Arif Babayevin ən böyük ARZUSU


Azərbaycan muğam sənətinin nümayəndəsi, Xalq artisti Arif Babayev vəfat edib.

Uzun illər ərzində muğam ifaçılığı sahəsində silinməz iz qoyan sənətkarın vəfatı Azərbaycan mədəniyyəti üçün böyük itkidir. O, təkcə ifaçı deyil, həm də pedaqoq, neçə-neçə gənc xanəndənin ustadı idi.

Arif Babayev Qarabağ torpağının yetirməsi idi. Ağdamda doğulmuş, səsinin ilk çalarlarını həmin torpaqda tapmışdı.

Uzun illər o torpaqdan uzaq yaşasa da, Ağdamla bağlı bir arzusu var idi və müsahibələrində tez-tez bu arzunu dilə gətirirdi.

Sənətkar istəyirdi ki, doğulduğu Ağdamda onun adını yaşadan ev-muzey qurulsun, ruhu o torpaqda da davam etsin.

“Çox istəyərdim ki, mənim Ağdamda ev-muzeyim olsun”, - o, müsahibələrinin birində belə demişdi.

Qeyd edək ki, Arif Babayev 1990-cı ildən etibarən Azərbaycan Milli Konservatoriyasında muğam sənəti üzrə pedaqoji fəaliyyətlə məşğul olub, uzun illər “Azərbaycanda muğam sənətinin qorunması və təbliği” istiqamətində mühüm işlər görüb./modern.az


MANŞET XƏBƏRLƏRİ