Cənubi Qafqazı əbədi qeyri-sabitlik zonasına çevirmək istəyənlər kimlərdir?


Dünya sürətlə dəyişir. Bu sürətlı dəyişikliklərin başlanğıc coğrafiyası da yenilənir. NATO-nun baş katibi Yens Stoltenberq martın 17-dən 19-dək Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri nələr vəd edir. Şimali Atlantika Alyansın mətbuat xidmətindən verilən məlumata görə, artıq cənab Stoltenberq Bakıdadır və burada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə görüşəcək. Ertəsi gün NATO baş katibi Tiflisə gedəcək, orada Gürcüstan prezidenti Salome Zurabişvili və baş nazir İrakli Kobaxidze ilə görüşlər keçirəcək. Nəhayət, çərşənbə axşamı, martın 19-da Stoltenberq İrəvanda olacaq və burada Ermənistan prezidenti Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşəcək.
Gəlin iki müxtəlif analitik prizmadan baxaq bu məsələlərə. Qafqaz əbədi qeyri-sabitlik zonası ola bilərmi? və ya Rusiya ilə qarşıdurmanın yeni cəbhəsi açıla bilərmi? Amma razılaşaq ki, region ölkələrinin NATO-ya qoşulması gündəmdə deyil. Səfərlə bağlı başqa versiya da var: postsovet respublikalarına xəbərdarlıq edəcəklər ki, İranla qarşıdurmaya getməsinlər. Çünki Azərbaycan-Ermənistan müharibəsinin nəticəsində Türkiyə Zəngəzur dəhlizi ilə Xəzər dənizinə çıxış əldə edə bilər ki, bu da NATO-nun Xəzər dənizində varlığı deməkdir. Onlardan Rusiya və İrana qarşı istifadə oluna bilər. İranın regionda fərqli münasibətlərdə olduğu dövlət Azərbaycandır.

Azərbaycan İsraillə ciddi diplomatik, ticari və hərbi əlaqələr qurub. Tamamilə mümkündür ki, Bakı gələcəkdə NATO və İsrail dövlətinin maraqlarını ifadə edən dəniz qüvvələrinin yerləşdiyi məkana çevrilsin. Təbii ki burada başqa versiya da var, lakin indi bunların heç birinə birmənalı cavab vermək mümkün deyil. Yens Stoltenberq səfəri həm də ölkəmizin ev sahibliyi etdiyi Bakıda keçirilən “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumu başa çatmasına təsadüf edir. Forumdan dünyaya olduqca ciddi measajlar da səsləndi ki, dünyanın parçalanması davam edir. Deməli bir çox maraqlar və məsədlər bölüşdürülür. Çox zaman ölkələrdə xalqların taleləri nəzərə alınmır. Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında səsləndirdiyi: “Dünya sürətlə dəyişir. Əfsuslar olsun ki, yeni qeyri-sabitlik və qarşıdurma ocaqları meydana çıxır. Ötən ilin martında müzakirə etdiklərimizlə bu gün müzakirə etdiklərimizi müqayisə etsək nəzərəçarpan dəyişikliklər görərik. Burada geosiyasi dəyişikliklər baş verir. ” tarixi ifadəsi regionumuzu daha ehtiyyatlı olmağa çağırış, sülhə və əməkdaşlığa səfərbəredici tezisdir.

Forumun sonuncu günündə “Regional perspektivlər: Avropa Birliyi və qonşuları”, “Qlobal çağırışlara davamlılığın artırılması: Bərabərsizlik, resurs çatışmazlığı və miqrasiya ilə mübarizə”, “Süni intellekt, pilotsuz uçuş aparatları və kibermüharibə dövründə yeni təhlükəsizlik paradiqması”, “Gənclər danışırlar, biz dinləyirik” adlı müzakirələrdə günümüzdə baş verənlərin daha dərin parçalanmalara səbəb olmasından da bəhs edildi. Bundan öncə Bakıda (8 mart 2024) “Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə” mövzusunda beynəlxalq konfrans iştirakçılarına müraciətində dövlət başçımız dünyanın diqqətini daha qlobal problemin həllində səfərbərliyə səslədi: “Bugünkü tədbirin İslam aləmi üçün mübarək Ramazan ayının başlaması və “İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü” ərəfəsində keçirilməsi rəmzi məna kəsb edir. Acınacaqlı haldır ki, hazırda islamofobiya özünü demokratik hesab edən bir sıra Qərb ölkələrinin dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Son bir ildə dünyada baş vermiş bütün anti-İslam təzahürlərinin 80 faizi bu ölkələrin payına düşür. İslamofobiyanın ən yüksək səviyyəyə çatdığı və rəsmi ideologiya kimi tətbiq olunduğu bəzi Avropa ölkələrində müqəddəs kitabımız “Qurani-Kərim”in yandırılması, Məhəmməd Peyğəmbərin (s.ə.s) karikaturalarının nəşr edilməsi və sair təhqiramiz hərəkətlər söz azadlığı kimi qələmə verilir. Fransa özünün ənənəvi neokolonializm siyasəti ilə bərabər müsəlmanlara qarşı açıq-aşkar təzyiq və diskriminasiya siyasəti yürüdür, müxtəlif islamofob kampaniyalar təşkil edir. “Dünyəvilik” adı altında sırf müsəlmanların hüquq və azadlıqlarının məhdudlaşdırılmasına yönəlmiş qanunvericilik aktları və siyasi qərarlar qəbul edir. Bu ölkədə məscidlər, müsəlman mədəniyyət mərkəzləri və qəbiristanlıqlar müxtəlif formalarda təhqirlərə məruz qalır, müsəlman vətəndaşlar sıxışdırılır.Bu mətndən göründüyü kimi cənab İlham Əliyev müasir dünyanın sülh pozucularına qarşı kəskin etirazını bildirməklə bərabər çıxış yollarında kompromisə gəlməyə ideoloji, əsaslandırılmış çağrışlar edir. Zənnimizcə Yens Stoltenberqin səfəri məqsədində bu iki tarixi konfransın gedişi və ideyası haqqında az məlumatlı deyidirlər. Hətta, az məlumatlı olmaları, yaxud məlumatsız olmaq istəmələri isə tamam başqa məqamlarda onların məqsədlərini region üçün açıqlaya bilər.

