“Bir sevgiyə bələndim, Haram var, hara gedim?”


Aynur Turan

O nurdan doğuldu, sözdən yarandı,

Gün yaxdı, üfüqdə o nuru qaldı.

Nə yaxşı ikidi şair həyatı,

Öz ömrü getdisə, söz ömrü qaldı...

Tariximizin və mədəniyyətimizin neçə-neçə şanlı, parlaq səhifəsi məhz onun adı ilə bağlı olmuşdur. Azərbaycan qadını dünyaya bəşəriyyətin mədəni fikir xəzinəsinin incilərini yaradan ədəbi şəxsiyyətlər, görkəmli elm və sənət adamları, tanınmış siyasi xadimlər, şair və yazıçılar bəxş etmişdir. Xalqımızın təfəkküründə ana məfhumu doğma yurdun, Vətən torpağının təcəssümüdür. Ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunması yolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizin ictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısıdır. O, taleyüklü milli məsələlərin həllinə sanballı töhfələr verir. Dövlət quruculuğunda onun yüksək ehtirama layiq mövqeyi bu gün qeyd edilən bayramı müstəqillik ideyası ətrafında sıx birləşən xalqımızın və cəmiyyətimizin bayramına çevirmişdir. Elm, təhsil, mədəniyyət, səhiyyə, ədəbiyyat və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu zaman - zaman təsdiq etmişdir.

Ədəbiyyata kişilər qədər qadınlar da həmişə töhfələr verib. Onların arasında Nobel və digər nüfuzlu ədəbi mükafatları alanlar da az olmayıb. Elə Azərbaycan ədəbiyyatının yükü də kişilərlə bərabər, qadınların da çiyninə düşüb. Çağdaş ədəbiyyatımızda da sevilən və tanınan imzalar az deyil. Axı, qadın özü elə şeirdir. Təpədən dırnağa poeziya, lirik duyğular mücəssəməsidir qadın. Şeirdən biçilən qadının özü şeir yazanda sözlə gözəlliyin, ruhla ürəyin qırılmaz vəhdəti yaranır. 76 illik bir ömür yolu qət edən, bu yolda qarşısına çıxan bütün maneələri dəf etməyi bacaran Azərbaycan şairəsi, aktrisası, diktoru, müəllim-pedaqoq, Azərbaycan Yazıçılar Birliyinin üzvü Nurəngiz Gün daxilən də, zahirən də şeirin özünə bənzəyir.

Həyatı

Nurəngiz Gün 1938-ci ildə Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 1 saylı Bakı Tibb Məktəbini, ADİU-i bitirmişdir. Nurəngiz Gün Azərbaycan Televiziyasında diktor vəzifəsində çalışmış, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində səhnə danışığı və nitq mədəniyyəti kafedrasında müəllim işləmişdir.

Prezident təqaüdçüsü olmuşdur.

23 aprel 2014-cü ildə Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda Nurəngiz Günün 75 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. Yubiley tədbirində Milli Məclisin deputatları, elm və mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri və ədəbi ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

Nurəngiz Gün 20 dekabr 2014-cü ildə 76 yaşında Bakı şəhərində vəfat etmiş, dekabrın 21-də Yasamal qəbiristanlığında dəfn olunmuşdur.

Babası məşhur həkim Mirzə Ələkbər Hacızadə Əfəndi 1937-ci ildə repressiya edilmişdir.

Millət vəkili Jalə Əliyevanın anasıdır.

Nurəngiz Gün oxucularla ilk görüşə “Ulduz” jurnalında dərc edilən “Tanrı” (1981) povesti ilə gəlmişdir. Şairənin yaradıcılığında ən çox diqqəti cəlb edən məqam onun yalandan, riyadan uzaq olması, həqiqəti yazmasıdır. Daxilən azad bir şairə olan Nurəngiz Gün bütün əsərlərində, hətta ən kiçik şeirlərində belə sərbəstdir, səmimidir. O, cəmiyyətdə baş verən naqislikləri, əyintiləri daxili intellektual bir narahatlıqla, bir vətəndaş həssaslığı ilə ürəyindən qələminə köçürərək onları oxucuya təqdim etmişdir.

