“Yenidən müharibə başlayacaq”: “Azərbaycan Zəngəzur, Dərəyələz və Göyçəni geri alacaq” - ŞOK


“Qərb heç bir zaman Ermənistanda Paşinyan hakimiyyətinə qarşı çevrilişin baş tutmasına imkan verməyəcək”.

Bu sözləri politoloq Cümşüd Nuriyev “Cebhe.info”-ya şərhində Ermənistan ordusunun ölkədaxili gərgin vəziyyətdən istifadə edib Paşinyan hakimiyyətinə qarşı hərəkətə keçəcəyi ilə bağlı iddialardan danışarkən deyib.

O qeyd edib ki, ölkə daxilində radikal erməni millətçiləri hakimiyyəti zorla ələ almaqda iddialıdır:

“ABŞ hər vəchlə Nikol Paşinyanı hakimiyyətdə saxlamağa çalışacaq. Çünki Paşinyan Soros Fondu tərəfindən yetişdirilən siyasi xadimdir. Vaşinqton, o cümlədən digər Qərb dairələri Ermənistanda baş verən prosesləri diqqətlə izləyir.

Hazırda Ermənistanda Paşinyan hakimiyyətinə, ən əsası da Azərbaycan-Ermənistan şərti sərhədinin delimitasiyasına qarşı təşkil olunan etiraz aksiyaları məhz Rusiya və İran tərəfindən idarə olunur. Heç bir güc mərkəzinin Ermənistanda vəziyyəti gərginləşdirməkdə marağı yoxdur.

Yalnız Moskva və Tehranın marağı var. Vaxtilə Ermənistana rəhbərlik edən “Qarabağ klanı”nın əsas fiqurları - Robert Köçəryan və Serj Sarkisyan Moskvaya bağlıdır və Kremlin tapşırıqlarını yerinə yetirib. Hazırki dövrdə də hər iki fiqur Moskvanın göstərişləri əsasında hərəkət edir.

Ermənistan ordusunun rəhbərliyində oturan bir çox ünsürlər məhz “Qarabağ klanı”nın nümayəndələridir. Həm Köçəryanın, həm də Sarkisyanın hakimiyyəti dövründə tarixin dərinliyinə yuvarlanan Qarabağdakı qondarma rejimin silahlı birləşmələrində xidmət etmiş bir sıra zabitlərə Ermənistan ordusunda yüksək vəzifə verilib.

Həmin ünsürlər də Rusiyaya tabedir”.

C.Nuriyev qeyd edib ki, otuz illik işğal dövründə dünyanın müxtəlif ölkələrində erməni lobbisi Qarabağdakı qondarma rejimə külli miqdarda maliyyə vəsaiti göndərib:

“Qarabağ klanı”nın nümayindələri, erməni separatçıları və revanşist erməni hərbiçiləri, hətta erməni kilsəsi həmin vəsaitdən yararlanıb varlanırdılar.

Amma Azərbaycan İkinci Qarabağ müharibəsində, həmçinin 2023-ci ilin sentyabrın 19-da birgünlük antiterror əməliyyatında bütün bu streotipləri sıradan çıxardı. Qarabağ əldən çıxdığından “Qarabağ klanı”, erməni hərbiçiləri və erməni ruhanilərinin bütün qazancları kəsilib.

Ermənistanın siyasi ictimaiyyətində Nikol Paşinyan yeganə ağıllı adamdır ki, regiondakı reallıqları anlayır və indiki şəraitdə ölkəsini qorumağa çalışır. Əgər Paşinyan hakimiyyətinə qarşı hər hansı çevriliş baş tutarsa, Ermənistan Ukraynadan daha ağır vəziyyətə düçar olacaq.

Ermənistanda “Qarabağ klanı”nın ünsürləri və erməni revanşistlər yenidən hakimiyyəti ələ alarlarsa, Azərbaycanla yenidən müharibə başlayacaq. Növbəti müharibədə uduzacaq tərəf yalnız Ermənistan olacaq. Azərbaycan Ordusu bu müharibədə sovet dövründə Ermənistana qeyri-qanuni verilən dədə-baba torpaqlarımız - Qərbi Zəngəzur, Dərəyələz və Göyçə mahalını geri alacaq. Növbəti müharibənin çox ağır nəticələrini çox yaxşı anlayan Paşinyan tez bir zamanda Azərbaycanla sülh sazişinin imzalanmasına çalışır”.

Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi ehtimalına gəlincə, C.Nuriyev hesab edib ki, bunun baş verməsi inandırıcı deyil:

“Yaxın aylarda Ermənistanda dövlət çevrilişi gözlənilmir. ABŞ, Fransa və digər Qərb dövlətləri Paşinyan hakimiyyətini qorumağa çalışacaq. Avropa İttifaqının Ermənistandakı missiyasında xidmət edən fransalı və almaniyalı hərbçilər Paşinyan hakimiyyətinin təhlükəsizliyinə cavabdehdir.

Bir məqamı da əlavə edim ki, ABŞ-nin ən böyük səfirliklərindən biri də İrəvanda fəaliyyət göstərir. Həmin səfirliyin 2000-dən çox işçisi var. Sözügedən səfirliyin işçilərinin arasında Amerika kəşfiyyatına xidmət edən yerli və xarici agentlər var. Onlar ölkə daxilində xeyli işlər görürlər”.


MANŞET XƏBƏRLƏRİ