Yens Stoltenberq səfəri NATO-nun Cənubi Qafqaza artan marağının təsdiqi hesab etmək olar. NATO kimə və hansı dövlətlərə qarşı genişlənir? Ifadəsi yəqin obıvatel şüuru üçün də ritorik görünərdi. NATO-nun baş katibinin Alyansın üzvü olmayan, lakin bu təşkilat üçün maraq kəsb edən ölkələrə səfər etməsi nümunələri var. Məsələn, Stoltenberqin 2023-cü ilin yanvarında Yaponiya və Cənubi Koreyaya səfərini qeyd edə bilərik. Burada o qədər də ciddi nəticələr baş verməmişdir.

Məlum olduğu kimi, Cənubi Qafqazda Gürcüstan NATO ilə ən sıx əlaqələri olan ölkədir. Xüsusilə, 2018-ci ildə ölkə konstitusiyasına NATO-ya tam inteqrasiya haqda dəyişiklik edilib. Stoltenberq artıq bir neçə dəfə bu ölkəyə səfər edib. Ermənistana gəlincə, alyansın bu dövlətə marağında əlavə faktor İrəvanla KTMT arasında soyuqluqdur. NATO bu marağı hələ Ermənistanın baş naziri Nakol Paşinyan ölkəsinin KTMT-dəki işini “dondurduğunu” elan etməmişdən əvvəl də vardı. Məsələn, NATO baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina 2023-cü ildə iki dəfə, 2024-cü iln yanvarında İrəvana səfərlər edib.

Stoltenberq əvvəl Bakıya, sonra Tiflisə, sonda İrəvana gedir. Bu ardıcıllığı necə izah edə bilərik? Ola bilsin ki, Stoltenberq səfərə Azərbaycandan başlamaqla, Xavyer Kolominanın 2024-cü ilin yanvarında Bakıya gəlməməsini kompensasiya etməyə çalışır. Bundan əlavə, belə bir səfər proqramı ABŞ (NATO-nun aparıcı oyunçusu kimi) ilə Bakı arasında 2023-cü ilin sonunda nəzərəçarpacaq dərəcədə soyuqlaşmanın “ərimə” ehtimalının siqnalı ola bilər”.

Ermənistanın KTMT-dən çıxması və NATO-ya mümkün üzvlüyü ilə bağlı da fikirlərini açıqlaya bilərik təbii ki. Ermənistanın KTMT-dən rəsmi şəkildə çıxıb-çıxmaması yaxın gələcəkdə həm rəsmi İrəvan, həm Moskva, həm də Qərb oyunçuları ilə siyasi sövdələşmə mövzusu olacaq. Eyni zamanda, Ermənistanın KTMT-dən çıxması ilə bağlı ssenari, yəqin ki, Fransa tərəfindən İrəvana təsirini artırmaq imkanı kimi dəyərləndirilir.
Bir neçə faktları geyd etmək istərdık bu mövzu ilə bağlı. Artıq “Zvartnots”da Rusiya sərhədçilərinə ehtiyac olmadığı barədə İrəvandan verilən bəyanat kifayət qədər simvolikdir, izahat tələb edir. Belədir ki, bu, KTMT-də iştirakın dayandırılmasından daha vacib siqnaldır. Sərhədçilərlə bağlı müzakirələr göstərir ki, Ermənistan ikitərəfli münasibətlərin hazırkı səviyyəsini daha da pisləşdirə bilər.
İrəvan xarici siyasətinin mövcud arxitekturasına yenidən baxmağa çalışır. Ermənistan Qərbə sədaqətini göstərmək üçün taktiki məsələləri həll edir, İrəvanı Moskvadan uzaqlaşdıracaq addımlar atmağa cəhd göstərir. Daha doğru, Paşinyanın komandasından geosiyasi vektoru dəyişdirmək üçün yeni cəhd görürük. Bu arada Nikol Paşinyan Fransaya çox güvənir.

