İrəvan və Zəngəzurun ermənilərə güzəştə gedərək verilməsi


Elşən Mirişli

Gəncə şəhəri, tarixçi

Sovet dövründən əvvəlki sərhədlər

Rusiya İmperiyası (1721-1925) Qafqazı işğal etdikdən sonra çar mülki hakimiyyəti altındakı (hərbi hakimiyyət 1841-ci ildə mülki hakimiyyətlə əvəz olundu), ərazi (ruslara görə Zaqafqaziya) 4 vilayətə bölünmüşdü. Hər vilayət özünün böyük şəhərinin adı ilə adlanırdı: Bakı,Yelizavetpol (Gəncə, bu, rusların 1804-ci ildəki qələbəsindən sonra qoyulan ad idi və Gəncə sözünü işlətmək cinayət hesab edilirdi), İrəvan və Tiflis. Eyni zamanda Tiflis Zaqafqaziya çar canişinin paytaxtı idi. Rusiyaya ilhaq edilmiş keçmiş Qarabağ xanlığı bütünlüklə Yelizavetpol (Gəncə) quberniyasına aid idi. Müstəqil Azərbaycan (1918-1920) Bakı,Yelizavetpol və İrəvan quberniyasının böyük hissəsini təşkil edən ərazidə qurulmuşdu.Yelizavetpol qəzasının cənub-qərb hissəsi Zəngəzur idi.

İrəvan

Ermənilərin Qafqazın qədim sakinləri olduqları ağlasığan deyil. Ancaq çar Rusiyasının İrəvanı xanlıq olaraq ermənilərdən deyil,Qacar dövlətindən (1785-1925) aldığı bir həqiqətdir. Rusların 1804-cü ildə general Sisianovun başçılığı ilə İrəvana hücum edən qüvvələrinin Qacarlar tərəfindən məğlub edildiyi və ikinci dəfə 1807-ci ildə feldmarşal Kudoviçin komandanlığı altında İrəvanı almağa qalxan rus ordularının ağır məğlubiyyətə uğradılıb, darmadağın edildiyi də bir həqiqətdir.1827-ci ilin oktyabrında rus orduları Sərdarabad və Abbasabad qalaları önündə böyük insan tələfatı verməsindən sonra bu qalaları ələ keçirmiş və sonda İrəvan qalasını darmadağın etmişdi.Bir ay davam edən bu savaşda xeyli qan axıdıldıqdan sonra ruslar İrəvanı Qacar hərbi hissələrinə komandanlıq edən Həsən xandan almağa müvəffəq olmuşdular.1826-cı ildə Gəncə və Aslandüzdə ruslarla etdiyi böyük meydan savaşlarında məğlub olan Qacar ordusu baş komandanı Abbas Mirzə İrəvanı taleyin hökmü ilə tərk etmiş və bu bir illik savaşı İrəvan xanı mərkəzi Qacar ordusundan yardım almadan aparmışdı.

Ruslar İrəvanı mühasirə edib savaşa girişdikləri zaman orada olan rus yazıçıları uzaqdan İrəvan qalasında çoxlu məscid minarələrinin göründüyünü və qala alındıqdan sonra əhalinin türklərdən ibarət olduğunu yazılarında qeyd etmişlər. İrəvanda erməniyə və kilsəyə rast gəlməmişlər. Saxta və yalan erməni tarixini sovet tarixçiləri uydurmuşlar.

