyatlarının bir parçası hesab etməsi məni çox duyğulandırdı. Sağ olsun Hafiz müəllimi onun vasitəsi ilə doğma Sumqayıtda daha iki ləyaqətli, əsil ziyalı dost qazandım. Bir-birimizi sosial şəbəkələrdə izləyirik, uğurlarından, keçirdikləri tədbirlərdən beləcə xəbər tuturam.

Açıklama yok.

Yeganə xanımla söhbətimiz uzun illər yadımdan çıxmayacaq. Özünü kitablardan ayrı təsəvvür edə bilmir. Kitab onun həyatı, cəmiyyətə baxışı, insanlara sevgisidir. Kitab onun zənginliyi, ağlının göstəricisi, məntiqinin gücüdür. Kitab onun üçün ən qiymətli hesab edilənlərdən belə qiymətlidir. Onu kitablara tamam fərqli baxışı var. Uşaqlara kitabı sevdirmək üçün özünəməxsus addımlar atır, maraqlı tədbirlər keçirir, şirin və inandırıcı söhbətlər aparır. Az sonra nəticəsinin ləzzətini yaşayır. Bir də baxıb görür ki, balaca oxucularının sayı gözlədiyindən də artıq olub. Həm də çox sadə xanımdır. İçində böyük insanlıq sevdası var. Həmişə çətin duruma düşənin yanındadır, onun yol yoldaşıdır, qəlb sirdaşıdır. Sözünün təsir gücü ilə insanı düşdüyü depresiyadan asanlıqla çıxara bilir. Bu isə sözün əsil mənasında böyüklükdür.

Yeganə Hüseyinova igidlər diyarı Qubalıda dünyaya göz açıb. Amma taleyini Sumqayıta qoşalaşdırıb. 25 saylı şəhər orta məktəbini bitirib. 1994-1999-cu illərdə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində oxuyub. Əmək fəaliyyətinə də doğma şəhərindən başlayıb. Hazırda Səməd Vurğun adına Sumqayıt MKS-də uşaq şöbəsinin müdiridir.

Təbii ki, bu qeydlərin bir hissəsi onun sosial səhifəsindəndir. Bir hissəsi isə kitab bağışlayanda onunla söhbətdən duyduqlarım və yaddaşıma yazdıqlarımdır.

Açıklama yok.

Yeganə xanım həm də yaradıcı insandır. Uğurlu video çarxları, qısametrajlı filmləri ilə də könlümdə yer tutub. Onun film yaradıcılığı çox məntiqlidir. Fikirlər lakonikdir, sadə dillə ifadə edilib və olduqca dərin vətənpərvərlik ruhundadır. Yeri gələndə bu sahədə Hafiz müəllimin məsləhət və tövsiyələrindən bəhrələnir, uğur dalınca uğur qazanır.

Heç 10 gün olmaz Yegnə xanımın yaşının üstünə bir yaş da gəlib. Bir pillə də ucalıb, zənginləşib və müdrikləşib. Doğmaları, dostları ilə bir araya gəlib, günün şirinliyini yaşayıblar. Onu-kitablar aləminin Yeganəsini səsli mesajla təbrik etmişdim. Hətta söz vermişdim ki, səni yazılı da təbrik edəcəm. Amma müəyyən səbəblərdən gecikdim. İndi təbriklə yenidən üz tuturam Yeganə xanıma. Ucalıq yolun həmişə açıq, uğurları bol olsun, kitabların və insanların ən sadiq dostu. Bir ömür kitablar qədər zəngin, mənəviyyatı saf yaşayasan.

Bilmirəm bapbalaca ürəyi dünya boyda olan Yeganə xanım gecikən təbriki qəbul edəcəkmi?

Qalib RƏHİMLİ


MANŞET XƏBƏRLƏRİ