Şairə Nurəngiz Günün eyni adlı poeması əsasında “Xocalı simfoniyası” filmi çəkilmişdir.

2010-cu ildə Xalq artisti Aygün Kazımova Aygün Səmədzadənin Nurəngiz Günün sözlərinə bəstələdiyi “Yol gedirəm” mahnısını ifa etmişdir.

Dodaqlarımda təbəssüm,

Bəbəklərimdə ümid və qürur,

İçimdə ağlamaq ehtiyacı...

Yol gedirəm, yorulanadək…

O, poeziyaya təzə nəfəs kimi gəldi, özünü istedadlı şairə kimi təsdiq etdi. Şöhrəti sevmədi. Hamı kimi olmadı, kimsəyə bənzəmədi. Ömrü boyu sadə, təvazökar insan kimi yaşadı, “Həyat – qanadlı bir nağıl” deyə onun gözəlliklərindən zövq aldı, illər həyat eşqini dəyişmədi. Yaşlaşdıqca, yaşının üstünə yaş gəldikcə “Mən deyən adamlar azdır” deyə ünsiyyətdən qaçdı, bundansa mütaliə etməyi üstün tutdu, sevimli kitablarla dərdləşdi, söhbətləşdi. Özünü “ev pərvanəsi”nə döndərdi. “Beyni yüklü, qayğılı” yaşadı, amma “Haqqım yoxdur kimisə yükləməyə” deyə bunu kimsəyə hiss etdirmədi...

Bir şakəri də varmış Nurəngiz xanımın. Yuxudan erkən oyanmağı, Günəşi hamıdan tez qarşılamağı sevərmiş. Çiçəkləri dərənlərə, quşları ovlayanlara nifrət edər, bir gülün ayaqlar altına atılmasına razı olmazmış. Amma bu dəfə sevənləri onun dediyinin əksini etdilər, gül-çiçəkləri məzarı üstünə səpələdilər. Gün çıxmayanda, hava tutqun olanda darıxan Nurəngiz Günü gizlədən qara torpağı bəzədi bu gül-çiçəklər... Yəqin bu dəfə incimədi, çünki ana torpaqla birgə güllərin də qoxusuna, ətrinə bələndi...

Nurəngiz Günün şeirləri bir çox ölkələrdə-Türkiyədə, Özbəkistanda, İranda, İraqda, Estoniyada, keçmiş Yuqoslaviyada çap olunub. Şairə müxtəlif vaxtlarda xarici ölkələrin ədəbi ödüllərinə layiq görülüb.

...Poeziyası ümid, kədər, məhəbbət və qadın (lıq)... ətrinə bələnən şairənin könül süfrəsindən, şeir bağçasından... seçilən əlvan çələngi onun çöxsaylı oxucusuna təqdim edirik:

Ulu nənəm, Gün xanım, hey!..

Bu torpağın öncə Günəşi doğub,

Bu torpaq sarı tellərdən yoğrulub.

Bu torpağın ulu nənəsi Gün xanım olub.

Gün xanım, Günəş xanım!

Andım, Tanrım, imanım!

Yadındamı,

Tellərindən bir cüt hörük toxudun,

Bağışladın anama?

Hə, bax, onu deyirəm, e!

Allah apardı, getdi...