Ermənistanın regiondakı qonşuları ilə əlaqələrin qurulması istiqamətindəki ciddi səyləri də diqqət çəkir. İrəvanın hərəkətlərinin çoxu onun coğrafi mövqeyi ilə bağlıdır, Ermənistan Türkiyə və Azərbaycanın logistika və digər layihələrinə inteqrasiya etməyə çalışır.Üstəlik də Fransanın daxili və xarici siyasətdə uğursuzluqları səngimir. Yay Olimpiya Oyunları ərəfəsində keçirilən etiraz aksiyaları bütün ölkəni bürüyüb. Fermerlər hökumətin aqrar sahədə apardığı islahatlara qarşı çıxır, yolları bağlayır, hakimiyyəti sərt tənqid edirlər.
Xarici siyasətdə də vəziyyət daxildən fərqlənmir. Bir vaxtlar müstəmləkəsi olduğu ərazilərdən biabırcasına qovulan Yelisey sarayı böyük gəlirlərdən məhrum olub. Müstəmləkələrin talanması ölkə büdcəsinə milyardlarla dollar gəlir gətirməklə yanaşı, həm də nüfuz məsələsi idi. İndi isə bunların heç biri yoxdur. Fransız iflasının əsas səbəbi kimi isə prezident Emmanuel Makron göstərilir.
İş o yerə çatıb ki, keçmiş müstəmləkələrdə Fransa bayrağı yandırılır, onu xatırladan hər şey məhv edilir. Onun yerini isə Rusiya və Türkiyə kimi dövlətlər tutur. Bu da Yelisey sarayını özündən çıxarır, əks addımlar atmağa vadar edir. Hər iki dövlətə qarşı total hücum kampaniyası da bu səbəbdən start götürüb. Məsələn, Paris Ukraynaya Avropa İttifaqına daxil olan ölkələrin hərbi kontingentini göndərməklə Rusiyanı hədələyir. Bu ideyası Qərb dövlətlərində avantüra kimi qələmə verilsə də, Makron hər vəchlə sözünü yeritməyə çalışır. Rusiyanı Ermənistandan sıxışdırıb çıxarmaq da bu planın tərkib hissəsidir. Türkiyəyə gəldikdə isə, Fransa mübarizəni açıq apara bilmir. NATO üzrə müttəfiq olması, Ankaranın nüfuzu və gücü bu planını açıq şəkildə reallaşdırmağa imkan vermir. Ümidi qalır yenə Ermənistana. Paris bu ölkədə anti-Azərbaycan ritorikanı gücləndirir, keçmiş separatçı rejimin tör-töküntülərinə açıq dəstək göstərir.

İrəvanın bu və bir sıra digər addımları Ermənistanın NATO ilə yaxınlaşma ilə bağlı hipotetik planlarını da gündəmə gətirir.

Makron siyasi populizminin beynəlxalq hədəfləri Qafqaz və Mərkəzi Asiyadır, amma alınacaqmı?
Bu istiqamətdə ən əsas məsələlərdən biri də Makron Fransasının Mərkəzi Asiyaya nüfuz etməyə çalışmasıdır. Əsas fikir bundan ibarətdir ki, Ankaranın Afrika siyasəti Fransanın müstəmləkə nizamını pozub. Makron da bu səbəbdən Ukrayna-Rusiya müharibəsinə müdaxilə edərək türk dövlətlərini öz hegemonluğu altına almağa çalışırlar. Son zamanlar o, bu istiqamətdə diqqətçəkən açıqlamalar verir. Türkiyənin Afrikada atdığı addımlar, bir çox ölkələrlə siyasi, hərbi və ticari yaxınlaşması, “qazan-qazan” taktikası Fransanı regionda arzuolunmaz ölkəyə çevirib. Planları alt-üst olan Fransa lideri Afrikadakı məyusluqdan sonra marşrutunu Qafqaza dəyişib, eləcə də Qazaxıstan və Özbəkistana da səfər edib
Makron hökuməti Qarabağda və Liviyada Türkiyəyə qarşı ağır məğlubiyyətə uğrayıb, müdafiə sahəsində türk şirkətlərinə qarşı ciddi itkilər verib. Bunlar faktdır. Mövcud vəziyyətlə bağlı “Türkiyə” qəzetinə danışan ekspertlər qeyd edir ki, türk ordusu Fransanın Suriya və İraqdakı oyununu ciddi şəkildə pozub. Fransızlar da qisas almaq üçün Ermənistanı və Cənubi Qafqazı qızışdırmağa çalışır. Fransanın məqsədi uzunmüddətli müharibədir.Fransa Suriya və Ermənistanda məskunlaşaraq Türkiyəyə qonşu olmaq istəyir. Fransızların Qafqaza marağının ən mühüm məqsədlərindən biri Türkiyənin diqqətini Aralıq dənizi başda olmaqla, bütün enerji və strateji əhəmiyyətli bölgələrdən yayındırmaqdır. Fransanın yandırmaq istədiyi atəş Türk Dövlətləri Təşkilatına böyük ziyan vuracaq. Makron yeni istismar sahələri açmağa çalışır. Onun türk cümhuriyyətlərinə səfərləri bu kontekstdə dəyərləndirilməlidir.

