Məhəmməd Əmin Rəsulzadə və Azərbaycan Cümhuriyyəti


AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi,
dosent, fəlsəfə üzrə fəlsəfə doktoru Faiq Ələkbərli (Qəzənfəroğlu)

IX yazı

Bu məqalə Azərbaycan Cümhuriyyətinin qurucusu, ilk cümhurbaşqanı, milli ideoloq
Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 140 illik yubileyinə ithaf olunur.

1920-ci illərin ortalarından etibarən solidarizmə əsaslı şəkildə müraciət edən M.Ə.Rəsulzadənin yaradıcılığında milli həmrəy­lik təlimi önəmli ter tutmuşdur. Məsələn, o, 1926-ci ildə İstanbulda verdiyi iki konfransda inqilabi sosializmlə mütləqçi liberalizmin oxşar və fərqli cəhətlərini müqayisə etməyə çalışmış­dır. Onun həmin məruzələrinin (“İxtilalçı sosializmin iflası” və “Demokrasi­nin gələcəyi””) əsasında inqilabi sosializmin nədən iflasa uğraması, eyni zamanda liberalizmdən çox demokratiyanın (milli demo­kratiyanın) vacibliyi və burada da milli həmrəylik təliminin əhəmiyyətini izah etmək dayanmışdır. “İxtilalçı sosializmin iflası” məruzəsində “Dünya cənnəti məf­kurəsi”nə aydınlıq gətirməyə çalışan Rəsulzadə bu məsələyə öz əsərlərində müəyyən yer vermiş Russo, Kant, Hegel, Kont, Spenser, Marksın və başqa mütəfək­kirlərin düşüncələrinə yer vermişdir.[1]

Rəsulzadəyə görə xüsusilə də, Kant, Hegel, Kont, Spenser bəşəriyyətin yaxın gələcəkdə sosial bərabərlik içində xoşbəxt yaşayacağı mülahizəsinə daha nikbin yanaşmışlar. O, yazırdı: “Başqa əsaslar və ifadələrlə olsa da, Kont dəxi bəşəriyyətin istiqbalını eyni qətiyyət və nikbinliklə təbşir eləmişdir. Müsbət fəlsəfənin müəssisi “bəşəriyyətin mümtaz qiami təbiətə ən ziyadə uyan ictimai intizam dövrünün hüsuluna yanaşmaq üzrə bulunuyor” deyə müntəzirləri təsəlli etməkdədir. Bunun üçün filosof hər şeydən əvvəl, fikir və mühakimələrin fünuni-müsbətə əsası üzərinə tövhidini tələb ediyor; fikir və mühakimələrdəki anarşiyi bərtərəf etməyə lüzum görüyordu. Konta görə bəşəriyyət Russo, Kant və Hegeldə olduğu kimi hüququn mütəkamül şəkillərini tətbiq etməklə deyil, elm və fənnin sözgötürməz həqiqətlərinə tabe olmaqla nicat bulacaqdır”.[2]

Marksla Engelsin kommunizm idealını təhlil edən Rəsul­zadəyə görə onların birgə yazdıqları “Kommunist manifesti”ndə məzlumların zalım­ları devirməsi ilə dünyanın bir gün cənnətə çevriləcəyi ideyası ən qüvvətli, məntiqli səviyyədə ifadə olunmuş­dur.[3] Ancaq marks­izmə görə proletariatın kapitalizm üzərində qələbəsindən sonra yalnız ailə, milliyyət, din, sinfi məsələlər deyil, eyni zamanda vətən, dövlət və mülkiyyət anlayışları da aradan qalxacaqdır. Şübhəsiz, bu cür yanaşma Russonun, Hegelin baxışlarının tam tərsi idi. Marksizmin bu cür tutumuna qarşı Russonun (“İctimai müqavilə”), Hegelin (“Dövlətin təntənəsi”) ideyalarını Almaniyada ən yaxşı davam etdirən isə Ferdinand Lassal olmuşdur. O, yazırdı: “Almaniya sosial-demokrat firqəsində əskidən bəri “lassalyanizm” namilə məruf bir cərəyan vardır; bu cərəyan marksizmlə daimi bir təsadüm halında idi. Marksın yuxarıda gördüyümüz vəchlə dövlət həqqindəki nəzəri mənfi idi. Halbuki Ferdinand Lassal bu xüsusda tamamilə Hegelə sadiq idi. Müsbət bir görüşü vardı. Dövləti inkar deyil, qəbul ediyordu. Lassala görə dövlət bir sinfin digər siniflər üzərindəki təğəllüb və hakimiyyətindən ibarət deyil, cəmiyyətin idarəsinə yarar, siniflər fövqündə bir makinadır. O, liberalizmin dövləti iqtisadi münasibətə müdaxilədən mən edən nəzəriyyəsini cərh ediyor, böylə bir müdaxilə demokratik dövlətin vəzifəsindən olduğunu iddia ediyordu. Lassala görə əsaslı qanunlar cəmiyyət içindəki ictimai siniflərin bilfeil haiz olduqları qüvvət və iqtidarın həqiqi təvazinini təsbit edən vəsiqələrdir”.[4]

