Simonyan elan etdi: İrəvan Moskva və Tehrandan qaçıb, Bakıya sığınır?


Prezident İlham Əliyev sonuncu çıxışı zamanı sülh müqaviləsinin imzalanacağı təqdirdə, Ermənistanla enerji ixracı barədə əməkdaşlığın mümkün olacağını bildirdi. Ermənistan parlamentinin spikeri Alen Simonyan da bir neçə gün əvvəl İrəvanın qaz alışı üçün Bakı ilə danışıqlara hazır olduğunu açıqladı.

Parlamentin hakim fraksiyasının deputatlarından Babken Tunyan da spikerin fikrini dəstəkləyərək Ermənistanın enerji mənbələrini şaxələndirməli olduğunu deyib. O bildirib ki, daha öncə İrəvanın əsas qaz təchizatçısı olan Rusiyaya 300 milyon dollar dəyərində borcu yaranıb. Bunun qarşılığında isə Rusiya Ermənistandan bəzi obyektlər alıb.

Maraqlıdır, Ermənistanı tarixi müttəfiqi Rusiyadan qurtulmaq üçün düşməni adlandırdığı Azərbaycanla yaxınlaşmağa nə vadar edir? Hazırda Qərbin dəstəklədiyi Ermənistan Rusiyadan asılılığın azalması üçün Azərbaycanla qazla yanaşı başqa sahələrdə də əməkdaşlığa can ata bilərmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov qeyd edib ki, Azərbaycanla münasibətlərin normallaşması Ermənistanın iqtisadiyyatına töhfə verə bilər:

“Azərbaycanla sülh müqaviləsinin imzalanması, münasibətlərin normallaşması Ermənistan üçün iqtisadi baxımdan “nəfəslik” rolu oynayır. Sülh müqaviləsinin imzalanması, İrəvanın iqtisadi problemlərinin aradan qalxmasına təkan verə bilər. Ermənistanın verdiyi vədlərə əməl etməsi, Azərbaycanla real sülh, İrəvanı düşdüyü ağır vəziyyətdən bir dəfəlik xilas etmək iqtidarındadır. Sülh müqaviləsi imzalanacağı, Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirəcəyi təqdirdə, Azərbaycanla iqtisadi əlaqələri dərinləşə bilər. Bu halda Bakı və İrəvan arasında enerji məhsullarının ixracı da müzakirə edilə bilər”.

Politoloq bildirib ki, İrəvan öhdəliklərini yerinə yetirəcəyi təqdirdə, Bakı ilə müxtəlif sahələrdə əməkdaşlıq ola bilər:

“Azərbaycanın qalib tərəf kimi diqtə etdiyi şərtlər, İrəvanı Bakı ilə yaxınlaşmağa vadar edir. Həmçinin digər iqtisadi sferalarda da əlaqələrin qurulması perspektivləri mövcuddur. Bu gün qonşu Gürcüstanın Azərbaycanla yaxşı münasibətləri var. Bu da həmin ölkənin iqtisadiyyatına böyük töhfələr qazandırır. Gürcüstan modeli Ermənistan üçün nümunə ola bilər”.


MANŞET XƏBƏRLƏRİ