Xəbər verdiyimiz kimi, bu gün Ağ Evdə NATO baş katibi Mark Rütte ilə görüş zamanı ABŞ prezidenti Donald Tramp Ukraynaya təhvil verilməsi üçün avropalı müttəfiqlərə silah tədarükünün kəskin şəkildə artdığını açıqlayıb.
Turkustan.az Axios-a istinadən xəbər verir ki, ABŞ belə tədarüklərin ilk dalğasında NATO müttəfiqlərinə təxminən 10 milyard dollarlıq silah satacaq: "Son nəticədə Ukrayna üçün nəzərdə tutulan tədarüklərə raketlər, hava hücumundan müdafiə sistemləri və artilleriya mərmiləri daxildir. Bu, əvvəlcə Ukraynanın tərəfində olmaqdan imtina edən və son vaxtlara qədər müharibənin genişlənməsinin qarşısını almaq üçün yalnız müdafiə silahları tədarük edəcəyini təkid edən Trampın siyasətində əsaslı dəyişiklikdir".
Donald Trampın dediklərindən aydın olub ki, Ukraynaya 17 “Patriot” hava hücumundan müdafiə sistemi göndəriləcək. Onun sözlərinə görə, bu sistemlərin əksəriyyəti döyüş meydanında olacaq: “Ukrayna həm hava hücumundan müdafiə, həm də raketlər, döyüş sursatları və s. üçün həqiqətən böyük miqdarda hərbi texnika əldə edə biləcək”.
Ukraynanın "Patriot" batareyaları və ya onlar üçün xüsusi raketlər alacağı barədə ətraflı suala Amerika prezidenti belə cavab verib: "Hər şey. Bu, Patriotdur. Bu, batareyaları olan tam dəstdir".
Trampın sözlərinə görə, bəzi sistemlər çox tezliklə Ukraynaya gələcək: "Bir neçə gündən sonra, əslində, ona görə ki, Patriotları olan bir neçə ölkə onları əvəz edəcək və biz Patriotları onlarda olanlarla əvəz edəcəyik". /Musavat.com/