80-ci illərin ortalarında və sonlarında Nurəngiz Günün poeziyasında daha çox tənqidi notlar eşidilir. Hədər yerə deyil ki, o, “Mən gülürəm” adlı şeirini böyük Azərbaycan satirik şairi Mirzə Ələkbər Sabirin xatirəsinə ithaf etmişdir. Bu o zamanlar idi ki, dünənki kütbeyinlər, cahillər ön plana çıxaraq meydanları və stadionları doldurmuşdular, hakimiyyətin zirvəsinə qalxmışdılar - bir sözlə köpüklər ictimai həyatın səthinə yüksəlmişdilər. Nurəngiz Gün də öz şeirlərində bu nizamsızlığa etiraz edir, bu ağılsız xora qoşulmamaq üçün xilas olmağa çalışır, özünü evinin sakitliyində ağ vərəqlər arasında gizlədir. Bunun özü də özünəməxsus bir etiraz formasıdır. Şairə həmin dövrün reallıqlarıyla barışmır, sovetlərin sonunun gəldiyi xəbərini imperiya dağılmazdan çox illər əvvəl şeirlərində sanki xəbər verir.

“Pələng yuxusu”, “Ehtiyat”, “Açıq söhbət”, “Öz aramızda qalsın” və xüsusən “Qəfəs respublikaları” kimi şeirlərində, o, hansısa qüvvəni (yəqin ki, “böyük qardaşı”) bütün qəfəslərdəki quş və heyvanları qəfəslərdən açıb azadlığa buraxmağa çağırır.

Xocalı simfoniyası

90-cı illərdə Nurəngiz xanımın yaradıcılığında amansız düşmənin təhqir və talan etdiyi torpaqlarımızın motivləri qabarıq şəkildə səslənirdi. Xalqının başına gələnlərdən hədsiz sarsılan Nurəngiz Gün özünün şedevrini – “Xocalı simfoniyası” poemasını yaradır. O, hələ sovet dövründə, özünə xas olan romantik, lirik-dramatiik ruhda hərbi-vətənpərvərlik mövzulu şeirlər yazırdı. Belə ki, 1981-ci ildə Nurəngiz Günün “Salamat ol, Ağca yol” adlı poeması çap olunmuşdur. Böyük Vətən müharibəsinin özü ilə gətirdiyi faciə, 40 il oğlunun müharibədən qayıtmasını gözləyən ananın obrazında göstərilir. Poema 20-ci əsrin 80-ci illərində meydana çıxsa da, təəssüf ki, üstündən 10 və ya 20 il keçməsinə baxmayaraq, aktuallığını itirmir. Əsər bu gün də aktualdır. Çünki Azərbaycanda yüzlərlə, minlərlə ana Qarabağ müharibəsindən dönməyən övladlarının yolunu gözləyir. Nurəngiz Günün poemasının lirik qəhrəmanı kimi, kədər və ümidlə, gözləyir…

1083092.jpg

“Xocalı simfoniyası” poeması – Xocalı soyqırımı mövzusunda yazılan ilk bədii əsərdir və əgər belə demək mümkündürsə şairənin ürəyinin qanı ilə yazılıb. O, gah xristian allahına müraciət edir, gah da çox sevdiyi Məryəm anaya belə bir dəhşətli cinayətin törədilməsinə necə yol verdiklərini sual edir:

Ah! Boğulur, cocuqlar,

Yorulur torpağın altında

Cocuqlar!

Əlləri, qolları yorulur…

Heç bir şey anlamır, Cocuqlar!

Cocuqlar top-top oynamaq istəyir,

torpağın altında.

Cocuqlar bir təhər ovunar

havasız… nəşəsiz...

torpağın altında…

O! Məryəm!...

Ancaq ki, ana məməsi istəyir körpələr torpağın altında!

Heç bir şey anlamır İnqalar!..

İnqalar ana döşü əvəzinə

İndicə torpağı əməcəklər!..

Nurəngiz Günün Xocalı soyqırımının qurbanlarına anım fəryadı insanı qəlbinin dərinliklərinə qədər sarsıdır, oxucunu uzun müddət tərk etmir, mənəvi iztirab keçirməyə vadar edir. Əsil sənət əsərlərinin yazılmasının məqsədi də elə budur.