Lassalın dövlətin missiyası ilə bağlı irəli sürdüyü mülahizə­ləri qəbul edən Rəsulzadənin də fikrincə, dövlətin əsas vəzifəsi bir tərəfdən insanların azadlıqlarını təmin etmək, digər tərəfdən isə fərdlərin birləşdirilməsi, onların müsbət xassələrinin aşkar edilməsidir. Ən əsası da odur ki, dövlətləri yıxmaq deyil, onları təkamül əsasında inkişaf etdirmək və sosial ədalətli cəmiyyətlər təşkil etməkdir. Rəsulzadə hesab edirdi ki, marksizmin irəli sürdüyü sosial inqilabın (marksist iniqlabçılar) baş verməsi gününü gözləmək, bunun üçün də fəhlələrin qulaq-başını doldur­maq əvəzinə, ən yaxşısı dövlətin sosial islahatlar həyata keçirmə­sinə (Russoya, Hegelə əsaslanan Lassalyanizm- təkamülçülər) təkan vermək idi.[5]Beləliklə, alman sosialistlərin (Lassal, Bernşteyn, Bebel və b.) zamanla sinfi həmrəyliklə yanaşı milli həmrəylikdən bəhs etmələri marksizm üçün ciddi zərbə olmuşdur. Xüsusilə də, Lassaldan sonra Bernşteyn, Bebel və Libknextin alman vətənpər­vərliyindən, milli hisslərdən bəhs etmələri sosial-patriotizmi və milli həmrəylik təlimini ortaya qoymağa başlamışdır. Rəsulzadə hesab edirdi ki, onlar Marksın hər növ xüsusiyyətləri məhv edən internasionalizminə müqabil reformizm və sosial-patirotizmdə insanın öz vətəninin istiqlalını müdafiə etmək lüzumundan bəhs edirdilər. O, yazırdı: “Vətən nədir? Üzərində yaşadığımız torpaqmı? Bu, yalnız yaşadığımız torpaq deyil, Bebelin üsulətlə işarət etdiyi kimi bu, ana-babalarımızdan bizə keçən mənəvi qiymətlərin yekunudur. Bu, həm din, həm dil, həm ədəbiyyat, həm gözəl sənətlər, xülasə bir millətin həqiqi siyasi və mənəvi şəxsiyyətini təşkil edən bütün qiymətlərin məcmuidir!”.[6]

