Azərbaycan Xalq Cümhuriyyətində xüsusi xidmət və təhlükəsizlik


Elşən Mirişli
Gəncə şəhəri, tarixçi

III Yazı

Bakı Müdafiə Rayonu Hərbi General-qubernatorunun idarəsi

Dövlət Müdafiə Komitəsi 1919-cu il sentyabrın 13-də Bakı müdafiə rayonunun rəisi vəzifəsini təsis etdi və onu hərbi general-qubernator vəzifəsi ilə birləşdirdi. General-mayor Həbib bəy Səlimov müdafiə rayonunun rəisi,general-mayor Murad Gəray Tlexas isə Bakı müdafiə rayonunun hərbi general-qubernatoru təyin olunmuşdu.

Bakının hərbi-qeneral qubernatoru Murad Gəray Tlexas şəhər ətrafının müdafiə sisteminin qurulmasına rəhbərlik etməklə yanaşı,onun daxilində asayiş yaradılmasını da ciddi nəzarət altında saxlayırdı. Onun 1919-cu il noyabrın 24-də imzaladığı xüsusi əmrlə, müvafiq icazə almadan, küçə toplantılarının, mitinq və nümayişlərin keçirilməsi qadağan edildi.

Aprel işğalından (1920) sonra Bakı hərbi general-qubernatoru Murad Gəray Tlexas bolşeviklər tərəfindən həbs edildi və bolşevik Əli Bayramovun öldürülməsində ittiham olunaraq güllələndi.

İnformasiya şöbəsi

Əksinqilabla Mübarizə Təşkilatının ləğvindən sonra Bakıda və onun ətrafında əks-kəşfiyyatı Bakı general-qubernatorluğunun tərkibində yaradılmış İnformasiya şöbəsi təmin etmişdir. Əksinqilabla Mübarizə Təşkilatının təhqiqat, müşahidə, axtarış, həbs və sairə funksiyaları general-qubernatorun göstərişi ilə informasiya şöbəsinə verilmişdi. İnformasiya şöbəsinə Ələkbər xan Şahsuvarov rəhbərlik edirdi. Həsən bəy Fətəlibəyov rəisin köməkçisi, türk ordusunun polkovniki rütbəsini daşıyan Cəmil bəy xüsusi tapşırıqları yerinə yetirməklə yanaşı, rəisin köməkçisi idi.

Ələkbər xan Şahsuvarov

Ələkbər xan Məşədi Kərim oğlu Şahsuvarov 1877-ci ildə Terek vilayətinin (inzibati mərkəzi Vladiqafqaz şəhəri) Kizlyar şəhərində anadan olmuşdu. Atası Məşədi Kərim Kizlyar şəhərində yaşayan Azərbaycan türklərindən idi. Burda ticarətlə məşğul olmuşdu. Qızı Nisə xanım əmir Məhəmmədəli xan Məhəmmədibrahim xan oğlu İbrahimbəyovla ailə qurandan sonra ticarət işlərini genişləndirmiş və daha da zənginləşmişdi. Ələkbər xan Şahsuvarov ibtidai təhsilini molla yanında almışdı.Sonra Vladiqafqaz gimnaziyasında oxumuşdur.Əvvəlcə Odessa Universitetində oxumuş, sonra Moskva Dövlət Universitetinə dəyişmişdi.Universitetin hüquq fakültəsini bitirmişdi.

Ələkbər xan Şahsuvarov universiteti tamamlayandan sonra Bakıda məskunlaşmışdı.Bakıda ədliyyə dairəsində xidmət etmişdi.

Ələkbər xan Azərbaycan Xalq Cümhuriyyəti Əksinqilabla Mübarizə Təşkilatında təhlükəsizlik əməkdaşı olmuşdu.

Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 6 mart,1920-ci il tarixli qərarı ilə Əksinqilabla Mübarizə Təşkilatı və Dövlət Müdafiə Komitəsi fəaliyyətini dayandırmışdır. II Nəsib bəy Yusifbəyli hökumətinin istefası qəbul edildikdən sonra parlament 1920-ci il martın 30-da Məmmədhəsən Hacinskiyə hökumətin formalaşdırılmasını tapşırdı.

