Azərbaycanın qaz ixrac etdiyi ölkələrin SİYAHISI


Ötən həftəsonu Suriya keçid hökumətinin prezidenti Əhməd Əl Şaara Azərbaycana səfər edib. Bu səfər çərçivəsində 1 mlrd. kubmetr qazın Türkiyə üzərindən Suriyaya ixracı məsələsi müzakirə olunub. Suriya həm özü Azərbaycan qazını idxal edə bilər, həmçinin tranzit ölkə rolunu oynaya bilər.
Beləliklə, Suriya Azərbaycan qazını idxal edəcək 13-cü ölkə olacaq.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar bayramov Modern.az-a bildirib ki, Azərbaycanın Suriyaya qaz ixracı potensial olaraq mümkündür:

"Azərbaycanla Suriya arasında münasibətlərin normallaşması prosesi başlayıb. Sözsüz, Suriya Prezidentinin Azərbaycana səfəri onu göstərir ki, iki ölkə arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. Enerji əməkdaşlığı vacib məqamlardan biri ola bilər. Uzun müddət Suriya iqtisadiyyatı tənəzzül keçirib. O kontekstdən hansı sahələrdə əməkdaşlığın mümkün olması müəyyənləşəcək. Təbii ki, Azərbaycan Suriyanın yeni hakimiyyəti ilə əməkdaşlıqda maraqlı olduğunu, fərqli sahələrdə əməkdaşlığın inkişaf etdirmək niyyətini bəyan edib. Mavi qaz ixracı və enerji əməkdaşlığı hazırda müzakirə edilən və potensial olaraq mümükün olan məsələlərdəndir".

Qeyd edək ki, Azərbaycan hazırda 12 ölkəyə qaz ixrac edir:

- Türkiyə
- Gürcüstan
- İtaliya
- Yunanıstan
- Bolqarıstan
- Rumıniya
- Macarıstan
- Serbiya
- Sloveniya
- Xorvatiya
- Şimali Makedoniya
- Slovakiya.

Dövlət Gömrük Komitəsinin açıqladığı rəqəmlərə görə, 2025-ci ilin yanvar-mart aylarında Azərbaycandan 5 milyard 899 milyon kubmetrdən çox təbii qaz ixrac olunub.

Bu ixracın ümumi dəyəri 2 milyard 206 milyon ABŞ dolları təşkil edib.

Müqayisə üçün, 2024-cü ilin eyni dövründə təbii qaz ixracı 4 milyard 933 milyon kubmetr təşkil etmişdi və bunun dəyəri 1 milyard 752 milyon dollar idi.


MANŞET XƏBƏRLƏRİ