ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Ukrayna ilə Rusiya arasında sülh üzrə diplomatik danışıqlar hazırda çıxılmaz vəziyyətə düşüb.
Turkustan.az xəbər verir ki, bununla belə, ABŞ tərəflər arasında razılaşmaya yaxınlaşmaq üçün yenidən vasitəçi kimi çıxış etməyə hazırdır.
Rubio bu fikirləri ABŞ-ın Romadakı səfirliyində jurnalistlərə açıqlamasında səsləndirib.
O, Ukrayna–Rusiya danışıqlarının hazırkı mərhələsi ilə bağlı sualı cavablandırarkən qeyd edib ki, ABŞ bu prosesdə vasitəçi rolunu oynamağa çalışsa da, indiyədək müxtəlif səbəblərdən ciddi nəticə əldə olunmayıb.
Rubio əlavə edib: “Əgər bu rol məhsuldar ola biləcəksə, biz onu oynamağa hazırıq. Vaxtımızı irəliləyiş olmayan səylərə sərf etmək istəmirik. Lakin tərəfləri sülh razılaşmasına yaxınlaşdıra biləcək bir imkan görsək, vasitəçilik etməyə hazırıq".
Aytən Yaşar/ Turkustan.az