Məhkum əcnəbilər müəyyən şərtlər daxilində Rusiya vətəndaşlığı ala biləcəklər.
Turkustan.az xəbər verir ki, bu barədə Rusiyа Daxili İşlər Nazirliyinin (DİN) məlumatında bildirilir. Sənədlərdə göstərilir ki, hərbi əməliyyatlarda iştirak etmək üçün Müdafiə Nazirliyi ilə müqavilə imzalayan məhkum xaricilər vətəndaşlıq üçün müraciət edə bilərlər.
Açıqlamada xüsusilə ukraynalı məhkumlara yönəlik xüsusi tənzimləmə olduğu vurğulanıb. “Donetsk Xalq Respublikası” (DXR), “Luqansk Xalq Respublikası” (LXR), Zaporojye, Xerson bölgələrində yaşamış və ya hazırda yaşayan, Ukrayna pasportunu saxlamaq istəməyən ukraynalı məhkumlar da Rusiya vətəndaşlığı üçün müraciət edə bilərlər.
Lakin bu şərtlərə cavab verməyən məhkum xaricilərin vətəndaşlıq almaq hüququ yoxdur. “Kommersant” qəzetinin mart ayında dərc etdiyi məlumata görə, 2024-cü ildə 209 min xarici şəxsə Rusiya vətəndaşlığı verilib. Bu rəqəm əvvəlki illə müqayisədə 44,8% azalma deməkdir və son beş ilin ən aşağı göstəricisidir.
Kiyev rəhbərliyi bu tətbiqi "vətəndaşlarının məcburi hərbi xidmətə cəlb edilməsi" kimi qiymətləndirərək beynəlxalq ictimaiyyəti hərəkətə keçməyə çağırıb. Ukrayna Xarici İşlər Nazirliyi xüsusilə işğal altındakı ərazilərdən məhkumların bu şəkildə istifadə olunmasını "müharibə cinayəti" kimi qiymətləndirib. /Cebheinfo.az/