Bakıda mart hadisəsini törədən və Şərqi Azərbaycanı tamamilə dəmir və atəşdən keçirən daşnaklar qərbdə də sakit oturmadılar. İrəvan vilayətinin bütün kəndləri Andronik, Dro və sair sərkərdələr tərəfindən yer ilə yeksan və əhalisi məhv edildi. Bu qırğından qurtulanların hamısı Gəncəyə doldular. İrəvan soyqırımı və hadisələri Zaqafqaziya seyminin 1918-ci il 5,7,19,20 fevral iclaslarında böyük gurultulara səbəb olmaqla İrəvana heyətlər göndərildi.Bu heyətlər təhqiqat apararaq qayıtdı və İrəvan vilayətində Azərbaycan türkləri yaşayan 211 türk kəndinin məhv edilməsini və 100 mindən artıq türk əhalisinin məhv edildiyini isbat etdilər. Seym tərəfindən mühacirlər üçün 15 milyon rubl yardım təyin edildi isə də,3 milyonu verildi və qaçqınların ehtiyacları tam ödənilmədi.Beləcə, İrəvan vilayətində olan müsəlman və türklər məhv edildilər.Bu vilayətdə sağ salamat qalan Azərbaycan türklərinin vəziyyəti də bərbad vəziyyətdə idi.1918-ci il 28 mayda Tiflisdə öz istiqlaliyyətini elan edən Azərbaycan hökuməti bir gün sonra aldığı qərarla İrəvan şəhərinin taleyini həll etdi.

1918-ci il mayın 29-da İrəvan şəhərinin siyasi mərkəz kimi ermənilərə veriməsi haqqında Azərbaycan Milli Şurası qərar verdi. Milli Şuranın iclasına Həsənbəy Ağayev sədrlik edirdi.

Milli Şuranın 28 üzvündən 16-sı İrəvanın güzəşt edilməsinin lehinə,1 nəfər əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb,digərləri səsverməyə qatılmayıb. Milli Şuranın qəbul etdiyi 3 saylı protokolda bu barədə tam təfsilatı ilə göstərilib. Fətəli xan Xoyski iclasda məruzə ilə çıxış edərək, Milli Şura nümayəndələri ilə erməni Milli Şurasının təmsilçiləri arasında keçirilən danışıqlar barədə məlumat verib.Deyib ki,Azərbaycan və Ermənistan öz sərhədlərini müəyyənləşdirməyi qərara alıb.Xoyski məruzəsini belə bir məlumatla qurtarır ki,Ermənistan dövlətinin yaradılması üçün siyasi mərkəz lazımdır.Çünki o vaxtadək ermənilər özləri üçün indiki Gümrü, o zaman Aleksandropol adlanan şəhəri mərkəz hesab edirdilər. Amma həmin dövrdən Aleksandropol Osmanlı İmperatorluğunun nəzarətinə keçdiyi üçün ermənilər mərkəzsiz qalır.1918-ci ilin martında Sovet Rusiyası lideri Leninlə almanlar arasında Brest-Litovsk sülh müqaviləsi bağlanmışdı.Bu müqaviləyə əsasən, Qars və Ərdahanla birgə Aleksandrapol da Türkiyəyə verilmişdi.Buna görə də erməni Milli Şurası İrəvanın ermənilərə güzəştə gedilməsinin zəruriliyini bildirib. Fətəli xan Xoyski hətta deyib ki,İrəvanın ermənilərə verilməsi qaçılmazdır.Bu mövqeyə etirazlar olsa da, məsələ səsverməyə çıxarılıb və 16 nəfər İrəvanın verilməsinin lehinə olub. Ancaq burada İrəvanın Ermənistan dövlətinə yox, Ermənistan Federasiyasına siyasi mərkəz olaraq güzəşt edilməsindən söhbət gedir. Lakin Milli Şuranın iyunun 1-də keşirilən iclasında həmin məsələyə yenidən baxaraq, bu qərara protest elan edildi. Onu Milli Şuranın İrəvandan olan 3 üzvü imzalamışdı.Milli Şura protesti müzakirə olunmadan iclas protokoluna əlavə etməyi qərara aldı.

