Novruz Bayramından İnsanlıq Bayramına:  Ulusal – Bəşəri özül üzərində Əbədi Sabahlara doğru


İşıqlı Atalı

Ürəyinizdə Ata Günəşi olsun!

İnsanlıq – Əbədi tələbdir, bitməyən. Minillərdir insanlar pis-yaxşı, yetərsiz-yetərli İnsanlıq qaydası əsasında yaşayır, bir-birlərini bu ölçü əsasında sorğulayır, dəyərləndirirlər. Ölçüyə yetilmədiyindən çox zaman insanlar üçün bu, özlüyündə ağalıq imkanına da əsas verir. Özünü İnsanlığa yetən, ən azı İnsanlığın təşnəlisi kimi göstərənlər olur, indi də var...

Zəiflər üzərində varlığını təsdiq etmək istəyənlər çağımızda daha çoxdur. Elmi-texniki yeniliklərin az qala hər gün yarandığı, ayrıca İKT-nin qarşısıalınmaz sürətlə yürüdüyü bir vaxtda insanın özünü, başqalarını ruhsallıq (mənəvilik) baxımından tanıması çətinləşir.

Dünyadakı gərginliklərin artması gedişində insana yanaşma da qəlizləşir. İnsan yaratdığı qarışıq düşüncələrin əsiri olur, özünü sanki qırxayaq kimi çaşdırır, neyləyəcəyini bilmir. “Başınıitirmə” sindromlaşır, “bəşəri təmayülə” çevrilir.

Ölkələrin sürətli silahlanması artır, uluslararası doğmalaşma yaranmır, xəstəliklərin ölçüsü genişlənir, ekoloji durum daha da pisləşir, ədəbi-mədəni zövqlər korşalır. Dünyanın istənilən yerində insanların sabaha, yaşamağa ümidi nə qədər acı səslənsə də, azalır, proseslər hər kəsə etkisini göstərir. Bunun nədənlərini (səbəblərini) aramaq, tapmaq asan göründüyü dərəcədə də çətindir. Ona görə ki, İnsanın bu gedişdə rolunu dəyərləndirmədən, qiymətləndirmədən, başlıcası, baş verənlərdən dərs almadan, içdən arınmadan Sabahlara yol almaq çətin olacaq.

İnsan kimdir, dünyaya niyə gəlib? “İnsan özündə Mütləqilik gəzdirən, bu səbəbdən də Şəraitdən, Mühitdən, Cəmiyyətdən üstün olan, Mütləqiliyə can atan, Mütləqləşməyə qadir olan ruhsal varlıqdır” (İnam Ata). İnsan İnsanlığını təsdiq etmək üçün dünyaya gəlib. Təbiət insanı yetkin yaratmır, bu səbəbdən də onun iç dünyasını tanıması, bilməsi, özünü mahiyyətcə yenidən yaratması qaçılmazdır.

Bəs İnsan niyə bu gündədir? Suala ruhsal (mənəvi) yöndən cavab axtarmağa çalışaq. Bütün sorunların bir həlli var: İnsanın özünə, mahiyyətinə tən olması. Bu, son dərəcə çətin, ağır işdir, çox zaman anlayan üçün də həll edilə bilməyən sayılır.

***

İnsan nə qədər ki, özünü – Ruhunun imkanlarını (İnamını, İdrakını, Mənəviyyatını, İradəsini) araşdırmayıb, aşkarlamayıb, zəifliklərinin üzərində yüksəlməyib, Ruh-Bədən birliyini anlamayıb, hər kəsin şəxsində müəyyən dönəm üçün olan bu “birliyə” (Ruh-Bədən “birliyi”nə : “Təzadlar arasında birlik olmur” – Ata) yetməyib, o deməkdir ki, dünyadakı pis gərginliklər qətiyyən azalmayacaq, artacaq...

Ruhsalıq Bədəni nizamlayır. İnsan Bədənçi deyl, Ruhçudur. Bədənin instinktiv tələbinə tabe olan – Ruhdan keçir. Ruhdan keçən var ola bilmir. Xəstəliklər daha çox nizamsızlıqdan yaranır, artır. Bədənçilikdə ilişib qalmaq - İnsan halsızlığının ifadəsidir.