Bu poema demək olar ki, ölkənin bütün əsas telekanalları tərəfindən ekranlaşdırılıb. 2011-ci ildə isə “Xocalı simfoniyası” Azərbaycan televiziyasında sənədli-publisistik film kimi yeni həyat qazanıb…

Apar məni, apar, apar…

XXI əsrdə onun yaradıcılığında yeni motivlər görünməyə başlayır - bunlar, hər şeydən əvvəl qardaş Türkiyə, Şimali Kipr mövzusu, hədsiz sevdiyi Nazim Hikmətə həsr etdiyi poemadır. Nurəngiz xanımın poetik dili mürəkkəbləşir, dərin obrazlılıq ortaya çıxır, şairənin özünün yaratdığı neoloqizmlər diqqət çəkir. Nurəngiz Günün yaradıcılığının bu xüsusiyyəti və ümumilikdə bütün yaradıcılığı dərin təhlilə və tədqiqə möhtacdır. Yeri gəlmişkən, sevindirici haldır ki, onun ədəbi irsi AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda xüsusi dissertasiyaların mövzusuna çevrilmişdir.

Türkiyədə Nurəngiz Günün yaradıcılığı populyar və sayqın olmuşdur. O, 1992-cü ildə TÜRKSOY-un Ankarada keçirilən ilk qurultayında Azərbaycanın ilk və yeganə təmsilçisi kimi iştirak etmişdir. Azərbaycanda və Türkiyədə “Kuzey Kıbrıs rüzgarları” poeması yayınlandıqdan sonra isə Şimalı Kipr Respublikasının Prezidenti Rauf Denktaş tərəfindən hörmətlə qəbul edilmişdir. Onun şeirləri Türkiyənin nüfuzlu jurnallarında çap olunmuş, çox sayda qəzetlərdə dərc edilmiş, Türkiyə televiziyasının ekranlarından səsləndirilmişdir. 2014-cü ildə Nurəngiz Gün Türkiyənin ən nüfuzlu mükafatlarından birinə – “Türk ədəbiyyatına xidmətlərinə görə” mükafatına layiq görülmüşdür.

Nurəngiz Günün dili – çoxobrazlıdır, alliterasiyalı, ahənglidir. Onun sətirlərini rus dilinə çevirmək bir o qədər asan deyil. Tərcümədə bəlkə də oxucuya yalnız mənanı çatdırmaq olar, ancaq onun şeirlərinin musiqisini çatdırmaq demək olar ki, mümkünsüzdür. Məsələn, bu sətirləri necə çevirəsən?

Ən çox qısqandığım

Anlayıb, anlatdığım şey:

Bir ulu eşq!

Bir həzin səsli ney,

bir də

Quzeylərin dərdindən

xəbərsiz

Güney.

Gün, ey!...

Dünyada gözəl qadın az deyil. Xüsusən qadın gözəldirsə və intellektə malikdirsə, onda bu, çox nadir uzlaşmadır. Bir qadının gözəl və ağıllı, üstəlik istedadlı olması isə sözün əsl mənasında təbiətin unikal hadisəsidir.

Mən bu oçerkimdə bax belə bir unikal insandan bəhs etmək istəyirəm. Xüsusilə ona görə ki, rus dilli oxucular təəssüf ki, onun yaradıcılığına demək olar ki, bələd deyillər.

Bu günlərdə Azərbaycanın ədəbi ictimaiyyəti mərhum şairə, nasir, ssenarist Nurəngiz Günün (Quliyeva) 85 illik yubileyini qeyd edir. Bu münasibətlə ədəbi-bədii jurnallarda, qəzet və saytlarda onun şeirlərindən seçmələr çap edilir, Yazıçılar Birliyində şairənin xatirəsinə həsr olunan yaradıcılıq gecəsi keçirilib, televiziya kanallarında bu tarixə həsr edilən filmlər nümayiş olunub.

Özünə Gün (gün, günəş) ədəbi təxəllüsünü götürən, çoxsaylı oxucularının yaddaşında yaradıcı azadlıq və müstəqillik rəmzi kimi qalan Nurəngiz xanım kimdir?

