Deputat Siyavuş Novruzov Milli Məclisin plenar iclasında səsləndirdiyi “Məmura rüşvət təklif etməsən, haradan alacaq? Rüşvət təklif edən tərəfə düzgün yolu göstərməliyik ki, fərasətsiz, təhsili olmayan övladını hədiyyələr və ya digər vasitələrlə işə cəlb etməsin. Bu, dövlətə də ziyandır” ifadələri sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Rüşvət alanın, yoxsa verənin daha çox günahkar olduğu müzakirə olunur.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, rüşvət alanların sayı ilə rüşvət vermək istəyənlərin sayına baxmaq lazımdır.
O deyib ki, Siyavuş Novruzovun hər zaman belə orijinal fikirləri olur: “Amma bir şeyi nəzərə almaq lazımdır. Təsəvvür etsək ki, cəmiyyətin hamısı rüşvət vermək istəyir, nəyə görəsə öz pulundan imtina etmək istəyir, onların sayı milyonlarladır... Amma məmurlar sayılıdır, yüzlərlə, minlərlədir. Biz kimi daha tez öyrədə bilərik? Rüşvət verməsin deyə insanları, yoxsa maksimum bir neçə yüz və ya min nəfərlə hesablana biləcək məmurumu? Burada çox ciddi fəlsəfi seçim etmək lazımdır. Yəni ona görə də insanlar rüşvəti nəyə görə verdiklərinə baxmaq lazımdır. Adi vaxtda insan öz vəsaitindən niyə imtina etsin ki? Niyə rüşvət verməyi təklif etsin ki? Bu suallara cavab tapanda Siyavuş müəllimin yanaşmasının fərqli olduğunu görürük. Bu, belə deyil. İnsanlar rüşvəti ona görə verir ki, işi düzəlsin, hansısa bir problemi həll olunsun. O problemi həll etməyən, işini düzəltməyən isə məmurdur. Deməli, məmurların mentalitetini, yanaşmasını, davranışını dəyişmək daha doğrudur”.