***

Gərginliklərin nədəni – Bilməzlikdir. Özünü bilməyən, tanımayan İnsan həyatdakı başqa canlılardan yer-göy fərqini unudur, öz gözündə adiləşir. Onun dünyaya, həyata, İnsana münasibəti səthi olur. Hər şeyə atüstü yanaşmaq insanlararası münasibətlərin onsuz da aşkarlanmayan imkanlarını korşaldır.

Özünü tanımayan başqasını da tanımır, əslində tanımaq istəmir.

Özünü tanımayanın başqasını – başqalarını tanımağa çalışması, tanıdığını iddia etməsi – ciddi yanlışlıqdır.

***

Başqasını tanımağa özündən başlamaq gərəkdir. Başqasına İnsani yanaşmaq – özünə İnsani yanaşmağının ardıdır, həm də öncəsidir. Ardıdır, ona görə ki, İnam Ata demişkən, özündə qala bilmirsən, başqalaşırsan. Öncəsidir, ona görə ki, başqasında İnsanlığın yeni çalarlarını tapırsan, özünə - insanlıq imkanlarına yenidən baxırsan, özül üzərində inkişaf edirsən.

O deməkdir ki, mahiyyətcə insanlaşmağın, habelə insanlaşdırmağın sonu yoxdur, olsa-olsa öncəsi var. Əzəli, Əbədi, Sonsuz, Kamil Mahiyyət ölçüsü İnsanın halında – Özüylədöyüşündə aydın bilinir, görünür.

Kəşf edilən insanlıq imkanı bitmir, tükənmir, yeni imkanlar yaranır. Ruhsal (insani) imkana yetən başqalarını da öz insanlıq imkanlarına çatdırır. Bu gedişdə tükənmə yoxdur, tükənməzlik var.

Tükənən – İnsanlıq imkanlarını tam aşkarlamayan olur.

Bədənin imkanlarının aşkarlanması – Ruhun imkanlarının aşkarlanması ilə bağlıdır. Ruhsal ənənə yarandıqca, artdıqca Bədənin də yeni imkanları aşkarlanacaq. Birinin qazandığı uğur başqalarının uğurlarının İnsanlıq yönündə aşkarlanmasına təkan olacaq.

İnsanlığa yetən – Halını İnsanlara aydın yetirmək ustalığına yetir.

***

Novruz bayramı minillərdir ki, Ulusumuzun yaşamında özünəməxsus yer tutur. Bu bayramda milli ruhumuzun, qədimliyimizin soraqları yaşayır. Minillər öncə babalarımız inanıblar ki, insanla təbiətin birliyi var. Bu birliyi əcdadlarımız ömründə yaradıb, yaşadıb: qışın yazı əvəzləməsini öyüb, təbiətlə birgə ruhən yenidən doğulub, içəridən arınıb, bu təmizlənməni mənalandırıb, bayramlaşdırıb.

Novruz bayramı bir çox ölkələrdə qeyd edilir. Azərbaycan Novruzunun isə bənzərsizliyi ortadadır. Ümumşərq, ümumtürk keyfiyyəti olan Novruz muğamdakı bənzərsizliyimiz qədər bizimdir. Qədimdən bəri varlığın başlıca ünsürlərinə (od, su, hava, torpaq) türk öz ruhuyla baxıb, təbiətin yenidən doğulmasını mənalandırarkən başqa xalqların təsəvvürlərinə möhtac olmayıb. Minillər boyunca türkün əski inancı cilalanıb, ulu babamız Zərdüştün dönəmində sistemli təsəvvür, baxış halına gəlib. Zərdüştün “Təmiz fikir, təmiz söz, təmiz əməl” ideyası türkün ruhsal təsdiqidir.

