KƏLBƏCƏR: daşın yaddaşı, sözün vətəni, ruhun qayıdışı


Əkbər QOŞALI

Vətənin elə ünvanları var, onların adını çəkəndə göz önünə bütöv bir mənəviyyat dünyası açılır. Kəlbəcər belə ünvanlardandır. Orada dağ təbiət yüksəkliyi olmaqdan çıxıb xarakterə, bulaq saflığın rəmzinə, daş yaddaşa, söz isə xalqın mənəvi varlığını yaşadan qüdrətə çevrilib.

Kəlbəcər Azərbaycan mədəniyyətinin özünəxas duyum, düşüncə və ifadə məkan­la­rından biridir. Bu məkanın tarixini öyrənmək üçün arxeologiyaya, mənəviyyatını anlamaq üçün folklora, ruhunu duymaq üçün poeziyaya, gələcəyini təsəvvür etmək üçün isə insanın doğma yurda bağlılığına üz tutmaq gərəkdir.

25 Noyabr – Kəlbəcər Şəhəri Günü bütün bu anlamları bir araya gətirən tarixi-mənəvi hadisədir.

Kəlbəcərin yaddaşı qədim qatlara uzanır. Qayaüstü təsvirlər, qədim yaşayış izləri, mağaralar və müxtəlif dönəmlərə aid maddi mədəniyyət örnəkləri bu torpağın minilliklər boyunca insan məskəni, yaşam və yaradıcılıq mühiti olduğunu göstərir. Burada daş geoloji varlıq olmaqdan çıxıb tarixin ilkin mətnlərindən biri kimi çıxış edir; qayaüstü təsvirlər insanın dünyanı anlamaq, gördüyünü ifadə etmək, yaşadığını gələcəyə ötürmək ehtiyacının nişanəsi kimi görünür. – Kəlbəcərin qədim abidələri Azərbaycanın mədəni yaddaşını bəşər sivilizasi­ya­sının ilkin ifadə formaları ilə əlaqələndirir.

Kəlbəcərin tarixi-mədəni irsinin özəlliklərindən biri də müxtəlif inanc və mədəniyyət qatlarının burada iz qoymasıdır. Qədim inanclardan xristianlıq dönəmi abidələrinə, İslam mədəniyyətinin mənəvi və memarlıq örnəklərinə qədər uzanan bu irs bölgənin mürəkkəb və zəngin tarixi keçmişini əks etdirir.

Xudavəng monastır kompleksi kimi abidələrə münasibətdə elmi obyektivlik, tarixi qaynaqlara sədaqət və mədəni irsin qorunması prinsipləri xüsusi önəm daşıyır. – Tarixi abi­dənin dəyəri onun hansı dönəmə aid olmasından savayı, həm də insanlığın ortaq mədəni yaddaşına nə söyləməsindədir... Azərbaycanın bu irsi qorumaq, gələcək nəsillərə çatdırmaq məsuliyyəti həm milli, həm də ümumbəşəri anlam daşıyır; lakin Kəlbəcərin mədəniyyət xəritəsini yalnız daş abidələrlə tamamlamaq mümkün olmur. Onun daha bir böyük sərvəti söz yaddaşıdır.

Kəlbəcər Azərbaycan ozan-aşıq sənətinin, el şeirinin, saz-söz ənənəsinin qüdrətli ün­vanlarındandır. Ağdabanlı Qurbanın, Dədə Şəmşirin və bu mənəvi məktəbin başqa nüma­yən­dələrinin yaradıcılığı Kəlbəcərin təbiəti ilə insan ruhu arasında yaranmış bənzərsiz ahəngin ifadəsidir.

Dədə Şəmşirin poeziyasında dağ insanın mənəvi ucalığına, sədaqətinə, təbiətlə doğma­lığına işarədir. Onun söz dünyasında el hikməti ilə fərdi poetik duyum bir-birini tamamlayır. Saz da burada musiqi aləti olmaqdan daha böyük anlam qazanaraq nəsillərarası mənəvi ünsiyyətin, tarixi yaddaşın və estetik tərbiyənin daşıyıcısına çevrilir.

Kəlbəcər ədəbi mühitinin özünəxaslığı ondadır ki, burada sözün təbiətlə münasibəti çölləmə bənzətmə səviyyəsində qalmır; təbiət insanın xarakterinə, insanın xarakteri isə sözün biçiminə təsir göstərir. Sanki dağların sərtliyi ifadəyə vüqar, bulaqların duruluğu duyğuya saflıq, yaylaqların genişliyi düşüncəyə üfüq verir... Beləcə, Kəlbəcər poeziyasında coğrafiya mənəviyyata çevrilir.