Azərbaycanın bolşevik Rusiyası tərəfindən işğalına iki aydan az vaxt qalmış Bakıda əks-kəşfiyyat təminatını general-qubernatorluğun tərkibində yaradılmış İnformasiya şöbəsi yerinə yetirmişdir.Arxiv sənədlərinə əsasən demək olar ki, yeni qurum Nazirlər Şurasının sədrinə və daxili işlər nazirinə tabe idi. Əksinqilabla Mübarizə Təşkilatının texniki funksiyaları,o cümlədən təhqiqat,müşahidə,axtarış və sairə Bakı general-qubernatorunun göstərişi ilə İnformasiya şöbəsinə təhvil verilmişdir. Şöbəyə rəis Ələkbər xan Şahsuvarov təyin edilmişdi.Ələkbər xan əvvəlki sələflərindən fərqli olaraq,yüksək ixtisaslı hüquqşünas idi.

İnformasiya şöbəsinin əməkdaşları başda Ələkbər xan olmaqla,bir sıra əhəmiyyətli əməliyyatlar həyata keçirmişdilər. İnformasiya şöbəsinin ən çox yadda qalan işi isə 19 aprel 1920-ci ildə, Azərbaycanın işğalına doqquz gün qalmış Balaxanıda 22 nəfər gənc bolşevikin həbsi ilə bağlı məsələ idi.Belə ki, sənədlərdən də göründüyü kimi, Ələkbər xan Şahsuvarovun böyük ustalığı sayəsində həmin dəstə ifşa edilmiş,dəstənin üzvləri isə həbs edilmişdilər.Elə həmin gün Ələkbər xan Şahsuvarov Daxili işlər nazirinin müavininə raport yazmışdır. Əməliyyat zamanı 22 nəfər tutulmuş,iclasın protokolu, “Molodoy kommunist” qəzeti,çağırış və digər sənədlər ələ keçirilmişdir.

Ələkbər xan Şahsuvarovun uğurlu əməliyyatı demək olar ki,əksəriyyət tərəfindən qiymətləndirilmişdir. Ələkbər xan sözün həqiqi mənasında bolşeviklərə qarşı qətiyyətlə çıxışlar edirdi. Aprel ayı Azərbaycan üçün elə bir ay idi ki, əslində nəinki ziyalılar, hətta az qala bütün Azərbaycanın əksər hissəsi Vətənin başı üzərində dolaşan qara buludları görürdülər.

İnformasiya şöbəsinin rəisi Ələkbər xan Şahsuvarov 28 aprel 1920-ci ildə həbs edildi, 13 may 1920-ci ildə Qızıl Ordunun xüsusi şöbəsinin əməkdaşları tərəfindən güllələndi.

Həsən bəy Fətəlibəyov

Həsən bəy Həsən bəy oğlu Fətəlibəyov 18 dekabr 1886-cı ildə Şuşa qəzasının Ətyeməzlər obasında zadəgan ailəsində anadan olub.Zaqafqaziya (Qori) Semnariyasının Tatar-Azərbaycan şöbəsini 5 mart 1916-cı ildə, 271saylı şəhadətnamə ilə bitirib. Şəxsi işində ailə tərkibi də qeydə alınmışdır. 12 aprel 1896-cı ildə anadan olan arvadı Ədilə xanım,4 dekabr 1913-cü ildə anadan olan qızı Leyla xanım,2 mart 1915-ci ildə anadan olan oğlu Ənvər bəy.

29 oktyabr 1917-ci ildə Tatar-Azərbaycan süvari alayının ehtiyat bölməsinə könüllü qəbul olunub.23 noyabr və 5 dekabr Müsəlman Korpusuna əsgər yığmaq üçün Borçalı qəzasına ezam edilib.4 yanvar 1918-ci ildə uryadnik rütbəsi verilib və general-leytenant Əliağa Şıxlinskinin əmri ilə oboz (hərbi araba karvanı) komandiri təyin edilib. 1-ci Tatar-Azərbaycan süvari alayının kollec registratoru olub,qoşunu ərzaqla təchiz edib və onu mənzillərə yerləşdirib. Dövlət müşaviri,birinci dərəcəli könülllü əsgər olub. 4 yanvar 1919-cu ildə ailə vəziyyətinə görə hərbi xidmətdən tərxis olunub.

6 mart 1920-ci ildə təsis olunan İnformasiya şöbəsində Həsən bəy Fətəlibəyov Ələkbər xan Şahsuvarovun köməkçisi və rəis müavini olub. 27 aprel 1920-ci ilə qədər İnformasiya şöbəsində çalışıb. Vəfat tarixi 1953-cü ildi.

