Zelenski: Qırmızı Meydan Ukraynanın hədəfində olmayacaq


Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 9 May – Qələbə Günü münasibətilə Moskvada keçiriləcək hərbi paradına dair diqqətçəkən açıqlama verib.

Turkustan.az xəbər verir ki, o bildirib ki, Qırmızı Meydan Ukrayna tərəfindən mümkün hücumlardan kənarda saxlanılacaq.

Bu açıqlama Ukrayna və Rusiyanın 9–11 may tarixlərini əhatə edən üç günlük atəşkəsi təsdiqləməsindən sonra səsləndirilib. Mətbuatda yayılan məlumata görə, Zelenski bununla bağlı simvolik məzmun daşıyan fərman imzalayıb.

Bəyanatda qeyd olunub: “9 may 2026-cı ildə Moskva şəhərində keçiriləcək parada icazə verilir”. Həmçinin bildirilib ki, Qırmızı Meydan Ukrayna silahlarının planlaşdırılmış hədəf zonalarından çıxarılacaq.

Son günlər Zelenski Kremlin atəşkəs çağırışlarını tənqid edərək, Moskvanın paradın təhlükəsiz keçirilməsi üçün faktiki olaraq Kiyevdən “təminat istədiyini” söyləmişdi. Ukrayna lideri bazar ertəsi günü verdiyi açıqlamada “Rusiya hakimiyyəti Qırmızı Meydan üzərində dron səslərindən qorxur” ifadəsini işlədib.

Qeyd edək ki, Moskva Qələbə Günü tədbirləri öncəsi təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə çatdırıb. Parad zamanı tank və digər ağır hərbi texnikanın əvvəlki illərlə müqayisədə daha məhdud şəkildə nümayiş etdiriləcəyi bildirilir.

Aytən Yaşar/ Turkustan.az


MANŞET XƏBƏRLƏRİ