Nəriman Əbdülrəhmanlı
bir adın qalmalı geriyə,
bir də o qəhr edən qürbət...
Ahmet Hamdi Tanpınar
Hərdən gözlərimi yumuram, iç dünyamda ötən yüzilliyin əvvəllərində Şərqi Anadolu vilayətlərini dolaşan bir uşaq canlanır...
O, atasının qazı vəzifəsində iş yerini tez-tez dəyişməsi üzündən Ergani, Sinop, Siirt, Kərkük, Antalyada yaşayır, hələ dünyanı təzəcə qavrayan ağlı ilə zamanın gedişatından baş çıxarmağa çalışır, gördüklərini, eşitdiklərini yaddaş saxlancının səhifələrinə həkk eləyir...
Həmin oğlan atalı-analı günlərin xoşbəxtliyini də yaşayır, ana itkisinin ağrısını da çəkir, səhranın, dağın, vadinin, dənizin ruhunu da duymağa can atır. Hələ bilmir ki, bütün yaşadıqları bir vaxt onu bütöv və böyük ruha – Türk Ruhuna aparıb çıxaracaq...
1.Şahzadəbaşının sərgərdan uşağı
O uşaq – Əhməd Həmdi (Ahmet Hamdi) Tanpnar 1901-ci il iyunun 23-də İstanbulun Şazadəbaşı məhəlləsində yaşayan gürcü əsilli Hüseyn Fikri Əfəndi və Nəsimə Bəhriyə xanımın ailəsində dünyaya gəlib. Üç uşağın kiçiyi olub, körpə yaşlarından müxtəlif yerlər, cürbəcür insanlar görüb, gördüklərini də birbəbir yaddaşına yazıb. Kərkükdə olanda anasının yatalaq xəstəliyindən vəfat eləməsi o uşağın qəlbinə ilk dərəni vurub.
Əhməd Həmdinin təhsil dövrü də həyatı kimi sərgərdan olub. Antalyada liseyi başa vurandan sonra 1918-ci ildə, məmləkətin çətin günlərində ali təhsil almaq üçün İstanbula üz tutub. O il istəyini gerçəkləşdirə bilməyəcəyini görəndə internat tipli Halkalı Ziraət Məktəbində oxuyub. Elə onda da tale onu şeirlərindən sevdiyi Yəhya Kamal Bəyatlıyla üz-üzə gətirdi, onun təsiriylə də sonrakı il İstanbul Darülfünunun ədəbiyyat fakütəsinə daxil oldu, taleyinə məhz Yəhya Kamalın şagirdi olmaq düşüb.
Yəhya Kamal mədəniyyət, sonrakı illərdə isə qərb və türk ədəbiyyatları tarixindən dərs deyib. Müəllimləri arasında dövrün görkəmli simaları Mehmed Fuad Köprülü, Cənab Şəhabəddin, Ömər Fərit Kam, Əhməd Naim Babanzadə... də olub.
Sonra o gənc təhsilini tamamlayıb yenidən ruhunu çəkib aparan yerlərə gedəcək, Ərzurumda, Konyada, Ankarada, Bursada, İstanbulda yaşayacaq, türk tarixi, mədəniyyəti, ədəbiyyatı ilə nəfəs-nəfəsə ömür sürəcək, nəhayət, şeirləri, romanları, hekayələri, tərcümələri, araşdırmaları ilə türk ədəbiyyatını zənginləşdirəcək, millət vəkili kimi, xalqına xidmət eləyəcəkdi...
Qismətinə belə bir bənzərsiz tale düşmüş həmin uşaq – Ahmet Hamdi Tanpınar mənsub olduğu ölkənin və xalqın kimlik vəsiqələrindən birinə çevriləcəkdi...
2.Narahat ömür yaşayırdı...
Əhməd Həmdi Tanpınar müəllimlərindən almalı olduğu hər şeyi əxz eləməyə çalışır, Sözün gizlinlərinə yetmək üçün gecəni-gündüzə qatırdı. Elə bu səbəbdən də Yəhya Kamalın təkcə tələbəsi olmaqla qalmadı, həm də ömürlük dostuna çevrildi.
Klassik irsə xüsusi sevgisi olan Əhməd Həmdi diplom işini ortaçağ türk poeziyasının sütunlarından sayılan Şeyxinin “Fərhad və Şirin” poemasına həsr elədi. Sonnralar klassikaya bu sevgisi onu daha böyük axtarışlara sövq eləyəcəkdi.