Alman sosioloqlarının bu fikirlərinin az sonra digər xalqlar arasında yayıldığını deyən, Rəsulzadəyə görə 1-ci Dünya mühari­bəsi dövründə və ondan sonrakı dövrdə də Rusiya təcrübəsi istisna olmaqla, Avropa ölkələrində inqilabçı sosializmdən daha çox sosial islahatçılıq, milli demokratiya fikirləri geniş yayıl­mışdı. O, yazırdı: “Milyonlarca cana, milyonlarca sərvətə mal olan rus təcrübəsi dəxi isbat ediyor ki, yer üzündə hər növ milli və tarixi əlaqə və rabitələrdən ari cahan cənnəti təsis etmək fikri xam bir xəyaldır. Bu xam xəyal üçün cahan tarixinin müsbət bir həqiqət olaraq meydana gətirdiyi milli demokrasiyi fəda etmək olmaz. Sosializmin təsisi ilə zərurət dünyasına intəha verilərək hər növ qeyddən azadə bir hürriyyət dünyasına atılmaq xülyası ilə şəxsi hürriyyətimizi bizə ən əmin və ən təbii surətdə təmin edəcək milli istiqlal və milli demokrasi şüarından uzaqlaşmayalım! Biləlim ki, tarixi-ibtida və intəhası bəlli olmayıb daima yüksək­lərə doğru gedən layətənahi bir yoldur. Bu yolun çata biləcəyi müxəyyül aqibət şəxsin mümkün olduğu qədər daha hürr, daha sərbəst, daha mütəkamil bir vücud olmasıdır. İnsandakı fərdi məziyyət və nöqsanların əksəriyyətlə mühit və cəmiyyətdən alınan xislətlər olduğunu nəzərə alırsaq, insan cəmiyyətlərinin milliyyət və demokrasi əsaslarında hürr və müstəqil olmalarının cahan tarixindəki rolunu həqqilə anlar, milli dövlət məfkurəsinin ülviyyət və xəllaqiyyətini bütün vücudu­muz­la hiss və əqlimizlə dərk edəriz!”.[7]

“İnqilabi sosializmin iflası” məqaləsinin davamı kimi az sonra məruzə etdiyi “Demo­krasinin gələcəyi” mövzusunda isə M.Ə.Rəsulzadə artıq milli həmrəyliyin əsil mahiyyətini aydınlaş­dırmağa xeyli dərəcədə yaxınlaşmışdır. Bizcə, “Demokra­sinin gələcəyi” məqaləsində o, bir tərəfdən müsavatçılığı, digər tərəfdən isə solidarizmi (həmrəylik fəlsəfəsini) izah etməyə çalış­mışdır. Hər halda 1910-cu illərdə müsavatçılıq ideyasını müdafiə etməsi və həmin müsavatçılıqda da milli-dini ideyalarla sosial-demokratizmin uzlaşdırılması məsələsi, ancaq onun uzaqgörənliyi ilə izah oluna bilər. Başqa sözlə, Rəsulzadənin 1910-cu illərdə ortaya ataraq əsaslandırmağa çalışdığı müsavatçılıq əslində bəzi qüsurlarına baxmayaraq, milli sosial dövlətçilik təlimi idi. Deməli, Rəsulzadənin 1920-ci illərin ortalarından etibarən müdafiə və təbliğ etdiyi Milli təsanüd­çülüyün (solidarizm) kökü müsavat­çılqla (milli sosial bərabərliklə) bağlıdır. Hər halda Rəsulzadənin demo­krat­iyanın əsas təməl prinsipləri ilə bağlı yazdıqları bunun bariz örnəyidir: “Məlum olduğu üzrə demokrasi­yi təşkil edən üç mühüm əsas vardır. Bunlardan birincisi hürriyyət, ikincisi müsavat, üçüncüsü də hakimiyyəti-milliyyə əsaslarıdır. Demo­krasi bu üç əsasın tərkibindən hasil olma mənzumədir. Bu əsasları birər-birər təhlil və onların demokrasi­dəki rollarını tədqiq edəlim. Əvvəla, hürriyyət prinsipini alalım: bu, şübhəsiz demo­krasiyə tərkib edən ünsürlərdən ən mühümüdür. Fəqət böylə olmaqla bərabər öz-özünə demokratiyanı təşkil edəməz, hətta hürriyyət prinsipi ilk dəfə olaraq bu gün hamımızın alışqın olduğu kimi, hürrəndiş zəvat tərəfindən deyil, ingilis kəlisalarından müstəqil məzhəblər tərəfindən irəliyə sürülmüşdür. Müsavat fikri də ilk zühurunda bu gün bizim anladığımız mənada zühur etməmişdir. Müsavat fikrini ilk dəfə olaraq hökuməti-mütləqə tərəfdarları irəli çəkmişlərdir. Kralın hakimiyyətini təmin və krallığa mərkəziyyət verdirmək üçün hökuməti-mütləqə tərəfdarları müsavat prinsipini feodalizmə qarşı müdafiə etmişlərdir. Dövlət işlərinin yalnız feodallara xas bir iş olmayıb, qanun nəzərində bütün vətəndaşların müsavi bir həqqə malik olmasını tərvic eləmişlərdir. Sonra hüquqi-tərbiyə tərəfdar­ları bu fikri daha çox dərinləşdirmiş, insanların bitəb müsavi olmadığı fikrini yapmışlardır”.[8]