Nurəngiz xanım 1938-ci ilin 21 sentyabrında Bakıda ziyalı ailəsində doğulub. Ailəsinin tarixçəsi Stalin repressiyasının amansız epoxasına xas olan digər nümunələr kimi faciəlidir. Nurəngiz Gün - Qulubəyovlar ailəsindəndir (sovet dövründə bu "narahat” soyadı neytral "Quliyeva” ya dəyişməyə məcbur olmuşdu). Şairənin, dövrünün məşhur həkimi, taun xəstəliyi ilə mübarizə aparan, xəstələri təmənnasız müalicə edən, Hüseyn Cavidin və Nəriman Nərimanovun dostu olan babası 1917-ci ildə bolşeviklər tərəfindən öldürülüb.

1937-ci ildə isə ailəsini əslən təbrizli olduqları üçün İrana sürgün edirlər. Təkcə ailənin kiçik qızı olan Nurəngiz Günün anası Bakıda qalır. Çünki o, artıq nişanlı idi. Nurəngiz xanımın dayısı - Ağa Səlim Hacızadə 1946-cı ildə Bakıya qayıdır. Lakin talehsizlik ailədən əl çəkmir. O repressiya olunaraq Sibirə sürgün edilir və orada həyatını itirir. Nurəngiz Günün digər dayısı - İranda məşhur rəssam olan, əsərləri ABŞ-da, Avropada sərgilənən Ağa Kərim Hacızadə bütün həyatı boyu vahid Azərbaycan ideyası uğrunda mübarizə aparmış, əqidəsinə görə dəfələrlə şahın zindanına salınmışdır. O, ömrü boyu Cənubi Azərbaycanla Şimal arasındakı sərhədlərin yıxılacağı günün ümidi ilə yaşamış, ancaq həmin işıqlı günü görmək ona qismət olmamışdır. Sərhədlərin açılmasına bir-neçə gün qalmış vəfat etmişdir. Bütün bu yaşananlar, ailə dramı sonralar Nurəngiz Günün yaradıcılığında təbii ki, öz əksini tapacaqdı.

Nurəngiz xanım Mirzə Ağa Əliyev adına Mədəniyyət və İncəsənət İnstitutunu bitirmişdir. Onun ilk iş yeri demək olar ki, 15 il ard arda çalışdığı Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsi olmuşdur. Qısa müddət ərzində onu bütün Azərbaycan tanıdı - dinləyicilər əvvəlcə onun səsini, sonra özünü sevdilər.

İri badamı gözləri, incə burnu, topa parlaq qara saçları olan bu xanım, gənc azərbaycanlı qızlar üçün həqiqi bir dəb ikonasına çevrilmişdi.

Nurəngiz Gün diktorlardan Roza Tağıyeva, Natəvan Hacıyeva, Ofelya Sənani, Rafiq Hüseynov ilə birlikdə Azərbaycan Televiziyasının siması idi. Üstəlik o, təqdim olunan mətnləri mexaniki səsləndirən adi diktor deyildi. O, ”Səadət” qadın proqramından tutmuş “Klassik irsimizdən” kimi bədii-ədəbi layihələrə qədər müxtəlif səviyyəli və məzmunlu onlarla proqramın müəllifi və aparıcısı idi. Təəssüf ki, subyektiv səbəblər üzündən Nurəngiz xanım televiziyadan uzaqlaşmağa məcbur olur.

1979-cu ildən etibarən o, bitirdiyi doğma təhsil ocağında səhnə danışığı müəllimi kimi çalışmağa başlayır. Ancaq Nurəngiz Gün institutda çox az işləyir, kafedra müdiri ilə fikirləri düz gəlmədiyindən 1984-cü ildə oranı tərk edir. Xoşbəxtlikdən həmin dövrdə o, artıq istedadlı ədəbiyyatçı kimi tanınırdı. 80-ci illərin əvvəllərində onu o zamanın bəlkə də ən nüfuzlu təşkilatı olan SSRİ Yazıçılar İttifaqına qəbul edirlər. Daxilən azad, düşüncələrində müstəqil olan bu istedadlı qadın bütünlüklə özünə doğma olan poeziya dünyasına köklənmişdi. Bu dünya onun pənahgahı, sığınacağı, dualarının evi, bütün həyatının mənasına çevrilmişdi. Elə buna görə də onun bir çox məhrəm şeirlərinin duaya bənzəməsi təsadüfü deyil.