1923-cü ildə - Cümhuriyyətin elan edildiyi ildə - müstəqil həyata qədəm qoyan Əhməd Həmdi Tanpınar ilk iş yeri kimi Ərzurumu seçdi, liseydə ədəbiyyatdan dərs dedi, üç il sonra Konyayaya getdi, bir il sonra isə Ankaraya üz tutdu, əvvəl liseydə, sonra Qazi Tərbiyə İnstitutunda dərs dedi...
Amma artıq qaynar ədəbi mühiti olan İstanbul üçün darıxmışdı, 1932-ci ildə Ankaradakı bütün perspektivlərindən əl çəkib İstanbula qayıtdı, hər şeyi yenidən başlamalı oldu: əvvəl Kadıköy liseyində, klassik Qərb musiqisinə bələdliyi səyəsində də Əhməd Haşimin vəfatından sonra Gözəl Sənətlər Akademiyasında estetik mifologiya fənnini tədris elədi.
Ahmet Hamdi Tanpınar yaradıcılığa şeirlə başlayıb, ilk şeiri tələbəlik illərində dərc olunsa da, ədəbi aləmdə 20-ci illərin ortalarından tanınmağa başladı. Görünür, bu da yaşadığı və çalışdığı, hələ klassik türk poetik ənənələrinin geniş yayıldığı 20-30-c illərin ümumi ruhu ilə bağlıdı. “Nə içindəyəm zamanın,/Nə də büsbütün dışında...” deyən Tanpınar türk poeziyasının klassik ənənələrdən modern ab-havaya keçid dövrünün övladı idi. Təxminən yaşıdı olan Nazim Hikmətlə eyni vaxtda şeirə yeni nəfəs gətirənlərdən biri də məhz Tanpınardı.
O, eyni zamanda da elə o dövrdə ilk hekayəsini qələmə aldı, qərb ədəbiyyatından ilk tərcümələrini (E.T.A.Hofmann və Anatol Fransdan) oxuculara təqdim elədi...
Tanpınar həm də Cümhuriyyəti quranların sıralarında idi, Mustafa Kamal Atatürk və silahdaşlarının döyüş cəbhəsində və dinc quruculuqda gördüyü işlərə təhsil və ədəbiyyat sahəsindəki fəaliyyətilə dəstək olmağa səy göstərirdi, bu yönümdə də az uğurlar qazanmamışdı...
3.Daim yeniliyə, yenilənməyə can atırdı...
Əhməd Həmdi Tanpınar düşüncədə də, ədəbiyyatda da yenilənmənin tərəfdarıydı, bu yönümdə bəzən həddən artıq kəskin mövqe tuturdu. 1930-cu ildə Ankarada keçirilən Türkiyə Ədəbiyyat Müəllimləri Konqresindəki çıxışında Osmanlı ədəbiyyatının tədris proqramından çıxarılmlsı, ədəbiyyat tarixinin Tənzimat dövründən başlanılmalı olduğu barədə fikirləri qızğın müzahirələrə səbəb olmuşdu. Dostu şair Əhməd Kutsi Tecerlə o illərdə nəşr elədiyi “Görüş” dərgisi də məhz yenilənmə dümüncəsini yaymağa xidmət eləyirdi.
O, “Şeir haqqında” adlı ilk ədəbi məqaləsini 1930-cu ildə qələmə almışdı, 1937-ci ildə “Tevfik Fikrət” monoqrafiyası ilə də araşdeırma bacarığını bütün çalarlarıyla ortaya qoydu. Elə buna görə də elmi dərəcəsi olmaya-olmaya 1939-cu ildə Tənzimatın 100 illiyi münasibətilə təhsil naziri Hasn Ali Yücəlin əmri üzrə İstanbul universitetinin ədəbiyyat fakültəsində yaradılan XIX əsr türk ədəbiyyatı kafedrasının yeni türk ədəbiyyatı professoru təyin edildi, üstəlik, ona Tənzimatdan sonrakı türk ədəbiyyatı tarixini yazmaq həvalə olundu.
Əhməd Həmdi Tanpınar missiyasını lsayiqincə yerinə yetirdi, “XIX əsr türk ədəbiyyatı tarixi” kitabının işıq üzü görən, Tənzimat dövründən 1885-ci ilədək dövrü əhatə eləyən birinci cildiylə (1949) ədəbiyyat tarixçiliyinə yeni münasibət və nəzər nöqtəsi gətirdi. Amma təəssüf ki, o, araşdırmanın 1885-ci ildən Cümhuriyyət qurulanacan olan dövrə işıq salacaq ikinci cildini tamamlaya bilmədi.