Bu gün Novruzla bağlı müəyyən məqamlar adamların təsəvvüründə yenə də qarışıqdır. Ümumşərqi olduğu dərəcədə də ümumtürk səciyyəsi daşıyan Novruz bayramının ulusal sınırlarını anlamağımız, anlatmağımız çətinləşir.

Minillərdən bəri yol gələn, çoxlu dirənişlərə, dəyişmələrə məruz qalan Novruz türk ruhunun özünəməxsusluğunu bacardığı qədər yaşadıb. Millət o zaman var olur ki, ruhunun qədim soraqlarını, adət-ənənəsini, bir sözlə, özünəməxsus nəyi varsa, hamısını qoruyub saxlayır. Belədə millət tarixin dolanbaclarında sarsılmır, başını itirmir. Novruzda qədimliyimizin zəngin çalarları var. Tariximizin ən çətin məqamlarında belə bu bayram ürəklərdə yaşayıb.

Bayram hər şeydən öncə insanın içində olmalıdır. Novruzun mahiyyətində türkün halının yetkin ifadəsi var. Elə etmək gərəkdir ki, qədimliyimizin soraqları kürəsəlləşmə həşirində gözümüzdə qətiyyən adiləşməsin, bayağılaşmasın. Novruz bayramında başqa bayramlarda olduğu kimi zəngin süfrənin yaradılması, həşirçilik, bayağı mahnılar, əyləncələr, fişənglər selinə bürünməsi də yanlışdır.

Novruzda Od – bayramın başlıca rəmzidir, insanın içdən təmizlənməsi ideyasına xidmət edir.

Qədimlərdən bəri od türkün ağlında, düşüncəsində müqəddəslik rəmzi kimi yaşayıb, bu günə kimi gəlib çıxıb. Odun müqəddəs sayılması ilə insanın hər cür pisliklərdən, Şərdən təmizlənəcəyinə, Xeyirin qələbə çalacağına inam ifadə olunub.Adət-ənənələrimizin zirvəsində Sabahımızda yeni bayram yaradıcılığı üçün imkan daşıyan - qədimliyimizi, ucalığımızı, idrakımızın ənginliyini, ruhumuzu özündə yaşadan Novruz bayramı durur. Novruz bayramı ulusal ruhumuzu təsdiq edir, ona görə bizə belə doğmadır.

İnam Atanın (Asif Atanın) Novruz bayramına ayrıca yanaşması var. O, “Novruzluğumuz” (1990) adlı fəlsəfi-bədii məqamda Zərdüştlüyümüzü “Oda tapınmağımız, işıqlanmağımız, təzələnməyimiz, təmizlənməyimiz” kimi qiymətləndirir, özünün müəyyənləşdirdiyi 7 böyük Ulusal Dəyərimizdə Od amilinin müqəddəsliyini, yaşarılığını, birxətliyini əsaslandırır: “Novruzumuzdan Zərdüşt İşığı götürün, Dədə Qorqud Ağsaqqallığı götürün, Babək Hünəri götürün, Nəsimi Vüqarı götürün, Füzuli Heyrəti götürün, Muğam Hikməti götürün, Saz Mətanəti götürün”. Ulusal dəyərlərimizin özülündə Zərdüştdən gələn, mənalandırılan İşıqçılıq durur.

Ulusal ruhumuzda olan ülvi, gözəl nə varsa, hamısı ulusumuzun yaranmasına, əbədi var olmasına xidmət etməlidir. Novruzu türk idrakından gələn, cilalanan bayram kimi sevirik, dəyərləndiririk. Novruz ayrı-ayrı xalqların yaşamında var. Başqa yandan, Novruz qədim çağların bayramıdır, dünyagörüşüdür. Bayramın özülündə duran həqiqi elm, fəlsəfə adamların təsəvvüründə demək olar, yoxa çıxıb. İndi bayramın yalnız “bədii” hissəsi qalıb. Bu hissədəki əyləncələr isə onu adiləşdirir.

