Ermənistanda hərbi qiyam baş tutacaqmı? - ŞƏRH


"Erməni hərbçilərinin Tavuşda mülki şəxslərin etirazına qoşulması böyük bir təlatüm yaratmağa hesablanmış addım olsa da, nəticə vermədi".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanda hərbi çevrilişin reallaşma ehtimalını şərh edərkən deyib.

Politoloq bildirib ki, Tavuş bölgəsində erməni ordusuna məxsus bəzi hərbçilərin mülki şəxslərin etirazlarına qoşulması bir test idi:

"Bu hadisə erməni ordusunda mövcud olan bəzi reallıqları ortaya çıxardı. Erməni ordusunda müxtəlif şəbəkələrə, Rusiyaya, Fransa, İrana, Ermənistandakı apostol kilsəsi və xaricdəki erməni lobbisinə xidmət edən hərbçilər mövcuddur. Əslində bəzi erməni hərbçisinin Tavuşdakı mülki şəxslərin etiraz aksiyasına qoşulması ardınca özü ilə böyük bir təlatüm gətirməyə hesablanmış addım idi. Düşünülürdü ki, bir neçə hərbçinin mülki şəxslərin etirazına qoşulması ordunun hərəkətlənməsi və digər erməni hərbçilərinin də prosesə qoşulmasına rəvac verəcək. Ancaq bu alınmadı".

Ekspert qeyd edir ki, Paşinyan hökuməti və ordunun çevik tərpənməsi yaranmaqda olan təhlükənin qarşısnı aldı:

"Dərhal prosesə qoşulan hərbçilər xüsusi bəyanatla çıxış edərək, hadisənin təsadüfən baş verdiyini bəyan etdilər. Ancaq əslində bu düşünülmüş aksiya idi, sadəcə onun kütləviləşməsinə imkan verilmədi. Artıq erməni cəmiyyəti Köçəryan-Sarkisyan kriminal hakimiyyətindən nələr çəkdiklərinin fərqindədir. Erməni cəmiyyəti Rusiyaya bağlı kriminal rejimi yenidən hakimiyyət başında görmək istəmir. Ona görə də Paşinyana qarşı çıxın qüvvələrin başladığı proses kütləviləşə bilmir. Bunun nəticəsidir ki, müxalifətin bütün cəhdləri təsirsiz ötüşür".

Politoloqun fikrincə, proses göstərir ki, Ermənistanda cəmiyyətdən dəstək ala bilməyən Rusiya, kilsə, lobbi hərbi çevrilişə üstünlük verməyə çalışır:

"Ancaq bu yöndə də hansısa nəticələrdən danışmaq mümkün deyil. Ermənistanda hərbi çevrilişin baş tutacağı real deyil. Kilsənin də hay-küyü nəticə vermir. Qərb dünyası da Paşinyan hökumətinə dəstək verir. Ona görə də onu devirmək asan məsələ deyil".

Qeyd edək ki, Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması fonunda Ermənistanda gərginlik artmaqdadır. Bu ölkədəki bir sıra qruplar Azərbaycana qaytarılan kəndlər məsələsini bəhanə etməklə gərginlik yaratmaqda maraqlıdırlar. Hətta bəzi hərbçilər də mülki etirazçıları dəstək verib. Belə ki, aprelin 27-də bir qrup hərbçi ordu sıralarından yayınaraq sərhədlərin delimitasiyasına etiraz edən narazı kütləyə qoşulub.


MANŞET XƏBƏRLƏRİ