Xərçəngdən əvvəl orqanizimdə baş verən dəyişikliklər…


Xərçəngin inkişafı ilk simptomlar üzə çıxmazdan xeyli əvvəl başlaya bilər.

Bu proses zamanı hüceyrələrdə tədricən dəyişikliklər toplanır və həmin dəyişikliklər illərlə, hətta onilliklərlə davam edə bilər.

Turkustan.az “RT”ə istinadən xəbər verir ki, bunu onkoloq, tibb elmləri doktoru Anastasiya Fatyanova bildirib.

Onun sözlərinə görə, hüceyrələrə tütün tüstüsü, radiasiya, kimyəvi maddələr və infeksiyalar kimi xarici amillər, eləcə də hüceyrə bölünməsi zamanı yaranan səhvlər və oksidləşdirici stress kimi daxili proseslər təsir göstərir.

Həkim qeyd edib ki, orqanizm əksər hallarda zədələnmiş hüceyrələri bərpa edir və ya məhv edir:

“Lakin zərərli təsirlər uzun müddət davam etdikdə bəzi hüceyrələrdə dəyişikliklər baş verir və onların nəzarətsiz çoxalma ehtimalı artır”.

O bildirib ki, şiş yaranmazdan əvvəl toxumalarda xərçəngönü dəyişikliklər də müşahidə oluna bilər:

“Bunlara displaziya, metaplaziya və xroniki iltihab daxildir. Belə proseslər uşaqlıq boynunun və mədənin selikli qişasında, siqaret çəkənlərin bronxlarında, eləcə də xroniki hepatit zamanı qaraciyərdə baş verə bilər”.

Onkoloq vurğulayıb ki, xərçəngönü dəyişikliklərin aşkarlanması mütləq xərçəng yaranacağı demək deyil:

“Lakin bu hallar xəstəliyin inkişaf riskinin artdığını və tibbi nəzarətin vacibliyini göstərə bilər”.

Anastasiya Fatyanova xərçəng riskini azaltmaq üçün siqaretdən imtina etməyi, xərçənglə əlaqəli viruslara qarşı peyvənd olunmağı, xroniki iltihabi xəstəlikləri nəzarətdə saxlamağı və mütəmadi tibbi müayinələrdən keçməyi tövsiyə edib.

Qeyd edək ki, daha əvvəl Primorsk diyarı Səhiyyə Nazirliyinin baş onkoloqu Elvira Tokareva uzun müddət davam edən iltihabın mümkün səbəblərini açıqlamışdı. /Cebheinfo.az/


MANŞET XƏBƏRLƏRİ