Azərbaycan Xalq Cümhuriyyətində Nazirlər Şurasının (Azərbaycan Cumhuriyyəti Heyəti-vükəlası) sədri Fətəli xan Xoyski idi. Xoyski 11 nazirlikdən ibarət Nazirlər Şurasının sədri təsdiq olunmuşdu. Azərbaycan dövlətində qanunverici və icra hakimiyyətinin başçısı olaraq İrəvanın ermənilərə güzəşt edilməsi onun hökuməti zamanı baş vermişdi.İrəvanın ermənilərə güzəştə gedilməsi qərarı verilərkən Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası Rəyasət Heyətinin sədri 27 may 1918-7 dekabr 1918 Məmməd Əmin Rəsulzadə idi.Rəsulzadə eyni zamanda parlamentdə ən çox millət vəkili ilə təmsil olunan Müsavat partiyasının başçısı idi. 1918-ci il 4 iyunda Osmanlı İmperatorluğu yalnış qərar qəbul edərək Ermənistan Cümhuriyyətini dövlət olaraq tanımışdı. Bu tanımanın əvəzində Ermənistan Osmanlı İmperatorluğunun ərazi bütövlüyünü tanımışdı.

Erməni hökuməti və Erməni Milli Məclisi 1918-ci il iyulun 17-də Tiflisi tərk etdi çətin keçən iki günlük yolçuluqdan sonra iyulun 19 –da Azərbaycan şəhəri olan İrəvana gəldi. Xəlil Kut bəyin rəhbərlik etdiyi Batum konfransındakı (11may-4 iyun 1918) Osmanlı heyəti Azərbaycan torpaqları hesabına ermənilər lehinə bir sıra ərazi güzəştlərinə gedərək, İrəvan, Eçmədzin və Aleksandropol qəzalarının Osmanlı İmperiyasına keçən ərazilər istisna olmaqla yerdə qalan bölgələrdən və Yeni Bəyazid qəzasından, (Basarkeçər istisna olmaqla) ibarət 9 min km 2-lik bir ərazidə Türkiyənin nəzarətində olacaq bir erməni dövlətinin qurulmasını təsdiqlədi və Türkiyə onu de-fakto tanıyan ilk dövlət oldu.Bu tariximizin ən böyük faciəsi idi. Xəlil Kut erməni dövlətinin yaradıcısı olmaqla bərabər Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci il 27 apreldə ruslar tərəfindən işğalında əsas aparıcı rol oynadı.

Zəngəzur

Zəngəzur Çar Rusiyası dövründə Yelizavetpol quberniyasının tərkibində olub.1920-ci il 27 apreldə Azərbaycan Xalq Cümhuriyyəti ərazisini işğal edən (Sovet Rusiyası) Moskva Ermənistana vətənimizin Naxçıvan, Zəngəzur,Qarabağ və Gəncə kimi mühüm və qiymətli parçalarını söz vermişdi. Zəngəzurun Ermənistana verilməsi 1920-ci il noyabrın 30-da Azərbaycan SSR MK Siyasi və Təşkilat bürolarının birgə iclasında qəbul etdiyi qərarla mümkün oldu. Həmin qərarda Zəngəzur bölgəsi iki yerə: Qərbi Zəngəzur qəzası və Şərqi Zəngəzur qəzasına bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Azərbaycan SSR tərkibində qalmış,3.637 kv. verstlik hissəsi isə Ermənistana verilmişdir.

Zəngəzurun ermənilərə verilməsi istiqamətində ilk addımlardan biri 1920-ci il dekabrın 1-də atıldı. Həmin gün Bakı Sovetinin Ermənistanda sovet hakimiyyəti qurulması münasibətilə keçirilən təntənəli “tarixi”iclasında Nəriman Nərimanov bəyanatla çıxış edirdi.

Həmin çıxışda deyilirdi.

“Sovet Azərbaycanı Ermənistan və Zəngəzurda ən yaxşı yoldaşlarımızın-kommunistlərin günahsız qanını tökmüş və tökən daşnakların hakimiyyətinə qarşı əməkçi erməni xalqının mübarizəsinə yardım göstərərək elan edir ki,bundan belə heç bir ərazi məsələləri əsrlərdə bəri qonşu olan iki xalqın :ermənilərin və müsəlmanların bir-birinin qanını tökməsi üçün səbəb ola bilməz; Zəngəzur və Naxçıvan qəzalarının ərazisi Sovet Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi kəndlərinə isə öz müqəddəratını təyin etmək hüququ verilir, Zəngəzur hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır; Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılırlar.Sovet Azərbaycanı malik olduğu tükənməz sərvətlərin-neft, kerosin və digər məhsulların qapılarını Sovet Ermənistanı üçün geniş açır.”