Onun nəşrə hazırladığı “Namik Kamal antologiyası” (1942) də ciddi axtarışlar nəticəsində meydana çıxmışdı. Araşdırdığı mövzulara böyük sevgiylə yanaşan, təfərrüatlara varmağı sevən Tanpınar həmin antologiya sayəsində Namik Kamal haqqında bitkin təsəvvür yaratmağa nail olmuşdu...
4.Tanpınar nəsrinin sehri
Bununla belə, Əhməd Həmdi Tanpınar ədəbiyyata məhz nəsri, ilk növbədə də romanları ilə möhrünü vurub...
O, nəsrə yetkinlik dövründə, 40 yaşını ötəndən sonra qədəm qoyub, 1943-cü ildə “Abdullah Əfəndinin röyaları” hekayələr toplusunu çap etdirib. Həmin il “Yağmur”, “Güllər və qədəhlər”, “Rəqs”, “Bursada zaman” kimi şeirləri işıq üzü görsə də, hekayələri türk nəsrinə yeni nəfəs gəldiyindən xəbər verirdi.
1990-cı illərin əvvəllərində Ustadın “Abdullah Əfəndinin röyaları” hekayələr toplusunu Anadolu türkcəsində oxuyanda Tanpınar qələminin qüdrətinə heyran qalmışdım. Onda heç ağlıma da gəlməzdi ki, bir müddət sonra romanlarını Azərbaycan türkcəsinə çevirəcəyəm.
Amma qismət oldu: “Saatları qurma institutu” (1962) romanını və “Beş şəhər” (1946) sənədli əsərini dilimizdə səsləndirdim. Bu çevirinin başlıca faydası da o oldu ki, əsərlərlə bağlı müəyyən mətləblərdən baş açmaq üçün istər-istəməz Tanpınarın yaradıcılığına baş vurdum və... qarşımda müəllifin təqdimatı ilə bir məmləkətin, millətin, cəmiyyətin iç dünyası qat-qat açıldı...
Ustad keçmişlə yaşadığı dövr arasında çox məhrəm əlaqələr yaratmağa hesablanmış ilk romanı “Mahur Bəstə”ni (1944) yazanda bir müddət Osmanlı dövlətinin ortaçağ anaşəhərlərindən – paytaxtlarından biri olan Bursada yaşayıb, memarlıq abidələrini bir-bir dolaşıb, zamanın ruhunu duyub, dövrün böyük musiqiçiləri Eyyubi Bəkir Ağanın və İsmayıl Dədə Əfəndinin yaradıcılığına vaqif olub, mədəniyyətin nə olduğunu dərk eləyib: “Bax, mədəniyyət dediyin bu imarətə oxşayır. Əvvəlcə o sandığın möcüzəsi vardı. Yəni rəhmətlik nənənin xoşuna gələn şeyləri sən hiss eləmədən hazırlayan sevgisi... Bu o mədəniyyətin yaradıcı tərəfidir və həqiqətən, möcüzəyə bənzərdi...”
Elə o vaxtlar da oxuduğum “Hüzur” (1948) romanını niyə qələmə aldığını dərk elədim. Səbəbini Tanpınar müsahibələrinin birində belə izah eləyib: “Çünki hüzursuz bir dünyada yaşayırıq. Çünki insan özüylə barışmayıb. Dəyərlər qarşısında və insan qarşısında yenidən düşünməyə məcburuq. Çünki hər şeydən şübhələnirik. Və nəhayət, arxamızda Allahı keçmişdəki kimi, o qədər yaxından hiss eləmirik. Xülasə, hüzursuz olduğumuza görə...”
5.Modern türk nəsrinin ilk nəhəngi
“Saatları qurma institutu” (1954) romanında isə Əhməd Həmdi Tanpınar artıq zaman, məkan və düşüncə sarıdan yaşadığı cəmiyyətin də, vətəndaşı olduğu məmləkətinin də hüdudlarını aşır. Bu barədə artaşdırıcı Hilmi Ziya Ülken dəqiq deyib: “İki Ahmet Hamdi var. Zaman nizam-intizamı işlə bağlı məsələdə Tanpınar qəlbən keçmişin asta ötən zaman düşüncəsi və bununla bağlı iş tərəfdar olsa da, əqlən modern iş nizam-intizamı və zaman fikrinin yayılması tərəfdarı olduğunu desək, səhv eləmərik. Bu əsərində həmin iki mövqe bir-birini qovur. Roman XX yüzil yazıçılarından Kafkanın mətnlərilə səsləşir...”
