Avtomobil satanlarla rəsmilərin maraqlı görüşü: Qiymət bahalaşacaq


“Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində ötən həftə maraqlı bir görüş olub.

Görüşdə Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının və avtomobil satışı şirkətlərinin nümayəndələri iştirak edib.

Məlumat verilib ki, görüşün məqsədi ölkəyə idxal olunan avtomobillərdə DAB+ rəqəmsal radioyayım texnologiyasının dəstəklənməsi ilə bağlı zəruri tədbirlərin görülməsi olub.

Xatırladıram ki, ötən il ölkədə rəqəmsal radioyayımın inkişafı ilə bağlı proqram qəbul edilib. Həmçinin ötən il Prezident ölkədə radio şəbəkəsinin genişləndirilməsi və inkişafı üçün xeyli vəsait ayırıb.

Teleradio Birliyi də ötən dövrlərdə məlumat açıqlayıb ki, FM şəbəkəsi genişləndirilməklə bərabər, artıq Bakı və Abşeronda rəqəmsal radio şəbəkəsi qurulub və belə radioları olan avtomobillər bu siqnalları qəbul edə bilərlər”.

Turkustan.az xəbər verir ki, bunu informasiya-komminikasiya məsələləri üzər ekspert Osman Gündüz deyib. Lakin aparılan araşdırmalar göstərir ki, avtomobillərdə rəqəmsal radiolardan istifadə edənlərin sayında artım hədsiz az olub:

“Məlum olub ki, ölkəyə idxal olunan maşınların əksəriyyətində rəqəmsal radio avadanlığı olmur.

Yəni idxalçılar ölkəyə gətirilən avtomobillərdə bu texnologiyanın olmasında maraqlı deyillər.

Çox güman ki bunun əsas səbəbi avtomobilin maya dəyərinin artması ilə bağlıdır. Belə ki, rəqəmsal radio qəbulu texnologiyası olan avtomobillərin maya dəyəri digərlərindən təxminən 500 -1000 manatadək baha olur.

Düşünmək olar ki, ölkədə rəqəmsal radioyayım şəbəkəsini genişləndirən RİNN və Teleradio Birliyi ölkəyə gətirilən avtomobillərdə bu texnologiyanın dəstəklənməsi üçün avtomobil idaxlçıları və avtomobil dilerləri ilə əməkdaşlıq edəcəklər.

Xatırladıram ki, AM-dən FM-ə keçiddən sonra Teleradio Birliyi karbon emissiyasını bir xeyli azaltdığını bildirmişdi.

Güman ki, COP29 ərəfəsində FM-dən rəqəmsal radioya keçidlə Teleradio Birliyi karbon emissiyasını daha da azaltmağı hədəfləyib.
Əlbəttə, bütün bunlar təqdirəlayiqdir”.

Ekspert vurğulayıb ki, amma qarşıdakı dövrdə ölkədə rəsmi avtomobil satışı bazarında qıymətlərin az da olsa qalxacağını proqnozlaşdırmaq olar.


MANŞET XƏBƏRLƏRİ