Bakı Sovetinin iclasında yekdilliklə qəbul olunan qətnamədə “Nərimanovun Bəyanatı”nın tamamilə bəyənildiyi bildirilir və onun”... Ermənistanla müsəlman dünyası arasında çoxəsirlik düşmənçilik və qanlı müharibələri birdəfəlik aradan qaldırmaqla Güney Qafqaz və bütün Şərq xalqlarının tarixində yeni səhifə açdığı” qeyd edilirdi.

İosif Stalin bu məsələni belə izah etmişdi: “Dekabrın 1-də Sovet Azərbaycanı mübahisəli vilayətlərdən könüllü olaraq əl çəkir və Zəngəzur, Naxçıvan, Dağlıq Qarabağın (Bəyanatın məzmunu Yuxarı Qarabağla bağlı burada da tərif edilmişdir).Sovet Ermənistanına verilməsini elan edir”. Sovet Rusiyası Ermənistana verdiyi sözünə əməl etmək üzrə ilk qanun 1dekabr 1920-ci ildə Azərbaycan sovet cümhuriyyətini “öz arzusu ilə” Qarabağ, Zəngəzur və Naxçıvanı Ermənistana verməyə məcbur etdi. Azərbaycan türkünün müqəddəs qanı bahasına düşməndən geri alınıb Azərbaycana birləşdirilmiş olan bu torpaqlar Nəriman Nərimanov tərəfindən Ermənistana “bəxşiş edilirdi”.Azərbaycan türklərinin rus işğalına qarşı sərt müqaviməti,”Müsavat” partiyasının siyasi-diplomatik təşəbbüsləri və inqilabçı Mustafa Kamal Türkiyəsinin diplomatik müdaxiləsi nəticəsində bu torpaqların bir qismi Ermənistana verildisə də qalan hissəsi Azərbaycanın himayəsində saxlanıldı. Bununla bərabər,27-ci Bakı komissarı olan Nəriman Nərimanovun bu bədnam qərarları ilə Azərbaycan Qarabağla Naxçıvanı ayıran vətən torpağımız olan Zəngəzurunu, Gəncə və Qazaxın dağlıq hissələrini Ermənistanın xeyrinə itirdiyi kimi,məmləkətin tam göbəyində “muxtar dağlıq Qarabağ” vilayətinə də malik oldu. Göyçə gölümüz və mahallımız da Ermənistana verildi.

Moskva yalnız Azərbaycanı parçalamaqla kifayətlənmirdi.Lenin ilə Stalin 30 dekabr 1917-ci ildə imza etdiklləri “13 N-li dekret”i tətbiq etmək üzrə Türkiyənin şərq vilayətlərini Ermənistana vəd etmişdi. Rusiya 1920-ci ilin yazında Moskvada olan “Türk səlahiyyətli nümayəndə heyətinin başçısı, xarici işlər naziri Bəkir Sami bəydən Sovetlər kimi, Türkiyənin də ermənilər lehində ərazicə bəzi güzəştlər etməsini istəmişdi”.

Beləliklə,1933-cü ildə Ermənistan SSR-in ərazisi rayonlara bölündü və Zəngəzur adı xəritədən silindi.Yerinə Qafan, Gorus, Qarakilsə (Sisian) və Mehri rayonları yaradıldı. İrəvan və Zəngəzur haqqında bədnam qərar verildi.Bu ərazilər qonşu dövətə keçdi.1988-1989-cu illərdə 300 min Azərbaycan türkünün Ermənistandan deportasiya edilməsi və qovulması ilə ermənilər tək millətli respublika yaratdılar.


MANŞET XƏBƏRLƏRİ