1993-cü ilin aprelində Kəlbəcərin işğalı bu zəngin mədəni mühitin təbii inkişafına ağır zərbə vurdu. İnsanlar yalnız evlərindən, bağlarından, ata-baba ocaqlarından ayrılmadı; onlar gündəlik yaşamlarının mədəni mühitindən – el məclislərindən, yaylaq görüşlərindən, kənd bayramlaşmalarından, məhəlli adətlərdən, nəsillərlə formalaşmış ictimai münasibətlərdən də məhrum oldu... Bax, bu, məcburi köçkünlüyün çox zaman statistik göstəricilərin arxasında görünməyən tərəfidir.

İnsan evini başqa yerdə qura, peşəsini davam etdirə, yeni sosial mühitə uyğunlaşa bilər; ancaq doğma yurdun təbii və mənəvi çevrəsini olduğu kimi başqa məkana köçürmək mümkün deyil... Bununla belə, kəlbəcərlilər yaddaşı özləri ilə apardı. Sazını, sözünü, el gələnəklərini, yer-yurd adlarını, nəsil şəcərələrini, doğma kəndlərin xatirəsini yaşatdı kəlbəcərlilər. Məcburi köçkünlük illərində mədəniyyət həm yaradıcılıq sahəsi, həm də mənəvi dirəniş və kimliyi qoruma vasitəsi idi.

Ağdaban faciəsi, tarixi-mədəni irsin dağıdılması, kitabxanaların, məktəblərin, mədə­niy­yət ocaqlarının itirilməsi həmin dönəmin ağır qara yaddaş səhifələridir. Bu itkilərin bəlgə­ləşdirilməsi, elmi araşdırılması və gələcək nəsillərə çatdırılması tarixi ədalətin mənəvi ölçülərindəndir. Burada bir fərqi də görməliyik – dağıdılmış binanı yenidən tikmək olar, ancaq itirilmiş əlyazmanı, unudulmuş el havasını, yaddaşlardan silinmiş yerli ifadəni, dünyadan köçmüş bir sənətkarın söyləmədiyi son sözü geri qaytarmaq olmur da olmur..! Ona görə də mədəni irsin bərpası tikinti-quruculuq işlərindən daha geniş və daha həssas yanaşma tələb edir.

2020-ci il noyabrın 25-də Kəlbəcərin qurtuluşu bu mənəvi tarixdə yeni səhifə açdı. Doğma torpağa qayıdış imkanı yarandı. Ancaq qayıdışın ən dərin anlamı insanla məkan arasında qırılmış gündəlik münasibətlərin yenidən qurulmasındadır.

Bir vaxtlar Kəlbəcərdə doğulmuş, lakin ömrünün böyük hissəsini yurd həsrəti ilə keçirmiş insanın öz evinə dönməsi ilə Kəlbəcəri yalnız ata-anasının anılarından tanıyan gəncin ilk dəfə bu torpağa ayaq basması eyni hadisənin iki fərqli mənəvi təzahürüdür. – Birincisi yad­daşına qovuşur, ikincisi yaddaşını gerçək coğrafiya ilə tanış edir. – Böyük Qayıdışın mədəni-humanitar mahiyyəti məhz bu iki təcrübənin qovuşmasındadır.

Yeni Kəlbəcər qurularkən çağdaş şəhərsalma prinsipləri ilə tarixi-mədəni özünəxaslığın uzlaşdırılması başlıca vəzifələrdən olmalıdır; şəhər yalnız binaların, yolların və bağlantılar toplusu kimi götürülməməlidir; şəhərin ruhu onun ictimai məkanlarında, mədəniyyət, təhsil ocaqlarında, insanların gündəlik münasibətlərində və ortaq yaddaşında formalaşır.

Kəlbəcərin 2040-cı ilədək inkişafına dair Baş planda məktəblərin, uşaq bağçalarının, səhiyyə, reabilitasiya müəssisələrinin, İşğal və Zəfər muzeylərinin nəzərdə tutulması bu baxımdan mox önəmlidir. Bəli, gələcəyin Kəlbəcəri geniş mədəni baxışı haqq edir.

Burada Dədə Şəmşir irsinin sistemli tədqiqi və təbliği, aşıq sənəti gələnəklərinin yeni nəsillərə ötürülməsi, yerli folklor örnəklərinin toplanması, şifahi tarix arxivlərinin yaradılması, qədim toponimlərin elmi araşdırılması, maddi, qeyri-maddi mədəni irsin rəqəmsallaşdırılması mühüm istiqamətlər ola bilər.

Kəlbəcərin mədəni yaşamında kitabxana və muzeylə yanaşı, özünəxas yeri olacaq ya­radıcı emalatxanaların, ədəbi məclislərin, saz-söz festivallarının, etnoqrafik, ekoloji maarif­lən­dirmə proqramlarının yalnız keçmişi xatırlatmaq məqsədi daşımayacağı aydındır. – Onlar yeni yaradıcılıq mühitinin, mədəni sahibkarlığın, gənclərin yaradıcı özünüifadəsinin və bölgə­lər­arası humanitar əlaqələrin inkişafına xidmət etməlidir.