Novruzu Ata-Ocaq bayramlarının doğması sayıram. Dünyanın hər mənada tükəndiyi bir çağda özümüzə və dünyaya təqdim edilən İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik bayramları Sabahımızda Ulus olaraq möhtəşəm yaradıcılığımızın sübutu kimi dərk, təsdiq olunacaq. Bayramların hamısı İnsanla bağlıdır.

***

İnsanilik – bəşərin varolma, özünütəsdiq düsturudur. İnsanilikdən qıraqda nə varsa, antibəşəridir. Minillərdir bəşərin canlı yaşamı, bədiiyyatı, incəsənəti İnsanlıqdan danışır, insaniliyi öyür. Ancaq İnsanlıq əsasında yaşamaq getdikcə daha da çətinləşir. Bu gün dünyada elmi-texniki inkişaf ən yüksək həddə çatıb. Ancaq inkişafın bu səviyyəsi daha çox insanlığa qarşıdır. İnsana, insanlığa xidmət etməyən tərəqqi gerilikdir, çünki insansızlığa əsaslanır. Qoy elmi-texniki tərəqqi indikindən dəfələrlə az olsun, ancaq İnsan yox olmasın! Qoy dünya indikindən maddiyyatca qat-qat zəif olsun, ancaq dünya insansız olmasın! İnsansız dünya tükənmiş dünyadır! Yalnız İnsaniliyə əsaslanan tərəqqi – yaşarıdır, sabahlıdır! Yalnız müqəddəsliyə əsaslanan tərəqqinin sabahı, gələcəyi var. İnam Atanın (Asif Atanın) Mütləqə İnam dünyabaxışının başlıca sözü, harayı, mövzusu İnsandır. İnsansız heç bir tərəqqi yoxdur. Bu səbəbdən də tərəqqinin ölçüsü İnsanilikdir.

Ancaq indiki gedişlə dünya gündən-günə daha çox antiinsanlığa yuvarlanacaq. Antiinsani dünyanın insan, bəşərsevərlik çağırışları çox zaman sözdən o yana getmir. Siyasiləşmiş dünyada insaniliyin qaydasına uyğun yaşamaq hünər istəyir. Bicliyin, əyriliyin, vicdansızlığın, umacağın, minnətçiliyin ölçü sayıldığı dünya təbii olaraq asanlığa meyil edir. Mütləqə İnam Ruhaniyyatının baş mövzusu İnsandır. İnsansız dünya, yüksəliş (tərəqqi), təbiət yoxdur!

İnam Ata – İnsanlığın bənzərsiz harayçısıdır. İnsan haraylı, İnsan bayraqlı İnsanlıq Bayramı müqəddəslik carı çəkir, Atayurdumuzu, Şərqimizi, Dünyamızı İnama çağırır. İnsanilik Bayramı Bəşərin Mütləqilik səviyyəsində Kutsallığının içsəsidir. İnsanlıq Bayramı – Bəşərin Bayram ənənəsinin göy ölçüsüdür.

Bu yerdə Atanın “İnsanilik Mərasimi üstə Mütləqlə Təmas”ını sunuram:

“Dünyanın Dünyadan Yüksək Mənasını özündə daşıyan. Həyatın Həyatdan Yüksək Mənasını özündə daşıyan. Özünün Özündən Yüksək Mənasını özündə daşıyan. Gerçəklikdən yüksək olan! Cəmiyyətdən yüksək olan! Şəraitdən Yüksək olan! Mühitdən Yüksək olan! Mütləqə can atan! Mütləqləşməyə Qadir olan! Mütləq İnam daşıyan! Mütləq İdrak daşıyan! Mütləq Mənəviyyat daşıyan! Mütləq İradə daşıyan İnsan! Sənə çatmalıyam!”

Bəşər yeniləşməlidir, deməli, ona yeni Dünyabaxış, yeni bayramlar gərəkdir. İnam Atanın yaratdığı bayramlar (İnsanilik, Xəlqilik, Şərqilik, Bəşərilik) İnamlaşacaq dünyanın - Mütləqə İnam Sivilizasiyasının, kamilləşən, ruhsallaşan İnsanındır - İnsanlarındır.


MANŞET XƏBƏRLƏRİ