Qeyd edək ki, Emmanuel Makronun ötən il noyabrın 1-də Qazaxıstana səfəri zamanı uran alışı məsələsi prioritet olub. Enerji ehtiyacının 60 faizini Atom Elektrik Stansiyaları hesabına təmin edən Fransa üçün Qazaxıstanın əhəmiyyəti həm də bu ölkənin uranla zəngin olması ilə əlaqəlidir. Uranla zəngin olan və Fransanı təmin edən Nigerdə baş vermiş hərbi çevrilişdən sonra Paris üçün Qazaxıstanın önəmi daha da artıb. Bundan əlavə, Qazaxıstan Rusiya-Ukrayna müharibəsi başlayandan bəri ABŞ və Norveçdən sonra Avropanı yanacaqla təmin edən üçüncü əsas ölkəyə çevrilib. Fransa Qazaxıstan iqtisadiyyatına 17 milyard dollar həcmində sərmayə qoymaqla beş ən böyük investor ölkə sırasında yer alıb. Özbəkistan da Fransa ilə əməkdaşlığı genişləndirməkdə maraqlı görünür. Ötən il prezident Şavkat Mirziyoyev Fransa səfərindən 6 milyard dollarlıq müqavilələr portfeli ilə qayıtmışdı. Bu müqavilələrin əksəriyyəti enerji sektoruna aid idi.

Beləliklə, müsəlman və türk ölkələrin inkişafını gözü götürməyən Makron yenə də elə türk dövlətlərinə minnətçi düşüb. İstəyi odur ki, Mərkəzi Asiyadan uran tədarük etsin. Bir faktı da deyək ki, uranın hava nəqliyyatı ilə daşınması qadağandır. Quru yolların sahibi ölkələrlə də Makron hakimiyyəti qərəz və düşmənçilik yaşayır. Mərkəzi Asiya ilə Avropanı birləşdirən əsas marşrut hazırda Azərbaycanın üzərindən keçən Orta Dəhlizdir. Makron Mərkəzi Asiyadan uran tədarük edəcəyi təqdirdə yenə də Ermənistanı dəstəkləməklə hədəf aldığı Azərbaycana möhtac olacaq.
Beləliklə, ölkəsində müsəlmanlara qarşı “səlib yürüşü”nə çıxan Makron və komandası çətin durumdadır. Yoxsa min kilometrlərlə uzaqda yerləşən regiona üz tutmazdı - özü də müsəlman və türk dövlətlərinə. Görünən odur ki, onlar vasitəsilə problemlərini həll etməyə çalışır. Belə baxanda problemdən çıxış yolu var. Bu yol da sadədir - birtərəfli siyasət yürütməkdən əl çəkmək, şəxsi mənafeyə yox, dövlət mənafeyinə əsaslanan praqmatik siyasətə üstünlük verilməlidir. Əks təqdirdə, Nigerdə olduğu kimi, ayaq basdığı hər yerdən qovulacaq. Zənn edək ki, Yens Stoltenberq səfəri Fransanın Qafqaza irticaçı siyası addımlarını səngidəcək. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Parçalanmış dünyanın bərpası” mövzusunda XI Qlobal Bakı Forumunda çıxışında səsləndirdiyi: “ İndi isə Qarabağ məsələsi öz həllini tapdıqdan sonra biz sülhə çox yaxınıq. Biz belə hesab edirik. Azərbaycan sülh prosesini davam etdirməyə hazırdır”-çağırışı həm də qlobal bir sülh çağırışıdır. Kifayətdir ki, regionun gələcək sülh inkişafına mane olmağa cəhd edəcək tərəflərin müharibə koalisiyası intişar tapmasın.

17 Mart. 2024 Vyana, Avstriya

Professor Kamran A. Behbudov
Dosent Hüseyn Q. İbrahimov


MANŞET XƏBƏRLƏRİ