Rəsulzadəyə görə müsavat prinsipinin mütləq və mücərrəd surətdə tətbiqi də bizi əsil məqsədə çatdırmır. Belə ki, müsavatın mütləq surətdə tətbiqi hürriyyət məhfumu ilə təzad təşkil edir. O, yazırdı: “Siyasi hüquqda müsavat mümkün, iqtisadi fəaliyyət xüsusunda müsavat qabili-təsəvvür olsa da, şəxsiyyət­lərdəki xüsusiyyətlərin mənən eyni dərəceyi-təsavidə görülməsi caiz deyildir. Bütün xüsusiyyətləri eyni təzyiq altında əzən “müsavat” həqiqi hürriyyət və fərdi zəkayı əzən bir afət olur. Hakimiyyəti-milliyyə prinsipi dəxi surəti-mütləqədə tətbiq olunamaz. Surəti-mütləqədə tətbiq olunacaq hakimiyyəti-milliyyə hürriyyəti-şəxsiyyə prinsipi ilə qatı bir təzad təşkil edər. Bu, kollektiv naminə icra olunan bir cəbr və istibdaddan ibarət olur ki, bir fərd naminə icra olunan istibdaddan çox da fərqli olmaz”.[9]

Ona görə yeni dövrdə ingilislər arasında ortaya çıxıb fransızlarda inkişaf edən hürriyyət, müsavilik fikirləri çox keçmədən Avropada liberalizm (siyasi liberalizm, iqtisadi liberal­izm və s.) cərəyanının yaranmasına səbəb olmuşdur. Rəsulzadə yazırdı: “Sənai inkişaf dövrünə girən Avropanın 19-cu əsrin ilk yarısında və əqllərə heyrət verəcək bir tərzdə zühur edən tərəqqiyyatında hürriyyət fikri ilə fərdiyyət məbdəinin heç şübhəsiz, çox böyük təsiri olmuşdur. Fəqət hürriyyət fikrinin iqtisadiyyata tətbiqi ilə səri surətdə inkişaf edən Avropa sənayesi kiçik sənaye dövrünü atlayaraq böyük sənaye dövrünə keçincə hürriyyət fikrinin iqtisadi və sənai fəaliyyətinin hər sahəsində faydalı olub olmayacağı düşünülməyə başlanılmış, gündən-günə şiddət kəsb edən sinif ixtilaflarının tənzimi üçün hökumətin iqtisadi fəaliyyət sahəsinə müdaxilə edərək ictimai müvazinəyi təminə məcbur olduğu qənaəti hasil olmuşdur. Daha ziyadə liberalizmin müqabili sosializm məsləki zühur eləmişdir”.[10]

[1] Resulzade M.E. Yeni Kafkasiya yazıları (1923-1927). Ankara, Türk tarih kurumu yayınları, 2017, s.338;Rəsulzadə M.Ə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929). I cild, Bakı, “OL” npkt, 2016, s.345

[2] Rəsulzadə M.Ə. Əsərləri (Mühacirət dövrü: Türkiyə, 1922-1929). I cild, Bakı, “OL” npkt, 2016, s.346

[3] Yenə orada, s.351

[4] Yenə orada, s.353

[5] Yenə orada, s.357-358

[6] Yenə orada, s.359

MANŞET XƏBƏRLƏRİ