Parlamentin Mühafizə dəstəsi

Azərbaycan parlamentinin,onun rəhbərlərinin və digər əhəmiyyətli obyektlərin mühafizəsinin təşkili və yaradılması üçün 1919-cu il, fevralın 18-də Parlamentin 15-ci iclasında “Azərbaycan parlamentinin mühafizə dəstəsinin yaradılması haqqında” qanun qəbul olunmuşdu. Qanuna əsasən, parlamentin 200 nəfərlik mühafizə dəstəsi təsis edilirdi.Mühafizə dəstəsi parlamentin Rəyasət Heyətinin tabeliyində idi. Mühafizə dəstəsinin saxlanılmasına dövlət xəzinəsindən 2200000 rubl məbləğində vəsait ayrılmışdı. Parlamentin mühafizə dəstəsinin rəisi əvəllər I Tatar alayında rotmistr rütbəsində xidmət etmiş podpolkovnik N. Əliyev təyin edilmişdi.

Mühafizə dəstəsi parlamentin və başqa bir neçə əhəmiyyətli dövlət obyektinin mühafizəsini təşkil edirdi. Eyni zamanda, xüsusi və mühüm tapşırıqların yerinə yetirilməsi daha çox mühafizə dəstəsinin şəxsi heyətinə etibar olunurdu. Mühafizə dəstəsinin əməkdaşları Qarabağda ermənilərlə savaşlarda da yaxından iştirak edirdilər. General-mayor Həbib bəy Səlimovun döyüş bğlgəsindən Baş Qərargaha göndərdiyi raportlarda Parlamentin mühafizə dəstəsinin igidliyi barədə məlumat verilirdi. Döyüşlərin birində dəstənin praporşiki Nəcəfəliyev başda olmaqla,16 əsgər həlak olmuş,praporşik Əsgərov, podporuçik Dauşvili,Ərəbov və xeyli əsgər yaralanmışdı. Döyüşən dəstəyə parlamentin mühafizə dəstəsinin podpraporşiki Mövsüm İbrahimov rəhbərlik edirdi.

Mövsüm İbrahimov

1919-1920-ci illərdə Mövsüm İbrahimov Azərbaycan Xalq Cümhuriyyəti parlamenti mühafizə dəstəsinin podpraporşiki,rus işğalından sonra yaradılan Hərbi Dəniz Xalq Komissarlığında təsərrüfat komandasının rəisi idi.

Mövsüm İbrahimov 1920-ci ildə yaradılan Gizli Müsavat təşkilatının üzvlərindən idi.O,1923-cü ildə Gizli Müsavatın Bakı komitəsi nəzdində yaradılan hərbi təşkilatın rəhbərlərindən biri olmuşdur.Dadaş Həsənovun təklifi ilə Gizli Müsavat təşkilatı üzvlərinə müsavatçı olduqlarını gizlədərək AK(b)P-nın sıralarına (onu içəridən dağıtmaq üçün) daxil olmaq tövsiyyə edilirdi.Bu məqsədlə Mövsüm İbrahimov 1925-ci ildə AK(b)P-sı üzvlüyünə daxil olmuşdur.Gizli təşkilatın dağıdılması əməliyyatı zamanı 1927-ci il 27 fevral tarixli qərarla güllələnməyə məhkum edilmişdir.6 aprel 1927-ci ildə güllələnmişdir.

Xüsusi xidmət və təhlükəsizlik orqanlarında irtica ilə mübarizə.

Mir Fəttah Musəvi

Mir Fəttah Mir Əli oğlu Musəvi 1891-ci ildə Şuşa şəhərində doğulmuşdu. İbtidai təhsilini Ağdamda alaraq Aşqabada qohumlarının yanına köçmüşdür. Musəvi burada gimnaziya təhsili almaqla yanaşı siyasi fəaliyyətə qoşulmuş, müsəlman gənclərinin dərnəyini təşkil etmişdi.1917-ci ildə Şuşaya qayıdaraq inqilabi fəaliyyətini davam etdirən Musəvi 1918-ci ildə Bakıya gələrək “Hümmət” təşkilatına daxil olur.Azərbaycan Xalq Cümhuriyyəti parlamentində “Hümmmət” firqəsinə daxil olur.AXC parlamentində solçu “Hümmət” fraksiyasını təmsil edən Musəvi tez-tez alovlu nitqlər söyləyir,mitinq və tətillərdə əhalini əksinqilabçı Denikinə qarşı mübarizəyə səsləyirdi.Əksinqilabla Mübarizə Təşkilatında işləyən 17 nəfər hümmətçi əməkdaş başda təşkilatın rəis müavini Musəvi olmaqla rusların ölkə daxilindəki fəaliyyətinə qarşı mübarizəyə açıq və ya gizli şəkildə mane olurdular.