Mən romanı çevirəndə həm də böyük Amerika yazıçısı Tomas Vulfun mətnlərini xatırlayırdım. İnsanın, zamanın və məkanın ruhunun dərinliklərinə baş vurmaq, dünyanı öz içındə sığışdırmaq istəyi məni hər cümləsində heyrətə salırdı. Görünür, yazıçı ustalığı da elə bundan ibarətdi...
Tanpınarın digər romanları sağlığında işıq üzü görməyib, “Səhnədən kənardakılar” 1973-cü, “Aydakı qadın” 1987-ci ildə, “Suatın məktubu” 2018-ci ildə nəşr olunub, zaman və məkan cəhətdən sanballı araşdırmalar aparmağa imkan verir...
Ustadın 1955-ci ildə işıq üzü görən “Yaz yağmuru” (1955) kitabında toplanmış hekayələri də nəhz insanın zamanı və zamanda insan kimi mövzulara özünəməxsus baxış kimi qavranılır.
Amma şübhəsiz ki, Tanpınarı tam ifadə eləyən əsəri “Beş şəhər”di...
6.Həyatının beş şəhəri
Daha bir böyük türk romançısı, Nobel mükafatı laureatı Orxan Pamuk öz yaradıcılığından söz açanda Tanpınardan təsirləndiyini gizlətməyib. Tanpınarın İstanbulu ilə Pamukun İstanbulu arasında təkcə məkan doğmalığı yox, ruh doğmalığı var: məndə belə bir hiss var ki, Pamuk Tanpınarın “Beş şəhər”ini oxumasaydı, “İstanbul, şəhər və xatirələr” o qədər dolğun və duyğulu alınmazdı.
Əslində, ustadı Yəhya Kamalın xatirəsinə həsr elədiyi “Beş şəhər” Tanpınarın məmləkət və millət sevgisinin misilsiz abidəsidi...
Uşaqlıq çağlarında taleyinə boyun əyib əyalətləri dolaşan adam artıq yetkin yaşında öz oxucusunun əlindən yapışıb yenidən yollara düşür, Ərzurumu, Ankaranı, Konyanı, Bursanı, İstanbulu məkan-məkan, küçə-küçə, abidə-abidə, gəzdirir, gah yaşlılardan eşitdiklərini, gah kitablardan oxuduqlarını, gah da şahidi olduqlarını sonsuz sevgiylə nağıl eləyir...
O, səyyah kimi ucqar küçələrə belə baş çəkir, dükan-bazarın səs-küyünü dinləyir, rastına çıxanlarla söhbət eləyir, nəticədə özü gəzdiyi şəhərə çevrilir – o şəhər müəllifinin dililə öz hekayətini danışır. Həmin hekayətdə türk boylarının Anadolunu fəthi, Ankara qalasının şahidi olduğu döyüşlər, Səlcuqlu dövrünün abidələri, Ərzurum zəlzələsi, Mustafa Kamal Atatürklə görüşlər, xalq dastanları və türkülər, Osmanlı sultanlarının, şairlərinin, musiqiçilərinin... taleyi romanlarda olduğu qədər maraqlıdı...
“Bir şəhəri sevmək – eşqə səbəb aramaqdı” fikri, əslində, Tanpınarın öz sevgisini şəhərlərin dililə danışmaq fürsətidi. Təkcə elə İstanbulu sevməsi üçün istənilən qədər bəhanəsi var:
“Əsl İstanbul, qala divarlarından bəridə olan minarəli camelər şəhəri, Bəyoğlu, Boğaziçi, Üsküdar, Erenköy tərəfləri, Çəkməcələr, Bəndlər, Adalar bir şəhərin içində, az qala, başqa-başqa coğrafiyalar kimi, öz gözəlliklərilə bizdəayrı-ayrı duyğular oyadan, xəyalımıza fərqli yaşam formaları bəxş eləyən mənzərələrdi. Hər bir istanbullu az da olsa, şairdi, çünki iradə və zəkasıyla yeni formalar yaratmasa belə, sehrə çox oxşayan təxəyyül oyunu içində yaşayır. Bu da tarixdən gündəlik həyata, eşqdən süfrəyə qədər genişlənir...”
Bir məkana sevgini bundan yaxşı necə ifadə eləmək olar...
