Daha bir CHP bələdiyyə sədri həbs olundu


İstanbulda Şile Bələdiyyəsinə rüşvət və tender saxtakarlığı əməliyyatı: Bələdiyyə başçısı və 4 nəfər həbs edilib

Turkustan.az xəbər verir ki, İstanbul Anadolu Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətlər üzrə İstintaq Bürosu tərəfindən Şile Bələdiyyəsinə qarşı aparılan istintaq çərçivəsində ciddi korrupsiya iddiaları üzrə əməliyyat keçirilib. İstintaq “cinayət törətmək məqsədilə təşkilat qurmaq”, “qəsb”, “rüşvət almaq” və “tenderi saxtalaşdırmaq” ittihamlarını əhatə edir.

Əməliyyat nəticəsində Şile Bələdiyyə Başçısı da daxil olmaqla ümumilikdə 5 nəfər nəzarətə alınıb. Onlar sağlamlıq yoxlamasından sonra ifadə vermək üçün Anadolu Ədliyyəsinə gətirilib. Prokurorluq tərəfindən ifadələri alınan şübhəlilər Növbətçi Cəza Məhkəməsinə göndərilib və barələrində həbs tələbi irəli sürülüb. Bir nəfər şübhəliyə isə məhkəmə nəzarəti tədbirlərinin tətbiqi istənilib.

İstanbul Anadolu Baş Prokurorluğu tərəfindən hazırlanan istintaq sənədində qeyd olunur ki, Şile Bələdiyyə sədrinin müavini Tuncay Tolga Özçakmak, vəkil Ali Şafak, rayonlaşdırma direktoru Aslı Kotan və lisenziya nəzarətçisi Evren Buçhan təxminən dörd ay əvvəl Şişli Bələdiyyəsindən Şile Bələdiyyəsinə keçirilib.

İddialara görə, bu şəxslər vəzifəyə gəldikdən sonra rüşvət müqabilində rayonlaşdırma və yaşayış icazələri verməyə başlayıblar. Bildirilir ki, icazə proseslərini sürətləndirmək üçün podratçılardan və vətəndaşlardan 15 min avrodan 50 min avroya qədər rüşvət alınıb.

Bələdiyyə sədrinin müavini Özçakmak, vəkil Şafak və nəzarətçi Buçhanın icazə gözləyən şirkətlərin işlərini pul qarşılığında asanlaşdırdıqları iddia olunur. Eyni zamanda, bəzi şirkətlərə nağd rüşvət, bəzilərinə isə hədiyyə sertifikatları, tikinti materialları və ərzaq bağlamaları verildiyi qeyd edilib.

İstintaq davam edir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