Haşım Əliyev, Mir Fəttah Musəvi və Qoqoberidze əvvəlcə Rusiyaya işləyən agent olan kommunistləri vağzaldan Tiflisə yola salırlar,sonra onlar Həştərxana Azərbaycan hökumətindən gizlin benzin aparan barkası dəniz yoluyla göndərdikdən sonra üçlükdə “Novı Svet” meyxanasına gəlirlər.Yemək əsnasında qonşu masada əyləşib şampan şərabı içən Hacı bəy Seyidbəyovla onların aralarında mübahisə düşür . Mübahisəyə səbəb onları Rusiyaya casusluqda ittiham etməsi idi.Hacı bəy Seyidbəyov dəmiryol teleqrafının rəisi işləyirdi və qubernatorla qohumluğu çatdığından bir sözünü iki etmirdilər.Hacı bəy Seyidbəyov tapançayla Haşım Əliyevi və Mir Fəttah Musəvini qətlə yetirir, Qoqoberidze isə ayağından yaralanır.Bu hadisə 1919-cu ilin 5 sentyabrında baş verir.

1919-cu il sentyabrın 7-si Qurban bayramı günü müsavatçı Seyidbəyov tərəfindən qətlə yetirilmiş Haşım Əliyev və Mir Fəttah Musəvinin dəfn mərasimi keçirilir. Onların cənazəsi izdihamın müşayətiylə parlament binasının önünə gətirilir.Başqa bir casus və əlaltı Əliheydər Qarayev parlament eyvanından mərasimi izləyən müsavatçı nazirlərə əlini uzadaraq “ Bu qurbanlar sizə baha tamam olacaq” deyə qışqırdı.Mir Fəttah Musəvi Əksinqilabla Mübarizə Təşkilatında yarandığı 11 iyun 1919-cu ildən həmin ilin 5 sentyabrına qədər rəis müavini işləmişdir.

Qatır Məmməd və onun ermənilərdən ibarət quldur dəstəsi.

Məmmədov Məmməd Əli oğlu (Qatır Məmməd) 1887-ci ildə Gəncə qəzası Goranboy-Əhmədli kəndində anadan olub.1906-cı ilin fevralında sosial-demokrat tələbə təşkilatının Bakıdakı üzvləri texniki məktəbdə məktəb müdriyyətinin özbaşınalıqlarına etiraz əlaməti olaraq ümumi tətil keçirdi. Məmmədin köməkliyi ilə Gəncə texniki məktəbi də Bakı tələbələrinin tətilinə dəstək verir. İki gündən sonra tətil yatırılır və Məmmədlə dostları Sibirə sürgün edilirlər. 19 yaşlı Məmməd bolşeviklərlə tanış olur. Ona həbsdən Stepan Şaumyanın yaxın adamları qaçmağa kömək edirlər. O ilk silahlı üsyanını 1906-cı ildə, cəmi 19 yaşı olarkən təşkil etdi.Yaratmış olduğu silahlı dəstəylə kəndlərə daxil olur,kəndlilərin var-dövlətini talayıb müsadirə edirdi.

1907-ci ilin yayında Məmmədin quldur dəstəsi Goranboy-Əhmədli mülkədarı Haqverdi ağa Adıgözəlbəyova qarşı soyğunçuluq reydi keçirir. Haqverdi ağa və onun dostu mülkədar Hacı Həsən Quşbazoğlu qaçaraq Gəncə qubernatoruna sığınır,ondan quldur dəstəsinə qarşı silahlı qüvvə göndərməyi xahiş edirlər. Məmməd həbs olunaraq Gəncə həbsxanasına salınır. 4 aydan sonra Gəncə erməniləri öz başçılarını həbsdən qurtarmaq üçün pul yığıb Gəncə kommunist təşkilatına verirlər və onların rüşvət verdikləri pul yardımı ilə erməni quldurlarının rəhbəri çıxarıldığı məhkəmədə bəraət alır.Bu hadisələrdən sonra Qatır Məmməd öz sahibi Stepan Şaumyanla çox yaxın olub,doğma qardaş kimi olurlar.