Maraqlıdır ki, Nurəngiz Gün ədəbiyyata nəsrlə gəlib. 1981-ci ildə "Ulduz” jurnalının 4-cü sayında onun “Tanrı - bəşər övladıdır” povesti çap olunur. Daha çox poemaya oxşayan bu povestin ana xəttini bir neçə cümləylə nəql etmək çox çətindir.

Tanrını - əsərin qəhrəmanını - onun atası uşaqlıqda bu adla çağırıb, əslində isə qızın adı Məryəmdir. Hədər yerə demirlər ki, insanın adında onun həyat kodu proqramlaşdırılıb. Belə ki, Tanrı adlandırılan, adının mənası müqəddəslik rəmzi olan Məryəm adlı qız özünün ən xoşbəxt anları hesab etdiyi uşaqlıq xatirələri ilə yaşayır. Artıq böyüyən və öz balaca qızı ilə kəndə - bir zamanlar bibisinin yaşadığı evə gələn Məryəm anlayır ki, uşaqlıq lövhələrindən heç bir iz qalmamışdır. Bu yetmirmiş kimi, üstəlik bibisinin evində şər və haqsızlıqla qarşılaşır. Məryəm təbiəti etibari ilə mübariz deyil. O, çox kövrək və zərifdir, öz romantik dünyasında yaşayır. Ancaq lazım gələrsə insanların amansızlığına qarşı çıxa bilər, bəşər övladı olan Qınıq adlı kiçik qulluqçu qızı həyata qaytarmaq üçün güclü ola bilir.

Bu povest, Nurəngiz Günün oxumaq nəsibim olan digər nəsr əsərlərində, məsələn “Qırmızı gecə” povestində də olduğu kimi, sanki nəsirlə deyil, nəzmlə yazılmışdır. Bu əsərlər ahəngli, təsirli, yuxu ilə gerçəyin, keçmişlə bu günün, romantik xəyallarla xatirələrin qarışdığı poetik şeirlərə bənzəyir. Bu povest və hekayələrdə heç də həmişə fərəhli işlərdən söhbət açılmasa da, onlar sehrli nağıllara bənzəyir. Nurəngiz Günün Qınıq adlı "zoluşka” haqqında yazdığı povest eynən sehrli nağılların sonluğunda olduğu kimi bitir - göydən üç alma düşür…

Nurəngiz Günün povest və hekayələri, hələ gənc yaşlarında qələmə alınmasına baxmayaraq, Azərbaycan dilinin zənginliyi ilə heyran edir. Xüsusilə “Tanrı bəşər övladıdır” povesti yalnız müəyyən bir reqionun əhalisinə xas olan dialektlərlə, arxaizmlərlə diqqət çəkir. Əsərdə hər personaj öz dilində danışır. Danışığından, hətta dialektindən həmin personajın xarakterini anlamaq mümkündür.

Uğurlu başlanğıca baxmayaraq, Nurəngiz Gün nəsrdə öz təcrübəsini davam etdirməyib və ona əsl məşhurluq və çoxsaylı oxucu sevgisi qazandıran poeziya ümmanına tamamilə qərq olub.

Qəfəsdə bülbül…

…Nurəngiz Gün poeziyaya XX əsrin 70-ci illərinin sonu, 80-ci illərinin əvvəlində gəlmiş olsa da, əslində onun yaradıcılığı mahiyyəti etibariylə sovet “altmışıncılarının” böyük humanizm ənənələrinin daşıyıcısı kimi üzə çıxırdı. O, bir çox şeirlərində poeziyasının əsas məğzi olan insanlığa sanki himn tərənnüm edir.


MANŞET XƏBƏRLƏRİ