7.Zaman içində zamansızlıq
Əhməd Həmdi Tanpınar vaxt tapmadığından düşündüklərinin böyük bir hissəsini kağıza köçürə bilməyib...
1943-1948-ci illərdə, ədəbiyyatdan, demək olar, ayrı düşmək zorunda qalıb, siyasətə, ictimai fəaliyyətə daha çox vaxt ayırıb. O illərdə Maraşdan millət vəkili seçilib, sonra Milli Təhsil Nazirliyində müfəttiş işləyib, sonra isə akademiya və unuversitetdə müəllimliyə qayıdıb...
Bir də 50-ci illlərin əvvəllərində Türkiyənin qapıları dünyaya açılanda bu siyasətin bəhrəsindən Əhmət Həmdi Tanpınara da pay düşüb, İngiltrə, Belçika, Hollandiya, İspaniya, İtaliya, Almaniya ve Avstriyada keçirilən konqreslərdə və forumlarda iştirak eləyib.
O dövrdə də “Hüzur” romanından başqa yalnız “Şeirlər” (1961) kitabını nəşr etdirməyə imkan tapıb. Böyük dostuna vəfa borcu kimi qəbul olunan “Yəhya Kamal” monoqrafiyası isə Ustadın vəfatından (1962, 24 yanvar) az sonra işıq üzü görüb.
Ahmet Hamdi Tanpınar çapında bir fikir adamının və yazıcının dünyaya çıxışı xeyli gecikdi. Bu da yəqin ki, doğulub-yaşadığı Türkiyənin keçirdiyi ictimai, siyasi və mədəni çalxantılarla bağlıydı. Tanpınarın əsərləri ən azı ötən yüzilin 60-cı illərində dünyanın fəth eləyə bilərdi. Amma o, haqqı olana son onilliklərdə çatdı, haqqında kitablar yazıldı, elmi araşdırmalar aparıldı, xatirələr qələmə alındı, əsərləri dünyanın 30-a yaxın dilinə çevrildi. Maraqlısı da budur ki, müxtəlif təbəqələrə, dini, siyasi, mədəni görüşlərə mənsub olan adamlar belə, Tanpınar irsinin dəyəri barədə həmfikir oldular.
Əksər araşdırıcıların fikrincə, Tanpınarın əsərlərinə marağın bu qədər artmasının səbəbi tarixi qat və gələcəyin, həyatın və mühitin bir-birilə sehirli şəkildə çulğaşmasıdı; yəni təkcə Şərq-Qərb və Məhşər günü deyil, əksinə, dövr, dövrün naməlum sonu, xüsusilə əsərlərində təsvir elədiyi zaman kəsiyinin özü cazibə hədəfinə çevrilməyə başlayıb...
Əlbəttə ki, bu marağın birinci səbəbi Tanpınarın mədəni, ədəbi və fikri axtarışa əsaslanan utopik mühit yaratmasıdı. Onun hüdudsuz düşüncəsində türkçülüyə də, Atatürkçülyə də, islamçılığa da yer var.
Bəlkə elə buna görə, artıq araşdırıcılar “Tanpınar obrazı” ifadəsini işlətməyə başlayıb, bunun vasitəsilə də modernlik axtarışlarına çıxıblar...
***
Bakıdakı Yunus Əmrə İnstitutunun 2016-cı ildə keçirdiyi “Tanpınarı kəşf edirəm” esse müsabiqəsinə də məhz bənzərsiz yazıçının yaradıcılığına sevgim üzündən qoşulmuşdum...
Xoşbəxtlikdən qələmə aldığım “Beş şəhər və məmləkət sevdası” adlı essem qaliblər arasına düşdü, 2017-ci ilin aprelində beş qələm adamıyla birgə Türkiyənin beş şəhərini (səyahət marşrutunda Eskişehirlə əvəz olunduğundan Ərzuruma sonrakı il üz tutdum) Tanpnarın iziylə gəzmək fürsəti qazandım. İstanbul, Ankara, Konya və Bursanı dolaşdıqca böyük söz adamının əsərlərindəki ab-havanı daha canlı duymağa başladım.
Artıq Əhməd Həmdi Tanpnarın “Hüzur”, “Səhnədən kənardakılar”Aydakı qadın” romanları, bir sıra hekayələri də dilimizə çevrilib, yaradıcılığı haqqında Azərbaycan oxucusunda yetərincə bitkin təsəvvür formalaşıb.
Tanpınarın bütövlükdə “kəşfi”sə hələ uzun illər davam eləyəcək...
May 2024