1914-cü ildə məhkəmə Qatır Məmmədin 12 illik Sibirə sürgün edilməsi barədə qərar çıxarır. O,1917-ci il Rusiyada baş vermiş fevral inqilabına kimi Sibirdə sürgündə olur. Lakin yenə də ətrafına çoxluğu ermənilərdən ibarət dəstə toplayıb Müsavat hökumətinə qarşı çıxış edir. Onun əsas maliyyə dəstəyi Stepan Şaumyan və Gəncə erməniləri idi. Məşədi Əzizbəyov onu yaxın dostu kimi qəbul edirdi.Bakıya bir neçə dəfə gələn Qatır Məmməd Stepan Şaumyanın evində qalırdı. Azərbaycan Xalq Cümhuriyyəti hökuməti qurulandan sonra Osmanlı Dövlətinə Bakının azad edilməsi üçün müraciət edildiyini eşidən Stepan Şaumyan onu geri qayıdıb onların qarşısını almağı tapşırır və silahla təmin edir.”Qırmızı partizan” dəstəsi adını alan Qatır Məmmədin adamları Nuru Paşanın başçılığında Gəncədən çıxaraq Goranboy istiqamətinə Qafqaz İslam Ordusunun getməsini eşidib pusqu qurur. Gəncədən gələn Nuru Paşa və Tovuzdan gələn türk paşası Hulusi bəyin də qoşununun qarşısını alıb onların Bakıya gəlməsini bir neçə müddət gücikdirir. Qatır Məmməd tək əmr qulu olmayıb, həm də öz xalqının məhvi üçün peşəkar bir kəşfiyyatçı olub. Onun ən iyrənc ideyası Azərbaycan ordusuna sızıb içəridə provakasiya etmək olub.

1918-ci ilin yazında Qatır Məmməd və Qaraqucaq kənd üsyançılarının rəhbəri Məşədi Səməd Bakıda Məşədi Əzizbəyovla görüşürlər.Belə qərara gəlinir ki, Azərbaycan ordusu daxilində inqilabi iş aparmaq zəruridir.Qatır Məmməd və Məşədi Səməd saxta sənədlər düzəldərək Azərbaycan ordusuna yazılırlar.Amma Əhməd bəy Məmmədxanbəyov Qatır Məmmədi əsgərlər arasında görüb tanıyır və bunu hərbi hissə komandirinə xəbər verir.

Qatır Məmməd və Məşədi Səməd həbs edilərək zindana salınırlar. Gəncədə səhra məhkəməsi qurulur. Qatır Məmməd və Qaraqucaqlı inqilabçı Məşədi Səməd dar ağacından asılmaqla ölüm hökmünə məhkum edilir. Edama bir gün qalmış Gəncə şəhər kommunist təşkilatının üzvləri həbsxana divarını dələrək Qatırı qaçırmağa müvəffəq olurlar.

1919-cu ilin 11 sentyabrında Gəncə prokurorunun Azərbaycan daxili işlər nazirinə teleqramı göndərilir. Teleqramda yazılır:“Biz Qatır Məmmədi öldürmək üçün erməni daşnaklarına müraciət etdik. Lakin onlar Qatır bizim qardaşımızdır deyib imtina etdilər. Hal-hazırda Qatırın dəstəsində olan 150 nəfərdən 100 nəfəri erməni daşnaklarıdır.”

Qatır Məmməd və 150 nəfərlik quldur dəstəsi Kürün sağ sahilində Samux rayonunun Qaraqovaq kəndində Azərbaycan ordusu tərəfindən mühasirəyə alınaraq bütün dəstəsi ilə bərabər öldürülmüşdür (18.10.1919). Qatır Məmməd Azərbaycan Xalq Cümhuriyyəti ordusunun zabiti Teymur bəy Mirzə Hacı bəy oğlu tərəfindən şəxsən 18 oktyabr 1919-cu ildə güllələnib öldürülmüşdür.Bu əməliyyat yüksək peşəkarlıqla hazırlanıb həyata keçirilmişdi. Xüsusi xidmət və təhlükəsizlik orqanlarında çalışan fədakar insanlar az müddət ərzində böyük işlər görə bilmişdilər.

Son.


MANŞET XƏBƏRLƏRİ