ABŞ Livana Hizbullahı tərksilah etməsi üçün təzyiq göstərir.
Turkustan.az xəbər verir ki, ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tomas Barakın “Livan yenidən ekzistensial təhlükə ilə üzləşə bilər” sözləri Livan ictimaiyyətində geniş rezonans doğurub.
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) nəşr olunan “The National” qəzetinə açıqlamasında Barak bildirmişdi ki, Livan Hizbullahın silahlanması məsələsini həll etməlidir, əks halda ölkə ciddi təhlükələrlə üzləşə bilər.
Ekspertlər bu açıqlamaları müxtəlif cür şərh edirlər. Bir qrup ekspert bunu ABŞ-ın Hizbullahı tərksilah etmək üçün Livana təzyiqi kimi qiymətləndirir. Digərləri isə bu sözləri Livan dövlətinin öz öhdəliklərini yerinə yetirə bilmədiyinin göstəricisi kimi dəyərləndirir.
Barak bölgədəki geosiyasi vəziyyətə toxunaraq deyib:
“Bir tərəfdə İsrail, digər tərəfdə İran var və indi Suriya özünü çox sürətlə təsdiqləyir. Əgər Livan hərəkətə keçməzsə, suverenliyini itirmək və qonşu dövlətlərin müdaxiləsinə qarşı həssas qalmaq riski ilə üz-üzədir.”
Livan mediası Barakın “regional yenidənqurma prosesinə uyğunlaşmayan Livan Biləd əş-Şama qayıda bilər” ifadəsinə də geniş yer verib.
Qeyd edək ki, “Biləd əş-Şam” tarixi baxımdan Osmanlı dövründə Suriya, Livan, İordaniya və Fələstini əhatə edən Böyük Suriya bölgəsinə istinad edir. Livanda bu terminə suverenlik və xarici müdaxilə ilə bağlı həssaslıqlar səbəbindən ehtiyatla yanaşılır.
İyulun 12-də şəxsi X hesabından paylaşım edən Tomas Barak isə açıqlamalarına aydınlıq gətirərək bildirib ki, onun sözləri Livana qarşı təhdid deyil, sadəcə müşahidə xarakterlidir.
O paylaşımında əlavə edib:
“Suriyanın, ABŞ prezidenti Donald Trampın sanksiyaları aradan qaldırmasından sonra yaranan tarixi fürsəti ildırım sürəti ilə ələ keçirdiyini müşahidə edirik. Suriya hökuməti Livanla birgə yaşamaq və qarşılıqlı rifah istədiyini bəyan edib.”
Aytən Yaşar/ Turkustan.az