Özəlliklə Kəlbəcərin təbiət və mədəniyyət potensialının birgə tanıtımı yeni imkanlar çağırır. Dağ turizmi, sağlamlıq turizmi, etnoqrafik marşrutlar, sənətkarlıq, yerli mətbəx, saz-söz məclisləri və kənd yaşamının özünəxas gələnəkləri bir-birini tamamlayan mədəni-iqtisadi sahələrə çevrilə bilər. Əlbəttə, Kəlbəcərin təbiəti, mədəniyyəti yalnız kommersiya resursu kimi götürülməyəcək, qorunmalı mənəvi və ekoloji dəyər kimi qəbul ediləcəkdir. Örnək versək, da­ğın gözəlliyini qorumaq onun iqtisadi potensialından istifadə etmək qədər, bəlkə daha böyük məsuliyyətdir. Çün təbiət zədələnəndə dəyişən yalnız landşaft olmur – həmin təbiətlə bağlı yaranmış mədəni yaddaşın canlı mühiti də zəifləyir.

Yeni Kəlbəcərin quruculuğunda insan amili bütün başqa məsələlərin üstündə dayan­malıdır.

Uşağın doğma şəhərində ilk məktəb gününə başlaması, müəllimin yenidən öz yurdunda dərs deməsi, sənətkarın emalatxanasını açması, ağsaqqalın kənd meydanında el söhbətinə qa­tılması, gəncin burada öz gələcəyini görməsi – bütün bunlar qayıdışın humanitar göstəri­ciləridir. Yəni Kəlbəcərin bərpası həm də nəsillərarası mənəvi varisliyin bərpasıdır.

Bir zamanlar baba nəvəsinə Kəlbəcəri anılarında təsvir edirdisə, indi həmin nəvə o anıların məkanında yeni həyat qurmaq imkanı qazanır. Beləliklə, keçmişlə gələcək arasında canlı mənəvi körpü yaranır.

Kəlbəcərin dirçəlişi Azərbaycan mədəniyyətinin ümumi inkişafı üçün də yeni imkanlar açır. Burada yaranacaq mədəni mühit ölkənin digər bölgələri, Türk dünyasının ədəbi-mədəni çevrələri və beynəlxalq humanitar işbirliyi üçün maraqlı yaradıcılıq ünvanına çevrilə bilər.

Azərbaycanın mədəni diplomatiyasında Kəlbəcərin öz yeri olmalıdır. Kəlbəcər işğal fəsad­larının dünyaya çatdırılmasından savayı Azərbaycanın bərpa, mədəni irsə münasibət, eko­loji məsuliyyət, sülh ortamında yaradıcı həyat qurmaq təcrübəsinin tanıtımını da əhatə və ifadə etmə­lidir. – Mədəniyyətin ən böyük imkanlarından biri tarixi ağrını gələcəyə yönəlmiş yaradıcı ener­jiyə çevirmək deyilmi? – 25 Noyabrın anlamı da bax, burada daha aydın görünür. – Bu gün torpağın qurtuluşuna sevinmək günü olmaqdan başqa, həmin torpaqda yüzillər uzunu yaranmış mədəniyyətin, insan münasibətlərinin və mənəvi dəyərlərin gələcəyi haqqında düşünmək gü­nüdür.

Kəlbəcərin dağları yerindədir, bulaqları axır, qayaları minilliklərin izlərini qoruyur. İndi bu qədim coğrafiyada yeni nəsillərin səsi, yeni məktəblərin zəngi, yeni poeziyanın nəfəsi eşi­dilməyi haqq edir.

Dədə Şəmşirin sözünün doğulduğu mühitdə yeni şairlər yetişməli, sazın səsi yeni ocaq­larda ucalmalı, qədim daşların yaddaşı çağdaş elmin dili ilə oxunmalı, təbiətin gözəlliyi insanın ləyaqətli yaşayışı ilə tamamlanmalıdır.

Kəlbəcərin azadlığı tarixi ədalətin təntənəsidir; Kəlbəcərin mənəvi dirçəlişi isə həmin ədalətin gələcək nəsillərin yaşamında davam etməsidir. – Vətən yalnız yiyə çıxdığımız torpaq olmaqdan daha çox, o torpaqda yaşatdığımız yaddaş, yaratdığımız mədəniyyət və gələcəyə ötürdüyümüz mənəvi əmanətdir. Kəlbəcər bu əmanətin uca ünvanlarından biridir.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

DÖVLƏTİMİZ ZAVAL GÖRMƏSİN!


MANŞET XƏBƏRLƏRİ